Beynəlxalq təşkilatlar Ermənistana lazımi təsir göstərməlidirlər
Minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək üçün
8 Aprel 2021 14:14 SiyasətMinalanmış ərazilərin xəritəsini Azərbaycana vermək üçün
44 günlük Vətən müharibəsindən xeyli vaxt keçsə də, hələ də işğalçı Ermənistan müharibə qanunlarını pozaraq vaxtı ilə Azərbaycan ərazilərində basdırdığı minaların xəritəsini rəsmi Bakıya vermək istəmir. Nəticədə hər gün işğaldan azad edilən rayonlarda mina partlayışı hallarına rast gəlinir. Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, bu ermənilərin növbəti hiyləgərliyi, qeyri-insani davranışlarıdır. Onun sözlərinə görə, erməni xəyanəti, hiyləgərliyi, düşüncəsi, millətçiliyi nəinki azərbaycanlıların, türklərin, digər xalqların, eləcə özlərinin də başına min bir müsibətlər gətirib. Millət vəkili deyib ki, bu gün Ermənistanda baş alıb gedən qarşıdurmalar, böhran, xaos, qardaşın qardaşa silah qaldırması bunun əyani nümunəsidir: "Ən başlıcası uzun illər xalqımızın qanını axıdan və bundan ləzzət alan ermənilər bu gün məğlubdurlar, rəzil vəziyyətdədilər. Onlar qalib Azərbaycan qarşısında əyildilər, sındılar, göz yaşı tökdülər, yalvardılar. Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumuruğunun zərbəsini, ordumuzun qüdrətini, xalqımızın birliyinin gücünü gördülər və aciz qalaraq istənilən sənədlərə imza atdılar. Bütün bunlara baxmayaraq, erməni xisləti bütün hallarda, hər yerdə, hər bir hərəkətdə, danışıqda özünü göstərir. Yalvara - yalvara məğlub olduğunu etiraf edən bir ölkənin başbilənləri, siyasətçiləri yenidən revanş götürmək, silahlanmaq, işğaldan azad edilmiş torpaqları geri qaytarmaq fikri ilə bəyanatlar verir, hədə - qorxu gəlirlər. Bunu yalnız ağlı başında olmayan bir xalq söyləyə bilər. Əlbəttə, bu da ermənilərdir. Onlar hansı ordu ilə hansı iqtisadiyyatla, hansı qüvvə ilə bunu edəcəklərini özləridə bilmirlər. Bilməməklə, yalan vədlərə, xülyalara uymaqla bərabər yenə də çirkin əməllərdən, xəyanətdən, təxribatdan əl çəkmirlər".
Deputatın sözlərinə görə, bu gün Azərbaycan torpaqları işğaldan azaddır və insanlarımız həmin ərazilərdə bərpa, geniş quruculuq işləri həyata keçirməkdədirlər: "Bunun üçün ilk olaraq həmin ərazilər minalardan, partlamamış hərbi sursatlardan təmizlənməlidir. Amma torpaqlarımız işğal altında olduğu illərdə erməni faşistləri demək olar ki, hər yeri, hətta hərbi təyinatlı olmayan əraziləri belə minalamışlar. Ermənistan həmin minalamış ərazilərin xəritəsini verməkdən imtina etməklə bir daha özünün mənfur sifətini göstərir. Əlbəttə, bunun özü beynəlxalq normalara zidd və təcavüzkarlığın bir formasıdır. Çünki həmin minalanmış ərazilərdə iş görmək, yol çəkmək, əkin əkmək, hər hansı bir tədbir həyata keçirmək mümkün deyildir. Son illər minlərlə insan bu minaların qurbanına çevrilmiş həyatını itirmiş, şikəst olmuşdur. Ermənilər bundan sonra da insanların məhv edilməsi üçün bu minaları basdırmış və minalanmış ərazilərin xəritəsini verməməklə vətəndaşlarımıza qarşı düşünülmüş sui - qəsd törətmək niyyətində olduqlarını açıq - aşkar nümayiş etdirirlər. Sözsüz ki, Azərbaycan dövləti, ictimaiyyəti buna kəsin münasibətini bildirməyə bilməz. Ancaq beynəlxalq təşkilatlar da bu barədə öz mövqelərini ortaya qoymalı, Ermənistana lazımi təsir göstərməlidirlər".
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qeyd edib ki, şğal olunmuş Azərbaycan ərazilərinin minalanması və minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfinə verilməməsi beynəlxalq hümanitar hüququn norma və prinsiplərinin kobud formada pozulması, dinc mülki əhaliyə qarşı yönələn müharibə cinayətidir. Partiya sədrinin sözlərinə görə, Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməklə mülki əhalini daha çox məhv etmək, işğaldan azad olunan ərazilərimizə abadlaçdırılmasına və yenidən tikilməsinə mane olmaq, dinc əhalinin qayıdışı prosesini uzatmaq və çətinləşdirmək məqsədi güdür: "Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi nəticəsində hərbi əməliyyatlar başa çatdıqdan sonra da həmin minaların partlaması nəticəsində mülki əhalinin həlak olmasına görə Ermənistan rəsmiləri beynəlxalq hüquqi məsuliyyət daşıyır".
Deputat deyib ki, minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə görə Ermənistana beynəlxalq təzyiqlər yoxdur: "Hərbi əməliyyatların dayandırılmasında və 10 noyabr bəyanatının imzalanmasında vasitəçi olmuş Rusiya da bu məsələdə heç bir iş görməyərək, mandatından kənara çıxan hərəkətlər edir, özünün ikibaşlı oyununu oynayır. Minalanmış ərazilərin xəritələrinin Ermənistandan alınması məsələsi ilk növbədə Rusiyadan rəsmən tələb edilməli. Rusiyanın sülhməramlı adı ilə işğal olunmuş ərazilərmizin bir hissəsində yerləşdirilmiş hərbi qüvvələri həmin ərazilərin xeyli hissəsinin minalardan təmizləndiyini bildirirlər. Bu təmizlənmə işləri Azərbaycanın azad edilmiş ərazılərində də tezliklə həyata keçirilməlidir".
Məhəmməd
Olaylar.az