İlham Məmmədov: “Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib”

Ölkəmizdə iqtisadi inkişaf nəticəsində sosial müavinətlərin həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir. Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib. İqtisadiyyatın sürətli inkişafı yoxsulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi kəskin şəkildə azalıb. Ümumiyyətlə, Azərbaycanda yoxsulluğun səviyyəsinin bir neçə dəfə aşağı düşməsi onu göstərir ki, sosial siyasət çox düzgün aparılır və iqtisadi imkanlar ən çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilib.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsi təmin edilmiş və həmin uğurlu missiyanın davamı olaraq şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəlikləri tamamilə silinməsi dövlətin bütün sferalarda olduğu kimi eynilə sosial istiqamətdə də öz vətəndaşına göstərdiyi xüsusi qayğının bariz nümunəsidir. Bununla yanaşı əvvəlki illərdə olduğu kimi 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil,fərdi evlə təmin ediləcək. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və  şəhid ailələrinin təminatına dəstək fondu ("YAŞAT" Fondu) Azərbaycan Respublikası Prezidentinin  8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Həmçinin YAŞAT" Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan portalın məqsədi Fonda müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək, ianə etmək imkanlarını daha da genişləndirməkdir.Bildiyimiz kimi, şəhid ailələrinin müavinəti 20 faiz artırılıb və ötən il insanların sosial problemlərinin həlli üçün bir neçə milyard manat vəsait xərclənib. Pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Xüsusilə qeyd etməliyəm ki, 2020-ci ildə Böyük Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsinin yaratdığı bəzi mənəvi-psixioloji gərginliklər,həmçinin qlobal pandemiya ilə bugün də yüksək səviyyədə mübarizə aparan ölkəmiz dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində dövrümüzün ən çətin sınaqlarından uğurla çıxmışdır.

İlham Məmmədov-Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31