Milli Vəhdət Partiyasının (MVP) 31 Mart-Azərbaycanlıların Soyqırım Günü ilə bağlı BƏYANATI
30 Mart 2022 11:30 Siyasət"Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün hazırlanmış senariyə uyğun olaraq azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisəsindən 104 il keçir. 1918-ci ilin mart ayının sonlarında bütün ölkə boyu həyata keçirilən bu soyqırımın əsas məqsədi və hədəfi azərbaycanlıları tamamilə məhv etmək, Azərbaycanı isə daşnakların idarəçiliyinə vermək idi. Elə buna görə də paytaxt Bakı daxil olmaqla Azərbaycanın bir çox əyalətlərində həyata keçirilən bu soyqırım zamanı erməni daşnakları 7-dən 70-ə hər kəsi öldürür, sözün həqiqi mənasında Azərbaycanda soyqırım həyata keçirirdilər.
1918-ci ilin mart ayında yaşanan olaylar XX əsrin əvvəllərində azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım olmaqla yanaşı bəşəriyyətə, insanlıq əleyhinə yönəlmiş ən ağır cinayət idi. Silahlı erməni birləşmələrinin Azərbaycanın şəhər və rayonlarında yaşayan etnik xalqların nümayəndələrini soyqırıma məruz qoyması bunu təsdiq edir. Quba Soyqırımı Memorial Kompleksi və orada aşkar edilən kütləvi məzarlıqlar 31 mart soyqırımının dəhşətlərini ortaya qoyur.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın tarixinə qanlı səhifə kimi yazılan 31 mart soyqırımını uzun illər planlı şəkildə xalqın yaddaşından unutdurmağa çalışıblar. Bu qanlı hadisə və xalqımızın başına gətirilən soyqırıma yalnız ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etməsindən sonra lazımı qiymət verilib. Belə ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı qeyd etmək məqsədi ilə Fərman imzalayıb və bu Fərmanla həmin tarixdən etibarən 31 mart "Azərbaycanlıların Soyqırım Günü" kimi qeyd edilib.
Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlaya bilib, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirib. Ən əsası xalq-rəhbər birliyi, vəhdəti ilə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail olub. Bu birlik, vəhdət nəticə etibarilə 2020-ci ilin sentyabr ayının 27-də başlanmış və cəmi 44 gün davam edən hərbi əməliyyatlarla 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın azadlığına və ərazi bütövlüyümüzün bərpasına yol açdı. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının qurbanlarının əziz xatirəsini yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Çünki Qəhrəman ordumuz tarixən xalqımıza qarşı törədilən soyqırımların qisasını aldı.