Türkiyə mühüm missiya ərəfəsində
17 Mart 2022 11:57 SiyasətBu Ankaranın beynəlxalq və regional gücünə əlavə güc qatmış olacaq
Rusiya-Ukrayna müharibəsi hər ötən gün daha da drammatik xarakter alaraq çoxsaylı insan tələfatına yol açdıqca, bu müharibənin qısa müddətdə dayandırılması, günahsız, dinc insan ölümünün qarşısının alınması istiqamətində də beynəlxalq təşəbbüslər artır, sürətlənir. Düzdür, Qərbdən, Avropadan edilən sülh çağırışları, müharibənin dayandırılması mesajında o qədər də effektiv görünmür. Çünki Rusiya-Ukrayna müharibəsinin baş verməsində Rusiya kimi elə bir o qədər də Qərb, Avropa günahkardır və dinc insanların ölümündə onlar məsuliyyət daşıyırlar. Ona görə də Avropadan, Qərbdən edilən bu kimi təşəbbüslər qeyri-ciddi qarşılanır.
Bu arada qardaş Türkiyə də müharibə başlayan ilk gündən tərəfləri bir araya gətirmək, onlar arasında vasitəçi olmaq üçün diplomatik səylər göstərir. Hətta rəsmi Ankara Rusiyanın Ukraynaya qarşı hücumu başlamadan əvvəl, iki ölkənin dövlət sərhədinə Rusiya Ordusu cəm edilən ərəfədə Moskva və Kiyevə vasitəçilik təklif etmiş, onları savaşa deyil, müzakirə masasına dəvət etmişdi. Təəssüflər olsun ki, həmin ərəfədə nə Kiyev, nə də Moskva Ankaranın təşıbbüsündən yana çıxış etmədi.
Hazırda da Türkiyə Rusiya-Ukrayna böhranı, savaşının dayandırılması üçün diplomatik fəaliyyətdədir. Bir neçə gün əvvəl Ankaranın təşəbbüsü və vasitəçiliyi ilə Antalya Diplomatiya Forumunda iştirak edən Rusiya və Ukraynanın xarici siyasət rəhbərlərinin görüşü, ötən gün qardaş ölkənin xarici işlər naziri Mevlut Çavuşoğlunun Rusiya Federasiyasına səfəri və rusiyalı həmkarı Lavrovla görüşdə əsas müzakirə mövzusunun Ukraynada müharibənin dayandırılması, həmçinin iki ölkə prezidentlərinin görüşünün təşkil edilməsi olması deyilınlərin sübutudur. Burada diqqət çəkən və təqdir olunan məqam ondan ibarətdir ki, hər iki ölkə Türkiyənin vasitəçiliyi ilə görüşün keçirilməsini məqbul sayır.
Elə Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov da bu qənaətdədir. Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Çavuşoğlunun Moskvada keçirdiyi görüş və görüşdən çıxan nəticə belə deməyə əsas verir: "Bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrovun birlikdə keçirdiyi mətbuat konfransı maraqlı açıqlamalarla yadda qalıb. Belə ki, tərəflərdən hər ikisi prezidentlər Vladimir Putinlə Vladimir Zelenskinin görüşünün mümkünlüyünü ifadə ediblər. Çavuşoğlu deyib ki, liderlər səviyyəsində qəbul olunası qərarlar var: "Rəsmi Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin üçtərəfli görüşünü təşkil etmək istəyir. Amma vacib olan müzakirənin harada keçiriləcəyi deyil. Əsas məsələ müzakirənin başlanmasıdır". Lavrov isə vurğulayıb ki, bunun üçün əngəl yoxdur: "Əsas odur ki bu, görüş naminə görüş olmasın".
Ekspertin sözlərinə görə, proqnozlaşdırdığımız kimi, bu görüşdə liderlər səviyyəsində təmasların gündəmə gələcəyi gözlənilirdi: "Çünki bu, artıq zərurətə çevrilib. Müharibənin davam etməsi nə Kiyevin, nə Moskvanın ürəyincədir. Ankara isə vasitəçilikdə və daimi sülhə nail olmaqda israrlıdır. Yəqin ki, Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitri Kulebanın dünənki görüşündə də dövlət başçıları səviyyəsində təmaslar barədə fikir mübadiləsi aparılıb. Qarşıdakı günlərdə isə bu görüşün tarixi barədə razılaşma əldə oluna bilər".
Kənan Novruzov onu da deyib ki, tərəflərin tələb və təklifləri fərqlidir: "Lavrovun səsləndirdiyi "Bu görüş görüş xətrinə olmasın" fikri də dediyimiz məqamı təsdiqləyir. Amma reallıqlar başqadır. Hazırkı şərait Rusiyanın öz ambisiyalarını həyata keçirmək üçün münbit deyil. Bunu Moskvada da başa düşənlər var. Odur ki, Kreml konsensusda maraqlıdır".
Ekspert hesab edir ki, Türkiyə və Rusiya xarici siyasət rəhbərlərinin görüşündən sonra Rəcəb Tayyib Ərdoğanın Putin və Zelenski ilə telefonla danışması mümkündür: "Bundan sonra isə prezidentlər səviyyəsində üçtərəfli görüş barədə daha qəti və konkret bəyanatlar səsləndirilə bilər. Bütün hallarda, belə bir görüşün baş tutması ehtimalı az deyil. Və bu görüşdən sonra proseslərin hansı məcrada inkişaf edəcəyi aydın olacaq".
Göründüyü kimi, Türkiyə sülhpərvərliyi, dünyada, regionda barış istəyi ilə daha bir mühüm missiyanı həyata keçirmək ərəfəsindədir. Əgər Rusiya-Ukrayna liderlərinin görüşü baş tutsa və tərəflər problemi danışıqlar yolu ilə həll edə bilsələr, o halda bu vəziyyət Türkiyənin beynəlxalq və regional gücünə əlavə güc qatmış olacaq.
Füzuli