"Ukrayna və Rusiya arasındakı gərginliyinin həlli üçün müəyyən tədbirlər həyata keçirilməsə, bu gərginlik müharibə ilə nəticələnə bilər"
10 Aprel 2021 10:05 SiyasətUkrayna xarici siyasətində gündəlikdə duran əsas məsələ Avro-Atlantika məkanına inteqrasiya və bu strukturlarda yer almaqdır.
Bu sözləri "Olaylar.az" saytına açıqlmasında politoloq İlyas Hüseynov deyib. Politoloq son günlər Ukrayna və Rusiya arasında davam edən gərginlikdən danışıb.
- Son dövrlər Rusiya və Ukrayna arasında gərginlik ən pik həddə çatıb. Hər iki tərəf də münaqişə olan bölgəyə böyük qüvvələr cəmləşdirir. Ukrayna öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmək üçün uzun müddətdir fəaliyyətdədir. Ukrayna heç vaxt öz ərazilərinin işğalı faktı ilə razılaşmır. İşğala son qoymaq, separatçı hərəkatların qarşısını almaq və bütün dünyada tanınmış sərhədləri daxilində öz idarəçiliyini qurmaq istiqamətində fəaliyyət həyata keçirir. Lakin postsovet məkanında geosiyasi arxitekturada müəyyən dəyişikliklər baş verir və Ukraynada bu dəyişiklikdə yer almaq, Avrasiya məkanında geosiyasi nizamın formalaşmasında iştirak etməyə çalışır. Bu iştirakçılıq ərazisində olan separatçı meyillərin qarşısını almaqla səciyyələnir. Buna görə də Ukrayna hərbi potensialını,döyüş qabiliyyətini artırmaq və bununla da separatçı rejimlərin fəaliyyətinə son qoymaq üçün davamlı olaraq səylər göstərir.
"Ukrayna xarici siyasətində gündəlikdə duran əsas məsələ Avro-Atlantika məkanına inteqrasiya və bu strukturlarda yer almaqdır"
Qərbin aparıcı qüvvəsi olan ABŞ və Ukrayna münasibətləri fonunda isə bu eskalasiyanı yaranması Ukrayna üçün Qərb insitutları arasında olan etimadı da göstərə bilər. Bizim müşahidələrimizə görə, ABŞ administrasiyası, demokratların təmsil olunduğu hakimiyyət Ukraynanı dəstəkləyir. Son günlər Zelenski və Bayden arasındakı telefon danışıqları, xarici işlər nazirlərinin müxtəlif danışıqları, eləcə də Pentaqon və Ukrayna müdafiə nazirlikləri arasındakı danışıqlar onu deməyə əsas verir ki, ABŞ Ukraynanın ərazi bütövlüyü məsələsində Ukraynanı dəstəkləyir. Digər tərəfdən ABŞ-nın Kiyevdəki səfirliyinin müdafiə atəşkəs nümayəndələrinin Donbasa səfəri ölkədaxilində akreditasiya olunan ABŞ hərbiçiləri məsələ ilə yaxından maraqlanırlar və regionun relyefi, orada olan döyüş şəraiti, atmosferi daha yaxından anlamaq üçün həmin regiona səfər ediblər. Digər bir maraqlı məsələ də ABŞ hərbi gəmiləri Qara dənizə daxil olmasını istəyidir.
Politoloqun sözlərinə görə, əgər iki ölkə arasındakı gərginliyin həlli üçün müəyyən addımlar atılmasa müharibə qaçılmaz ola bilər.
Ukrayna və Rusiya arasındakı gərginliyinin həlli üçün və diplomatik danışıqların bərpası üçün müəyyən tədbirlər həyata keçirilməlidir. Əks halda bu gərginlik müharibə və bu müharibənin geniş cəbhələrdə yer alması ilə nəticələnə bilər. Ümid edirik ki, bu proseslər insan itikisi olmadan, qan tökülmədən öz həllini tapacaq.
Gülər Seymurqızı