Ramil Həsən: “İşğaldan azad edilən torpaqların əvvəlki şöhrəti özlərinə qayıdacaq”

"30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliyin, vandalizm aktlarının miqyası ölçüyəgəlməzdir. Yaşayış binaları, tarixi və dini abidələrimiz dağıdılmış, infrastruktur tamamilə yerlə-yeksan edilmiş, hətta 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Laçın, Ağdam rayonları boşaldılan zaman ermənilər evləri, ağacları yandıraraq ekoloji terror aktları törətmişlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ramil Həsənin sözlərinə görə,  dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bir daha diqqəti ermənilərin işğal edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklərə yönəldərək qeyd edib ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür. Bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib. Bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz: "Möhtərəm Prezidentimiz bu mühüm məqamı da qeyd edib ki, azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirik. Ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb ediləcək. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında müharibə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyənlər vardır. Bu mövzu Türk Şurası çərçivəsində müzakirə edilərək gələcək üçün planlar hazırlanacaq. Ümumilikdə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, sadəcə, ölkəmizin deyil, bütün türk dünyasının böyük zəfəridir. İnanırıq ki, dost və qardaş ölkələr quruculuq və bərpa işlərində fəal iştirak edəcəklər. Bu torpaqlar heç vaxt sahibsiz olmayıb, bu torpaqların həqiqi sahibləri var, onlar bu torpaqları özlərinə qaytardılar. Tezliklə bu torpaqlar bərpa ediləcək, onların əvvəlki şöhrəti, zəngin siması özlərinə qayıdacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31