Politoloq Nurlan Qələndərli: "Ukrayna Avropanın Rusiyadan qorunmaq üçün “müdafiə divarı”dır"

“Rusiya-Ukrayna cəbhəsində müşahidə olunan hərbi-siyasi gərginlik dünyanın diqqət mərkəzindədir. Müxtəlif bəyanatlar səsləndirən tərəflər məsələni fərqli rakursdan qlobal ictimai rəyə təqdim etsələr də, ekspertlərin üzərində durduqları çoxsaylı məqamlar var.

"Rusiya-Ukrayna cəbhəsində müşahidə olunan hərbi-siyasi gərginlik dünyanın diqqət mərkəzindədir. Müxtəlif bəyanatlar səsləndirən tərəflər məsələni fərqli rakursdan qlobal ictimai rəyə təqdim etsələr də, ekspertlərin üzərində durduqları çoxsaylı məqamlar var. Xüsusi diqqət yetirilən məqam xeyli müddət əvvəl bu ölkə daxilində alovlandırılmış separatizm ocağının söndürülməsi cəhdləri ilə bağlı məsələdir. Təbii ki, cərəyan edən proseslər lokal xarakter daşımır. Faktiki olaraq Ukrayna, bir növ yenidən Qərb və Rusiya arasındakı geosiyasi mübarizənin episentrinə çevrilib. Söyləmək olar ki, beynəlxalq aləmin böyük həssaslıqla izlədiyi bu hadisələr dünyanın yenidən nizamlanmasının, Şərqi Avropa cəbhəsinə aid mürəkkəb proseslərin tərkib hissəsidir".

Bu fikirləri "Olaylar"a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloqun sözlərinə görə, bu gün Ukrayna bəhs olunan proseslərin fonunda Qərb və Rusiyanın geostrateji savaşının hərbi-siyasi plasdarmını təşkil edir. Təbii ki, bu, təsadüfi deyil:

"Avropa ilə Asiyanı birləşdirən Ukrayna Rusiya üçün Avropa və Qara dənizdə möhkəmlənmək baxımından əhəmiyyətli strateji limandır.

Xəzər-Qara-Baltik dənizi hövzəsində strateji balans və təhlükəsizlik sistemi formalaşdırmaq, bu bölgədə əks-güclərin - Qərbin mövqeyini - müqavimət gücünü zəiflətmək, eləcə də Şərqi Avropaya doğru nüfuz-təsir dairəsini genişləndirmək baxımından Ukrayna faktoru Rusiya üçün çox önəmlidir. Moskva Kiyevi özünün tərəfdaşına çevirməyə və ya tabe etməyə çalışmaqla Qara dənizdə və dənizaşırı ərazilərdə böyük ölçüdə nəzarəti öz əlinə almağa çalışır. Bu amil, həmçinin Rusiyaya geosiyasi təsir zonasının əhatə dairəsini olduqca genişləndirməyə imkan verir. Qərb isə Ukrayna kimi lokomotiv aktordan vaz keçmək niyyətində deyil. Çünki ABŞ-ın və Avropa İttifaqının aparıcı aktorlarının Ukrayna ilə təmasları tamamilə "əritməsi" Rusiyanın Qara dəniz və Şərqi Avropada mövqeyinin olduqca möhkəmlənməsinə və Qərbin Moskva tərəfindən tədricən regiondan sıxışdırılmasına səbəb olar. İndi enerji təhlükəsizliyindən tutmuş müxtəlif məsələlər ətrafında Qərb Ukraynanı öz orbitində saxlamağa çalışır.

Nəzərə alaq ki, Ukrayna Avropanın Rusiyadan qorunmaq üçün "müdafiə divarı"dır.

Həmçinin bununla yanaşı, Avroatlantik məkanın təhlükəsizlik sistemində də önəmli ölkələrdən biridir. Elə buna görədir ki, hazırda Ukrayna Qərb ölkələrinin iqtisadi və hərbi cəhətdən yardım etdiyi ölkələrin siyahısında ön sıralardadır. Eyni zamanda, Polşanın, Bolqarıstan və Rumıniyanın Avropa İttifaqının üzvü olması Kiyevi Avropa İttifaqının "siyasi qonşu"suna çevirib. Qısası, Qərb sözügedən ölkəni bu gün geostrateji əməkdaşlıq orbitində saxlamaq niyyətindədir. Hadisələrin sonrakı axarına nəzarəti əldən vermək istəməyən Avroatlantik cəbhə strateji savaşın Ukrayna cəbhəsində Rusiyanın birbaşa müdaxilələrindən qorunmaq üçün regionda bu ölkə ətrafında siyasi təhlükəsizlik çətiri formalaşdırır". "Əlbəttə, Qərb-Rusiya qarşıdurması fonunda Ukrayna cəbhəsində "isti proses"lərin davam etməsi gözlənilir. Xüsusilə də ABŞ yeni mərhələdə Rusiyanın strateji nəzarət məntəqələrində hərbi-siyasi nizamı dəyişməkdə maraqlı görünür və fəal təşəbbüslərlə çıxış edir. Rusiya isə nəinki güclü mövqe itirmək, hətta yeni həmlələr etmək niyyətindədir. Belə olan halda, Ukrayna məsələsi ətrafında da zaman-zaman eskalasiyanın müşahidə olunacağı proqnozlaşdırıla bilər",-deyə politoloq əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31