Putin Paşinyanın qarşısında hansı şərti qoyub?

Politoloq: "İskəndər"raketləri ilə bağlı dediyi xoşagəlməz ifadələrin təmizlənməsi üçün erməni baş nazirdən təsirli addımlar atmağı tələb edib"

Məlum olduğu kimi Ermənistanda erkən seçkilərə hazırlıqlar sürərkən istefaya hazırlaşan baş nazir Nikol Paşinyan Rusiyanın paytaxtı Moskvada ölkə başçısı Vladimir Putinlə bir araya gəlib. Mətbuata qapalı reallaşan görüşün əsas mövzusu Qarabağ olub. Sözan məlumata əsasən Paşinyan söhbət zamanı Rusiya Sülhməramlı Qüvvələrinin Qarabağda varlığının bölgədəki sabitlik və təhlükəsizlik üçün əhəmiyyətindən bəhs edib. Görüşdə Ermənistanda yaxınlaşan erkən seçkilər, yeni nüvə stansiyası tikintisi, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq və yeni tip koronavirusla mübarizə məsələləri müzakirə olunub. Paşinyan Rusiyadan Ermənistan üçün bir milyonluq doza "Sputnik V" peyvəndini də gözlədiklərini bildirib. Qeyd edək ki, Putin-Paşinyan görüşündən əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı ilə danışmışdı. Bu söhbətin də əsas mövzusu Qarabağ olmuşdu. Maraqlıdır, Rusiya Prezidenti Vladimir Putinlə aprel ayının 7-də baş tutan görüş Paşinyanın gözləntilərini doğrultdumu?

Politoloq Əlimusa İbrahimov bildirb ki, bu sauala birmənalı cavab vermək çətindir və iyun ayının 20-ə təyin olunmuş növbədənkənar parlament seçkilərindən sonra bu gedişlərin nəticə verdiyinin və ya vermədiyinin şahidi olacağıq: "Bu görüşdə isə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin müzakirəsindən tutmuş ikitərəfli əlaqələrə qədər çox böyük sahələri əhatə edən geniş gündəlik mövcud idi. Amma Putin üçün əsas məsələ Dağlıq Qarabağ və onun ətrafında vəziyyətin normallaşdırılması hesab olunurdu. Bunu o, özü görüş haqqında danışarkən bəyan etdi. Putin, fürsətdən istifadə edib, görüş təklifini qəbul etdiyinə görə, Paşinyana təşəkkür etdi. Amma bu təşəkkürü ilə həm Rusiya, həm də maraqlı dövlətlərin ictimaiyyəti qarşısında qeyri-səmimi olduğunu büruzə verib. Axı regionda baş verən prosesləri analiz etmək qabiliyyətinə malik şəxslərə bu görüş üçün kimin daha çox can atdığı heç də sirr deyil. 5 ay bundan qabaq Paşinyanın Moskvada qapı dalında gözləməyə məcbur edilməsi də heç kimin yadından çıxmayıb. Amma Putinin bu təşəkkürü elə ilk andan görüşün məqsədi haqqında fikir yürütməyə imkan yaradır. Putin iyunun 20-nə təyin olunmuş növbədənkənar seçkilərdə Paşinyanın daha çox səs toplaması haqqında düşünür və seçkiyə qədər olan müddətdə onun nüfuzunun artırılması istiqamətində təşəbbüslər edəcək. Deməli, Paşinyan Putin və Rusiya höküməti tərəfindən tələb olunan bütün məsələlərdə güzəştə gedib. "İkitərəfli münasibətlərə gəlincə, mən onları sadalayıb əlaqələrimizin nə qədər dərinə işləyərək həqiqətən strateji səciyyə daşıdığını demək istəmirəm. Bizim nəzərəçarpacaq dövriyyəmiz var. Amma ötən il müəyyən səbəblər üzündən azalmalar müşahidə edirik. İnanıram ki, lap yaxın vaxtlarda biz bunu bərpa edib daha da inkişaf etdirəcəyik"- Putin deyib.

