Pişəvəri Hökumətinin yenidən bərpası GÜNDƏMDƏ

Güneylə bağlı araşdırma aparan ekspertlər nə düşünür?

Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinin yaranmasının növbəti ildönümü yaxınlaşır. 1945-ci ilin noyabr ayından 1946-cı ilin dekabr ayına qədər mövcud olmuş Milli Hökumətin ildönümü ərəfəsində hər il güneydə  siyasi canlanma özünü büruzə verir.  İran ətrafında baş verən proseslər, eləcə də regional hadisələr fonunda isə Pişəvərinin rəhbərlik etdiyi Milli Hökumətin yenidən bərpası, onun fəaliyyətinin təşkili kimi təşəbbüslər, fikirlər səslənməkdədir. Bəs görəsən bu təşəbbüsü reallaşdırmaq nə dərəcədə mümkündür və istər hüquqi, istərsə də beynəlxalq aspektdən Milli Hökumətin yenidən bərpa olunması məsələsini gündəmə gətirmək real görünürmü?

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz  "OLAYLAR"-a bildirib ki, sözügedən təşəbbüsü, Pişəvərinin rəhbərlik etdiyi Milli Hökumətin bərpası məsələsini dəfələrlə təkidlə bildirib, bu təşəbbüsü dəstəkləyib: "Mənə elə gəlir ki, bu məsələ ciddi şəkildə araşdırılmalı və müzakirə masasına çıxarılmalıdır. Çünki 1945-46-cı ildə Cənubi Azərbaycanda faktiki olaraq Milli Hökumət qurulub. Həmin hökumətin himni, gerbi, prezidenti, parlamenti, nazirləri, imzaladığı sənədləri, möhürü olub və bir ilə yaxın hökumıət fəaliyyət göstərib. Həmin hökumətin fəaliyyətinə İran şahlığının silahlı basqını, işğalı nəticəsində son qoyulub və həmin ərazi İran dövləti tərəfindən işğal edilib. Yəni ortada silahlı işğal faktoru var. Silahlı işğal və kütləvi soyqırımlar nəticəsində Pişəvəri Milli Hökuməti süquta uğradılıb. Deməli Cənubi Azərbaycanda xalqın sevə-sevə qurduğu Milli Hökuməti xarici qüvvə, şahlıq silahlı işğala məruz qoyub və Milli Hökumət sevgisini ürəyində daşıyan xalqı da kütləvi şəkildə soyqırıma məruz qoyub". Sayman Aruz deyib ki, bu məsələyə dünya ölkələrinin diqqətini cəlb etmək lazımdır. Onun sözlərinə görə, baş vermiş hadisələr o qədər də uzaq tarix deyil və günümüzdə cənubda Milli Hərəkatla məşğul olan insanların əlinə əsas verə bilər ki, tarixi bir daha araşdıraraq dünya birliyi, beynəlxalq təşkilatlar qarşısında tələb irəli sürsünlər. Bildirsinlər ki, Cənubi Azərbaycanda belə bir Milli Hökumət olub və xalq yenidən həmin hökumətin bərpasını, ərazilərinin işğaldan azad edilməsini tələb edir. Bu ciddi faktordur və hesab edirəm ki, bu məsələ gündəmə gətirilməli, xalqın istəyi nəzərə alınmalıdır. Bu həqiqətən də xalqın istəyi, xalqın tələbidir".

