31 mart soyqırımı-insanlıq əleyhinə törədilmiş cinayət
29 Mart 2022 13:19 SiyasətAzərbaycan tarixində baş vermiş daha bir qanlı günlərinin ildönümü ərəfəsindədir. Söhbət 104 il əvvəl Azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımdan gedir. 1918-ci ilin mart ayının sonlarında erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım nəticəsində on minlərlə insanımız qətlə yetirildi, qeyri-insani davranışlarla, vəhşiliklərlə qarşılaşdı. Təkcə Bakı şəhəri deyil, eləcə də Azərbaycanın müxtəlif bölgələri, Şamaxı, Quba, Göyçay mahallarını əhatə edən bu soyqırım XX əsrdə insanlıq əleyhinə həyata keçirilən ən qəddar cinayət, soyqırım kimi xarakterizə edilir.
Təsadüfi deyil ki, bunu təkcə azərbaycanlı tədqiqatçılar, araşdırmaçılar, tarixçilər demir. Eyni zamanda dünyanın bir çox tanınmş araşdırmaçıları, tarixçiləri açıq şəkildə ifadə edirlər ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.
Ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Bakıda bir həftə ərzində 12 mindən çox insan, vəhşicəsinə qətlə yetirilib. Azərbaycanlıların soyqırımı təkcə Bakı və Şamaxıda deyil, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
31 mart azərbaycanlılarının soyqırımı həm də erməni daşnaklarının ümumilikdə bəşəriyyət əleyhinə törətdikləri ən ağır cinayət idi. Belə ki, erməni terrorçuları ümumilikdə bütün ölkəni əhatə edən bir neçə günlük cinayət əməlləri ilə on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.
Ermənilərin 104 il əvvəl azərbaycanlılara, ümumilikdə insanlıq əleyhinə törətmiş olduqları soyqırımın ən bariz nümunəsi, əyani sübutu Qubadakı Memorial Konpleksdir. Müstəqillik illərində aparılan geniş tədqiqatlar və araşdırmalardan sonra Qubada belə bir kütləvi məzarlığın aşkar edilməsi sözügedən soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətimizi də sürətləndirmiş oldu. Bu mənada ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı da xüsusi qeyd edilməlidir. Həmin tarixi Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Məhz dünyanın bu soyqırıma göz yumması və erməni cinayətlərinə belə demək mümkünsə şərik çıxması mənfiur qonşularımızı XX əsrin 90-cı illərində Azərbaycan xalqına qarşı daha bir soyqırım törətməyə sövq etdi və 1992-ci il, fevral ayının 26-da Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı növbəti soyqırım aktı həyata keçirildi. Təəssüflə qeyd etmək lazımdır ki, nə 31 mart azərbaycanlıların sopyqırımı, nə də Xocalı soyqırımına görə sivil, müasir dünya bu günə qədər Ermənistanı cəzalandırmayıb. Cəzasızlıq mühiti isə erməniləri hər əsrdə bir neçə dəfə bu tipli insanlıq əleyhinə cinayətlər törətməyə sövq edir.
Füzuli