Politoloq qeyd edib ki, Putinin Paşinyanı Moskvaya çağırmaqda əsas səbəb heç də iki ölkə arasında mal dövriyyəsinin artırılması yollarını müzakirə etmək deyildi: "Putin daha ciddi məsələləri gündəliyə qoymuşdu və elə buna görə də görüş 3 saatdan artıq davam etdi. O hər şeydən əvvəl Paşinyandan "İskəndər"raketləri ilə bağlı dediyi xoşagəlməz ifadələrlə Rusiya Hərbi Sənaye Kompleksinə vurduğu ziyan haqqında izahat istədi və bu ləkənin təmizlənməsi üçün erməni baş nazirdən təsirli addımlar atmağı tələb etdi. Bu addımların da Rusiyadan yeni hərbi texnka alınmasından ibarət olacağı heç kimdə şübhə yaratmır. Hər alınan silah partiyasının Ermənistana təqdim olunması zamanı Paşinyan Rusiya silahının üstünlükləri barədə mədhiyyələr oxumağa məcbur ediləcək. Paşinyanın görüşə getməzdən qabaq Rusiyadan hərbi texnika alınmasının gündəlikdə olduğunu elan etməsi dediklərimizin əyani sübutudur. Putin Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyətin müzakirə mövzusu olmasını deməklə heç də Rusiya sülhməramlılarının fəaliyyəti ətrafında gedən prosesləri nəzərdə tutmurdu. Onu ən çox maraqlandıran üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiya xətlərinin açılması məsələsidir. Bu, Rusiya üçün Qafqaz və Yaxın Şərqlə əlaqələrin intensivləşdirilməsində ikinci nəfəs səciyyəsi daşıyır. Ermənistandan keçərək Türkiyə və İranı birləşdirəcək yeni kommunikasiya xətləri Rusiyanın iqtisadi vəziyyətinin inkişafında və ona tətbiq olunan sanksiyaların təsirinin azaldılmasında əhəmiyyətli rol oynayacaq".

Onun bildirdiyinə görə, heç şübhəsiz, Putinin Paşinyandan Ermənistan iqtisadiyyatına Rusiya tərəfindən edilən investisiyalar üçün hesabat da tələb edib: "Rusiyanın bu qədər tələbi qarşısında Paşinyan da əliboş deyildi. Amma onun bütün xahişlərini toplamaqla bir nəticəyə gəlmək mümkündür. Bu gün Paşinyanı ən çox narahat edən məsələ iyun ayının 20-nə nəzərdə tutulmuş seçkilərə Rusiyanın xeyir - duasına nail olmaq. Məlum olduğu ki, Rusiya bu seçkilərdə öz fovoritini elan etməyə tələsmir və Kremlin yaxın tərəfdarşı olan eks-prezident Robert Koçaryanla da "dilxoşluq" etməkdə davam edir. Görünən budur ki, Paşinyanın indiki halda Rusiyaya təklif etdikləri Koçaryanın verə biləcəyindən daha qiymətlidir. Amma vəziyyət seçkilərə qədər belə davam edə biləcəkmi? Seçkilərə bir neçə gün qalmış Nikol təsadüfən ağzından Rusiya əleyhinə hər hansı bir xoşagəlməz ifadə çıxarmayacaq ki? Paşinyan Putinlə Rusiya-Ermənistan birgə hərbi qruplaşmasının fəaliyyəti ətrafında bəzi məsələləri müzakirə etmək istədiyini bildirib. Bundan başqa, onun həll etməyə çalışdığı Azərbaycan həbsxanalarında hökm gözləyən erməni terrorçuların Ermənistana qaytarılmasıdır. Məlum olduğu kimi, Ermənistanın bterrorçuları hərbi əsir kimi dünya ictimaiyyətinə təqdim etmələsinə baxmayaraq, Azərbaycanın haqlı izahatı qarşısında söz tapa bilmir. Ona görə də bu şəxslərin azad edilməsi məsələsini Rusiyanın öhdəsinə buraxmaq istəyirlər. Təbii ki, Rusiya bu məsələdə Azərbaycana müəyyən təsir göstərə bilər. Amma Azərbaycanın da bu tələb qarşısında irəli sürdüyü məsələlər var ki, onlar yerinə yetirilmədən terrorçuların azad olunması öz həllini tapmayacaq. Rusiya seçkilərdə Paşinyanın üzərində dayandığını qətiləşdirsə, Azərbaycanı razı sala biləcək mexanizmləri işə salacaq".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31