Ukrayna niyə ərazilərini itirdi?
Son günlər Rusiya ilə Ukrayna arasında yenidən gərginlik artıb. Kırımın Rusiya tərəfindən işğal edilməsi ilə heç cür barışmayan Kiyev ərazi bütövlüyünün bərpası istiqamətində hərəkətə keçib
8 Aprel 2021 11:13 SiyasətSon günlər Rusiya ilə Ukrayna arasında yenidən gərginlik artıb. Kırımın Rusiya tərəfindən işğal edilməsi ilə heç cür barışmayan Kiyev ərazi bütövlüyünün bərpası istiqamətində hərəkətə keçib. Təsadüfi deyil ki, həm yerli, həm də xarici ekspertlər tezliklə iki ölkə arasında yeni hərbi qarşıdurmanın baş verəcəyini proqnozlaşdırırlar. Politoloq Əhəd Məmmədli Rusiya ilə Ukrayna arasında həm hazırkı dövrdə mövcud olan gərginliyə, həm də Kiyevin zamanında yol verdiyi xətalara diqqət çəkib. Onun sözlərinə görə, Ukrayna Avropanın ən böyük ölkələrindəndi. SSRİ dağılanda Rusiyadan sonra ən böyük silah mirası Ukraynaya qalmışdı: "Ukrayna nüvə arsenalına malik idi. ABŞ və Rusiyanın yalançı təhlükəsizlik vədlərinə inanıb Ukrayna ilə Qazaxıstan atom bombasından imtina etdilər. Ukraynanın çöküşü həmin andan başladı... Müstəqilliyin ilk illərində Ukraynanın nəhəng silah arsenalı korrupsioner məmurlar, generallar tərəfindən silah tüccarlarına, üçüncü dünya ölkələrinə satıldı. Rusiya hələ 1991-ci ildə Krımı güc yolu ilə qaytarmaq istəyirdi. Amma o vaxt Rusiya bunu etməyə risk etmədi. Çünki qarşısında çox güclü Ukrayna ordusu dururdu. Həmin o güclü Ukrayna ordusu ilk 3 prezident Kravçuk, Kuçma, Yuşşenko dönəmində darmadağın edilib etkisiz hala salındı. Ukraynanın Krım siyasəti də səhv idi. Krım kimi turistik məkan baxımsız vəziyyətdə idi. Rəsmi Kiyev türk millətindən olan Krım-tatarlarına dəstək vermək, onların sayını yarımadada çoxaltmaq əvəzinə tatar probleminə biganə yanaşdı. Türk-müsəlmanlar olan Krım-tatarlarının yarımadada çoxalıb böyüməsini Kiyev də istəmədi. Bu səhv siyasət də öz bəhrəsini 2014-cü ildə göstərdi. Krımda çoxluq olan xristian ruslar, Ukrayna dövlətinə xəyanət etdi, azlıq müsəlman türklər isə əksinə sədaqətini nümayiş etdirdilər. Kiyev vaxtında Krımda tatar problemini həll etməliydi. Çünki Kiyevə əsas təklükə Krım türklərindən gəlmirdi, orada yaşayan ruslardan gəlirdi. Ukrayna dövləti bunu dərk edəndə artıq gec idi, çünki iş-işdən keçmişdi".
Əhəd Məmmədli bildirib ki. rəsmi Kiyevin çoxsaylı səhvlərindən biri də Donbasda yaşayan vətəndaşlarının hərbi qulluğunun öz regionlarında etməsiydi: "Bununla güya büdcəyə, hərbi xərclərə yük olmayasıydı. Rusiyanın Donbasa hücumu başlayanda bu regionda hərbi qulluq keçən çoxsaylı etnik ruslar keçdilər tarixi vətənlərinin tərəfinə. Bunun nəticəsi kimi də Şərqi Ukraynada hərbi hissələr bir - bir keçirdilər ruslar tərəfinə. Və ən başlıca səhvlərdən biri də Rusiyaya müharibənin ən başlanğıcında Ukrayna tərəfindən heç bir müqavimətin göstərilməməsiydi. Göz görə-görə əvvəl döyüşsüz "göy adamlar" tərəfindən Krım ilxaq edildi. Sonra da Donbasın yarısı işğal olundu. Ukraynalılar Xarkovda ayıldılar ki, düşmənə müqavimət göstərmək lazımdır. Müqavimət göstərilən kimi də ruslar dayandılar. Lap əvvəldən bu müqavimət göstərilsəydi ruslar bu qədər irəliləyə bilməzdilər".
Sonda politoloq onu da qeyd edib ki, 3 demokrat prezident Kravçuk-Kuçma-Yuşenko Ukraynanı haldan-hala saldılar və bu günlərə gətirdilər: "Nazarbayev isə Qazaxıstanı iki div Çin və Rusiyanın arasından sağ-salamat çıxarıb inkişaf etdirə bildi. Qazaxıstanda rus etnik minası Ukraynadan da böyük idi. Lakin Nazarbayev, ukraynalı demokrat həmkərlarından fərqli olaraq bu minanı etkisiz hala çevirə bildi. Ukrayna bu illərdə nüvəsini və ordusunun gücünü saxlayıb, artırsaydı indi Türkiyə və Rusiya kimi region və dünyada söz sahibi idi".
Füzuli
Olaylar.az