Delyagin Jirinovskinin yerini tutmaq istəyir
30 Mart 2022 13:04 SiyasətAzərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq cəhdi Delyagin kimi naşı siyasilərin bacaracağı iş deyil
Rusiya Dövlət Dumasının İqtisadi siyasət üzrə Komitəsinin sədr müavini, deputat Mixail Delyaginin rəsmi Bakını təhdid edən açıqlaması Moskva ilə Bakı arasında münasibətlərə zərbə vurmaq cəhdidir. Həmçinin bu açıqlama bir müddət əvvəl Moskvada Azərbaycan və Rusiya prezidentlərinin imzalamış olduğu müttəfiqlik sazişinə qarşı təxribatdır.
Zaman-zaman Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmaq cəhdləri müşahidə edilib və Delyaginin açıqlaması da onlardan biridir. Heç kimə sirr deyil ki, Rusiyanın ayrı-ayrı dövlət qurumlarında erməni maraqlarına xidmət edən və Azərbaycanı sevməyən şəxslər təmsil olunur. Onlar da zaman düşdükcə erməni maraqlarından çıxış edərək Bakı ilə Moskva arasında münasibətlərə zərbə vurmağa çalışırlar.
Delyagin bir siyasətçi kimi yaxın tarixdən də məlumatsızdır. Əks təqdirdə o, Bakının neft buruqlarına zərbə endirmək kimi sərsəm bəyanat səsləndirməzdi. Delyagin yaxın taixi bilsəydi, anlayardı ki, İkinci Dünya müharibəsi zamanı Bakı nefti keçmiş SSRİ-nin Hitler Almaniyası üzərində qələbə əldə etməsində nə dərəcədə mühüm rol oynayıb. Görünür ki, Delyagin Rusiya siyasi cameəsinə təsadüfi düşən adamlardandır.
Mixail Delyagin açıq-aşkar özünü Jirinovski kimi aparır. Görünür Delyagin Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin yerini tutmaq istəyir.
Rusiyalı deputatın Bakını təhdid edən açıqlaması ilə eyni ərəfədə Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin aktivləşməsi və Rusiya Müdafiə Nazirliyi, eləcə də Qarabağda yerləşdirilən rus sülhməramlılarının öz missiyalarına uyğun deyil, erməni separatçılarının maraqlarına xidmət edən fəaliyyətlər ortaya qoyması da təsadüfi deyil və bütün bu proseslər eyni mərkəzdən idarə olunur. Ancaq ümumilikdə heç bir halda hansısa şəxs və qüvvə Azərbaycanı öz yolundan döndərə bilməyəcək. Eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq cəhdi Delyagin kimi naşı siyasilərin bacaracağı iş deyil.
Füzuli