İranı Azərbaycan qarşısında geri çəkilməyə məcbur edən SƏBƏBLƏR

İran nəhayət ki, Azərbaycana qarşı haqsız, eyni zamanda qərəzli davrandığının, qonşuluq münasibətlərinə zidd mövqe ortaya qoyduğunun fərqinə vardı. Hər halda ötən gün Tehrandan açıqlanan bir məlumat belə deməyə əsas verir. Belə ki, İranın "Mehr" agentliyinin məlumatına görə, iranlı sürücülərin və bu ölkə vətəndaşlarının Ermənistan vasitəsi ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsinə və Laçın rayonlarına girişi qadağan edilib. İranın Yollar və Nəqliyyat Agentliyinin nəqliyyat şirkətlərinə göndərdiyi sənəddə bu qadağadan bəhs edilib. Sənədə əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması qadağandır. Hər zaman humanizm və normal qonşuluq münasibətlərinə üstünlük verən Azərbaycan isə Tehranın bu qırarına cavab olaraq növbəti dəfə humanizm nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edən iranlı sürücüləri öz ölkələrinə təhvil verdi. Bəziləri cərəyan edən proseslər fonunda hər iki ölkənin geri çəkildiyi qənaətindən çıxış etsə də, ancaq reallıq ondan ibarətdir ki, ilk addım məhz cənub qonşumuz tərəfindən atıldı və əslində belə də oolmalı idi. Çünki İran 44 günlük Vətən müharibəsindən sonra İsraili bəhanə gətirərək sözün həqiqi mənasında Azərbaycana qarşı qərəzli, ədalətsiz, həmçinin təhdid xarakteri daşıyan mövqe oirtaya qoymuşdu.  Hətta ölkənin birinci şəxsinin dilindən belə Azərbaycanı hədəf alan mesajlar səsləndirilmişdi. Ancaq sonda məhz geri addım atan da İran oldu. Çünki Tehran buna məcbur idi. Səbəbləri isə müxtəlifdir.

Birincisi, İranın İsrail hərbi elitasının, müsafiə sistemlərinin onun Azərbaycanla sərhəddə yerləşdirilməsi iddiası elə iddia edilən məkanda Azərbaycanın birinci şəxsi tərəfindən yalanlandı, təkzib edildi. Azərbaycan dövlət başçısı bir müddət əvvəl düşməndən azad edilmiş İranla sərhəd rayonlarımıza səfər edərkən açıq şəkildə bildirdi ki, Tehran Bakıya qarşı doğru arqumentlər ortaya qoymur.  Azərbaycan Prezidentinin qeyd etdiyi kimi bu gün texnologiya elə bir səviyyədə inkişaf edib ki, dünyanın istənilən nöqtəsində nə baş verdiyini peyk görüntüləri vasitəsilə müşahidə etmək mümkündür. Eləcə də İranın iddia etdiyi Azərbaycan ərazilərində İrasil hərbiyəsinin yerləşdirilməsi iddiasına həmin görüntülər vasitəsilə aydınlıq gətirmək olar. Bu İranı konkret fakt qarşısında qoymaq idi və Tehran irəli sürdüyü qərəzli iddianı bu yolla təsdiq və ya təkzib edə bilərdi. Ortada belə bir fakt olmadığı üçün təbii ki, irəli sürülən iddialar da təsdiqini tapmadı. Təkzibə gəlincə isə, Tehranın buna cəsarəti çatmadı. Əvəzində isə iranlı sürücülərin Ermənistan ərazisindən Qarabağa girişini qadağan etdi. Bu öz-özlüyündə İranın Azərbaycan qarşısında geri çəkilməsi idi.

İranın Azərbaycan qarşısında geri çəkilməsinin digər bir mühüm məqamı iqtisadi amillə əlaqədardır. Tehran ümid edirdi ki, İsraili bəhanə edərək Zəngəzur dəhlizinə qarşı çıxması  və ortaya sərt mövqe qoymasını Moskva da dolayı yolla dəstəkləyəcək. Ancaq Tehranın ümidləri özünü heç də doğrultmadı. Nəinki Rusiya, heç uzun illərdir yardım etdiyi Ermənistan belə bu mənasız mübarizədə İranı Azərbaycan qarşısında tək qoydu. İranın hava məkanından tətbiq etdiyi bəzi qadağalara cavab olaraq Azərbaycan təyyarələrinin Ermənistan səmasından istifadə edərək Naxçıvana uçuş həyata keçirməsi İran üçün soyuq duş effekti yaratdı. Bunun üzərinə iranlı sürücülərin özlərinin belə sərhəddə üzləşdikləri çətinliklərə görə Tehranı qinaması, öz etirazlarını bildrməsi nəticə etibarilə İranı Azərbaycan qarşısında geri çəkilmək zorunda buraxdı. Ən vacib məqam, İran başbilənlərinə aydın şəkildə bəlli oldu ki, Azərbaycana, Zəngəzur dəhlizinə qarşı çıxmaq onsuz da ağır iqtisadi vəziyyətdə olan İranın durumunu daha da drammatikləşdirəcək. Ona görə də Tehran üçün yeganə çıxış yolu regionda normal qonşuluq münasibətlərinə üstünlük verib Azərbaycanla əlaqələri inkişaf etdirməkdir. Çünki Tehran üçün əl əlverişli variant məhz budur. Əgər Tehran hikkəsindən tamamilə geri çəkilsə o zaman iki dövlət arasında ortaq layihələrə qayıtmaq mümkündür.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə məsələyə münasibətində qeyd edib ki, bununla  İran nəhayət ki, rəsmi olaraq, yük maşınlarının Laçın dəhlizindən keçməklə Qarabağa getməsi qadağasını elan edib: "Bu məsələ barədə İranın Beynəlxalq Daşımaları və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatı qərar imzalayıb. Qərarda bildirilir ki, İran vətəndaşları və eynilə, sürücülərinin Azərbaycan ərazisi olan Qarabağ və Laçın dəhlizinə girişi qadağan olunur. Qeyd edilir ki, Azərbaycan ərazi bütövlüyünə hörmət olunmalıdır və qərar, Ermənistanın ərazisindən Qarabağa gedən bütün İran vətəndaşına aiddir. Qərarda İranın özəl yükdaşıma şirkətlərinə də, qəti bildirilir ki, yük maşınlarına Qarabağa səfər etmək üçün sənəd verilməsi tam qanuna ziddir". İlqar Altayın sözlərinə görə, bununla İran özü rəsmi təsdiq etmiş olur ki, 30 il ərzində Azərbaycan ərazisinə qanunsuz giriş çıxış etməklə onun ərazi bütövlüyünü pozub, onun suverenliyinə qarşı kobud həqarət edib: "Bütün bu, dövlətlərarası sərhəd pozuntuları törətmə məsuliyyəti cavabdehliyi necə olacaq? Azərbaycan da bütün bu pozuntuları toparlayıb İranı iddia ilə, beynəlxalq məhkəməyə verə bilər".  

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31