Rusiya-Ukrayna müharibəsi: dünya ölkələrini nə gözləyir?
17 Mart 2022 12:18 Siyasət"Türkiyə Qərbin idarəsindən uzaq bir şəkildə Rusiya-Ukrayna münaqişəsində balansı qorumağa davam edir"
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib. O, münaqişəyə qarşı region dövlətlərinin siyasətini qiymətləndirib:

"Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi işğal siyasəti təbii olaraq birmənalı qarılanmır. Tək Rusiya ilə strateji savaşda olan Qərbi Avropa ölkələri və ABŞ deyil, Rusiya ilə normal əlaqələrə sahib Türkiyə, Çin, İran və Ərəb ölkələrində də bu işğala haqq qazandırılmır. Eyni zamanda deməliyik ki, işğala qədər Qərb və ABŞ özü də Rusiya ilə qarşılıqlı əlaqələrdə və münasibətlər normal müstəvidə davam edirdi.
Digər tərəfdən, Rusiyanın gözlənilməz hücum qərarı Qərb və ABŞ dairələri tərəfindən açıq şəkildə qınandı və ağır sanksiyalarla üzləşdi. Türkiyə, Çin, İran, Ərəb dövlətləri kimi ölkələr sanksiyalara qoşulmasa da, heç bu ölkələr tərəfindən də Rusiyaya nə sözdə, nə əməldə dəstək görürük. Çünki hər kəs, həqiqəti görür və beynəlxalq hüququn əsas müddəalarına qarşı hərəkət edən işğal və təcavüz siyasətinin fərqindədir.
Coğrafi baxımdan Avropa Rusiya ilə sərhəddir və Qərb Avropanın sərhədlərində olan Rusiya kimi güclü ölkənin anidən təcavüzkara çevrilməsini öz gələcəyi və milli maraqları üçün təhlükə olaraq qəbul edir. Ukraynanın istilasına ciddi cavab verilməsə, Rusiyanın sonrakı hədəfini müəyyən etmək qeyri-mümkün olacaq və kimsə bu təhlükədən sığortalanmayıb. Rusiyanın nüvə dövləti olması problemin Avropa üçün bir digər əsas tərəfidir. Sərhədlərində nüvə müharibəsi təhlükəsi ilə üz-üzə qalan Avropa indi çalışır ki, bu təhlükəni maksimum az zərərlə neytrallaşdırsın, yaxud məhv etsin.
ABŞ-ın məsələyə baxış bucağı Avropa ilə üst-üstə düşür. Ancaq ABŞ üçün fərqli bir məqam daha var. ABŞ fərqindədir ki, Rusiya, daha doğrusu Putin ABŞ-ın təkqütblü dünya qurmasını həzm etmir və dünyanın söz sahibliyini ABŞ-dan almağa çalışır. Bu nə qədər mümkündür, fərdlərə görə fikirlər dəyişə bilər. Ancaq dövlətlərin bütün sahələrdə müqayisəsi göstərir ki, Rusiya hər sahədə ABŞ-dan geridədir, deyərdim məğlubdur. Rusiya diplomatik yolla bu üstünlüyü ələ ala bilməyəcəyinin fərqindədir və bu səbəbdən təcavüzkarlıq son yol olaraq qəbul edildi...
Türkiyə isə, Rusiyanın Ukraynaya təcavüzündən bu günə qədər balansı qorumağa davam edir. Ancaq fikir verənlər görər ki, Türkiyə balansı qorumağa davam etməklə yanaşı, Qərbin idarəsindən uzaq şəkildə Ukraynaya qələbə qazanması, ən azından məğlub olmaması üçün dəstək verməkdədir. Bu addım isə, tamamilə Türkiyənin öz milli maraqlarının təcəssümüdür. Türkiyə Ukraynaya dəstəyini Qərbin istəyi üzərinə etmiş olsaydı, öz milli maraqlarının təminatını sual altında qoymuş olardı. Ancaq Rusiya ilə balansı qorumaq üçün Ukraynanın istilasına göz yumması da Türkiyənin bütün bölgəsəl maraqlarını ciddi zədə altına atmış olardı. Bilirik ki, Rusiyanın məqsədi Ukraynanı Qara dənizdə neytrallaşdırmaq, Krımın ihlaqını qəbul etdirmək və Donetsk və Luqansk ərazilərində qurulan "dövləti" tanıtdırmaqdır. Ukrayna məğlub olarsa və Zelenski devrilib yerinə rusmeyilli bir fiqur iqtidara gətirilərsə, o halda bütün bu versiyalar reallaşa bilər. Bu zaman, Avropanın təhlükəsizliyi sual altına düşəcəyi kimi, Türkiyənin Qara dəniz və ümumiyyətlə bölgədəki bütün maraqları da iflas etmiş olar. Çünki hər şeydən əvvəl, Qara dəniz Rusiyanın təsir alanına çevriləcək...
Çin isə, avtoritar dövlət idarəetməsinə sahib olmasına baxmayaraq, dövlət idarəsində ABŞ-ın təcrübəsi istifadə edilir. Çin də, ABŞ kimi ölkədə ciddi beyin institutları yaradıb və dövlət əhəmiyyətli qərarlar əvvəlcə ciddi şəkildə tədqiq və təhlil edilir. Yəni Çin Rusiyaya dəstək vermirsə, bu hər şeydən əvvəl Çinin zəka ilə idarəsinin göstəricisidir. Çünki Çində anlayırlar ki, hər şeydən əvvəl iqtisadi faktorlar gəlir və Çinin Rusiyaya dəstək verməsi onun iqtisadi baxımdan ciddi yaralar almasına səbəb ola bilər. Unutmamalıyıq ki, Çin mallarının əsas bazarı elə Avropadır...
Razıyam, Avropa Çinə qarşı iqtisadi tədbirlər almağa başlasa, Rusiyaya qarşı olan tədbirlərdən daha ağır fəsadlarla qarşılaşacaq, ancaq yenə də real olan bir məsələ var ki, hazırda iqtisadi faktorlar Rusiya və Çinin sahib olduğu güc ilə nisbətdə Qərbdə daha sağlamdır. Yəni Çin iqtisadi müharibə ilə Qərbə ciddi zərər verə bilər, ancaq öz aldığı zərbələr daha yıxıcı olacaqdır. Həm də Çin hələlik dünyəvi məsələlərdə aktiv rol almır. Ağıllı davranır. Alt bazanı tam bərqərar etmədən, bütün sahələrdə Qərbi üstələmədən Qərbə qarşı başladacağı istənilən savaşı uduzacağını bilir. O səbəbdən, indi Çində Rusiya-Qərb qarşıdurmasına fürsət kimi baxdıqları daha məntiqli görünür. Onlar savaşır, zəifləyir, Çin isə öz işindədir...
İran və Ərəb dövlətlərinin isə, bu problemə daxil olamaları real görünmür. Əvvəla, onlar regional dövlətlər deyil, bölgədən coğrafi olaraq uzaqdırlar, həm də bu ölkələr dünya siyasətində söz sahibi deyillər. İkinci dünya ölkələridirlər və ikinci dünya ölkələri birinci dünya ölkələrinə qarşı o vaxt siyasi-diplomatik qarşılıq verə bilərlər ki, hər hansı bir məsələ ikinci dünya ölkələrinin ya sərhəddində, ya da ən azından geopolitik aidiyyəti olduğu məkanlarda yaşansın".
Əfsanə Kamal