“1905-1918-ci illərdə ermənilər yüzminlərlə soydaşımızı qətlə yetirib”-Tanınmış yazıçı
5 Aprel 2021 11:43 SiyasətErmənilər qondarma soyqırımla bağlı yalan məlumatlar yaymaqda davam edir.
Qarşıdan sözdə "erməni soyqırımı"nın anım günləri gəlir. Düşmən yenə də Türkiyəyə, Azərbaycana qarşı ittihamlar səsləndirir. Lakin son illər üzə çıxan faktlar göstərir ki, ermənilərə qarşı heç bir soyqırım faktı olmayıb.
Osmanlı imperiyası ərazisində yaşayan və mənsub olduqlara dövlətə arxadan zərbə vurmağa çalışan erməni icmasının köçürülməsi zamanı müəyyən çətinliklər yaranıb.
Ermənilər isə hamilərinin dəstəyi ilə Cənubi Qafqaz, Güney Azərbaycan və Türkiyənin şərqində yaşayan azərbaycanlılara qarşı qətliam siyasəti aparıblar.
44 günlük Vətən savaşında qazandığımız Böyük Zəfər erməni mifini dağıtdı. Düşmənə döyüşdə qalib gəldik, sıra informasiya savaşıdır. Azərbaycanlılara qarşı törədilmiş soyqırımın miqyası haqqında germək həqiqətlər üzə çıxmalıdır.
"Olaylar" qəzetinin baş redaktoru, tarixi romanlar müəllifi, yazıçı Yunus Oğuz Günaz.TV-yə açıqlamasında bildirib ki, istər XX əsrin əvvəli, istərsə də sonlarında azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətləri ilə bağlı əsl həqiqət üzə çıxmalıdır: "1992-ci ildə törədilmiş Xocalı soyqırımı zamanı azərbaycanlılar kütləvi şəkildə qətl edilib.

Cəmi üstündən 28 il keçib, bu qətliamla bağlı belə məlumatlar doğru deyil. Livan ermənisi "Xaç yürüşü" kitabında yazır ki, Xocalıdan aralı bir yerdə 2 minə qədər insanı qətl etdik, yandırdıq. Deyir ki, "Qaplan" adlı xüsusi qrup meyitləri yandırmaqla məşğul idi.

Ancaq yazılır ki, Xocalı 613 nəfər şəhidimiz var. Mən bununla bağlı aidiyyatı qurumlara müraciət etdim. Bildirdim ki, 613 rəqəmi çox azdır, qətliamın real miqyasını əks etdirmir".
Yunus Oğuz bildirib ki, 1905-1918-ci illərdə Qafqazda, Türkiyə və Qacar dövləti ərazisində qətlə yetirilən azərbaycanlıların sayı rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur: "Bu günlərdə Güney Azərbaycan Televiziyasının (Günaz.TV) hazırladığı video-çarxa baxdım. Orda göstərilir ki, bütövlükdə 700 minə yaxın soydaşımız ermənilər tərəfindən öldürülüb.
O zaman baş verənləri qeydə almağa texniki vasitə yox idi. Amma şəhərlərin əhalisinin sayı bilinir axı. Bakıda ən azı 20 min, Şamaxıda 15 min, Qarabağda, İrəvanda, Gəncədə, Lənkəranda ən azı 10 min soydaşımız öldürülüb. Güney Azərbaycanın Urmiya bölgəsində 150 mindən çox insanımız öldürülüb.
Culfa, Xoy və Mərənd bölgəsində 60 min azərbaycanlı öldürülüb. Biz bu faktları qabartmalıyıq.
Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bilməlidir ki, əslində soyqırım azərbaycanlılara qarşı baş verib. Ermənilər öz hamiləri ilə birlikdə türk, müsəlman olduğumuza görə bizi məhv etməyə, izimizi silməyə, soyumuzu qurutmağa çalışıblar. İqdırda mənə öldürülüb quyuya atılmış soydaşlarımızın qalıqlarını göstəridlər. Bunu ermənilər etmişdi.

Dəhşətə gəldim. Qubadakı kütləvi məzarlıq kimi bir yer idi. Qarsda, Ərzurumda da azərbaycanlılara qarşı soyqırımı baş verib.
O zaman bu hadisələr Xalq Cümhuriyyəti hökuməti tərəfindən araşdırılmışdı. Bununla bağlı fövqəladə komissiya yaradılmışdı. Lakin 28 aprel işğalından sonra istintaqın işi yarımçıq qaldı".
Ayxan Turan