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) redaktoru, Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli  bildirib ki, Güney Azərbaycan milli oyanış hərəkatı yüksələn xəttlə gedir. Onun sözlərinə görə, ötən əsrin 90-cı illərindən başlanmış proses artıq yeni mərhələyə keçid ərəfəsindədir: "Milli Hərəkatın ideyaları artıq Güney Azərbaycanın əksər mahallarına yayılıb. İran hakimiyyətinin şiə məzhəbinə əsaslanan dinçi siyasətinin, "irançılıq" ideyasına söykənən şovinizminin kəsəri azalıb. Artıq Güney bölgələrində, hətta Həmədanda, Tehranda yaşayan türklər belə milli kimliyini dərk edirlər. Güneydə xüsusən ana dili hərəkatı və milli kimlik uğrunda mübarizə daha populyardır. Ailələr uşaqlarına türkçə adlar qoyur və son məhkəmə instansiyasına qədər getməkdən usanmır, rəsmi sənəd almağa nail olurlar. Ana dilində təhsil tələbi genişlənir və daha əzmlə səslənir". Elman Cəfərli onu da qeyd edib ki, Milli Hərəkatın daxildə siyasi təşkilatlanması hələki mümkün görünmür: "Lakin xarici ölkələrdə-  Amerikada, Avropada, Avstraliyada onlarla Güney Azərbaycan təşkilatı fəaliyyət göstərir. Artıq bir zamanlar əsk cinahda dayanan Güney təşkilatları milli məsələdə vahid mövqedən çıxış edirlər. Məsələn, bu il Urmuda, Sulduzda radikal kürd qrupları ilə baş verən toqquşma və iyulun 24-də Təbrizdə keçirilən Xuzistana dəstək aksiyasından sonra Güney təşkilatları birgə bəyanat verdilər. Bu, olduqca yaxşı haldır. Fikrimcə, birlik tendensiyasını davam etdirmək lazımdır. Pişəvəri hökuməti tarixdir. Tarixdə baş vermiş hər hansı hadisəni təkrar etmək real görünmür. Pişəvəri hökuməti daha çox şimaldan təsirlənən və sol ideyalara dayanan bir qurum idi. Çağımızın tələbləri və siyasi çağırışları fərqlidir. Güney Azərbaycan adına qurulan hər hansı "mühacir höhuməti" və ya parlamenti milli demokratik təmayüllü və sağ mərkəzçi yönümlü olmalıdır". Yaradılacaq siyasi qurumun formasına gəlincə, Elman Cəfərli hesab edir ki, Güney Azərbaycan Parlamenti (GAP) ideyası daha ağlabatandır: "Öncə GAP yaradılmalıdır. Sosial şəbəkə dövründə yaşayırıq. Güney Azərbaycan əhalisi və dünyada yaşayan güney azərbaycanlılar arasında virtual toplantı-Böyük Xalq Qurultayı keçirib təmsilçi qurum yaratmaq olar. Bu qurum 5 illiyə dövləti olmayan 35 milyonluq Güney Azərbaycan toplumunu təmsil edə bilər. Parlamentə virtual səsvermə ilə 125 və ya 150 siyasi fəal seçilir, onlar isə mühacir hökumətini formalaşdırır. Bu qurum Güney Azərbaycan toplumunu beynəlxalq təşkilatlarda təmsil edir. Bu qurum formalaşsa, bu, həm Güney, həm də Quzey Azərbaycan üçün faydalı olar. İran son 25 ildə Azərbaycanda şəbəkə formalaşdırıb. 44 günlük savaş və ondan sonrakı 1 il ərzində bu şəbəkə İrandan siqnal gözlədi. Çox yaxşı haldır ki, Azərbaycanın hüquq mühafizə orqanları İran agenturasını zərərsizləşdirməyə başlayıb. Biz paralel olaraq Güney Azərbaycanla da işləməliyik. Bunu dövlət qurumları edə bilməz və heç bunu ummuruq da. Lakin ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyəti, media bunu etməlidir və buna borcludur. İran 25 il çalışdı, gücü Hacı İlqar, Hacı Taleh, Elşən Xəzər və 3-4 nəfər də başqa ilahiyyatçı yetişdirdirməyə çatdı. Çünki İran ideologiyası Azərbaycan xalqına yaddır. Ancaq Güney Azərbaycanda yüzlərlə bizim kimi düşünən siyasi fəal var. Biz onlarla işləməliyik.  Güney Azərbaycan toplumu nə qədər siyasi cəhətdən yetkin olarsa, İranla gərginlik yaşayan Azərbaycan Respublikasının da əli güclü olar".

GünAz TV-nin redaktoru onu da qeyd edib ki, biz dünya ölkələrində yaşayan Güney azərbaycanlı fəallarla sıx işləməliyik: "Bakıda yaşayan güneylilərə vətəndaşlıq verilməlidir. Onların sosial şəraiti yaxşılaşdırılmalıdır. Azərbaycan universitetləri güneyli gənclərin üzünə açıqlamalıdır. Siyasi cəhətdən oyanmış Güney Azərbaycanı toplumu Tehran rejimi ilə aramızda sipər, qala rolunu oynayacaq".

Fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA-nın dosenti Faiq Ələkbərli isə deyib ki, Güney Azərbaycan Milli Hərəkatı son hadisələrdən sonra yeni bir mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, Güney Azərbaycan Milli Hərəkatının güclənməsi, yeni bir mərhələyə qədəm qoyması yalnız daxili proseslərlə bağlı deyil, eyni zamanda bir sıra xarici proseslər də ona təsir edir: "Bütün bunlar təbii ki, Milli Hökumət məsələsini də gündəmə gətirir. 1945-46-cı ildə Güney Azərbaycanda mövcud olmuş Milli Hökumətin bərpasının gündəmə gəlməsi normal bir haldır. Sadəcə Milli Hökumətin bərpası prosesində hansı istiqamətlərdə iş aparmaq və bunu dəqiqləşdirməyə ehtiyac var". Faiq Ələkbərli onu da diqqətə çatdırıb ki, Milli Hökumətin yenidən bərpası üçün president də var: "1945-ci ildə Milli Hökumət Güney Azərbaycanda özünü elan etmiş və özünün bütün sahələrdə strukturlarını yaratmışdı. Hətta BMT-nin də həmin ərəfədə ilk gündəm məsələsi bu olmuşdur. Ona görə də hesab edirəm ki, bu istiqamətdə iş aparıb Milli Hökumətin əsasında ortaya yeni bir şeylər qoymaq olar. Sadəcə bunu hərtərəfli formada öyrənmək lazımdır. Yəni həm hüquq, həm də digər aspektlərdə bütün incəlikləri nəzər almalıyıq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31