Milli  Vəhdət Partiyası : “Dostluq” yatağı ilə bağlı imzalanmış memorandum Azərbaycana yeni iqtisadi dividentlər gətirəcək

"Azərbaycan bir qayda olaraq türkdilli dövlətlər, respublikalarla ikitərəfli və çoxtərəfli formatda əlaqələri inkişaf etdirmək xətti həyata keçirib və bu gün də həmin xəttə sadiqdir. Məhz həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində rəsmi Bakı özünə Orta Asiya respublikaları timsalında dost-qardaş qazanıb. İldən-ilə inkişaf edən bu əlaqələr ölkələr arasında müxtəlif sahəli əməkdaşlıq üçün yeni-yeni perspektivlər açır. Bu günlərdə Bakı ilə Aşqabad arasında imzalanmış memorandum da məhz bu perspektivlərdən biridir".

"OLAYLAR" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanmasına dair Milli Vəhdət Partiyasıının yaydığı açıqlamada əksini tapıb. Milli Vəhdət Partiyası bəyan edib ki, sözügedən memorandum təkcə Bakı və Aşqabad üçün deyil, ümumilikdə Xəzəryanı ölkələr, həmçinin regionda marağı olan, istər Orta Asiya, istərsə də Qafqazın, ən əsası Azərbaycanın enerji ehtiyyatlarını Avropaya nəql etmək istəyində olan dövlətlər üçün olduqca əhəmiyyətlidir: "Bundan başqa Azərbaycan-Türkmənistan-Əfqanıstan, həmçinin Azərbaycan-Türkiyə-Türkmənistan formatında yeni əməkdaşlıq perspektivləri mövcuddur və müntəzəm olaraq qeyd edilən istiqamətlərdə danışıqlar gedir"

MVP hesab edir ki, memorandumun Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti ərəfəsinə təsadüf etməsi də xüsusi qeyd edilməlidir və sözügedən sənəd Xəzər sammitinin daha məhsuldar və uğurla başa çatacağına dəlaələt edir:

"Bakı ilə Aşqabad arasında imzalanmış memorandum həmçinin onu sübut və təbliğ edir ki, Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Bizim əməkdaşlığımız regionun ümumi inkişafına əlavə imkanlar yaradacaq.  Həmçinin imzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir.  Bu əməkdaşlıq yaxın perspektivdə Orta Asiyanın digər respublikaları ilə daha geniş səviyyədə əməkdaşlıq, regionun malik olduğu enerji ehtiyyatlarının Bakı və Aşqabad vasitəsilə Avropa, dünya bazarlarına çıxarılması üçün imkanlar yaradacaq".

MVP hesab edir ki, Azərbaycanla Türkmənistan arasında imzalanmış memorandum əsasən iqtisadi sahəni əhatə etsə də, lakin onun siyasi dividentləri də həm Bakı, həm də Aşqabad üçün kifayət qədərdir və genişdir: "Bu saziş ölkələr arasında siyasi sahədə əməkdaşlığın bundan sonra daha da inkişaf etməsi, genişlənməsinə zəmin yaradacaq. Paralel olaraq iki ölkənin xalqları arasında əlaqələr bir qədər də inkişaf edəcək. Hər iki ölkənin prezidentlərinin memoranrumun imzalanması zamanı videokonfrans formatında keçirilən görüşündə də qeyd edildiyi kimi etibarlı münasibətlər davamlı əməkdaşlığın əsasıdır. Ölkələr arasında açıq müzakirələrin aparılması davamlı əməkdaşlığa zəmin yaradır. Atılan addımlar və qəbul olunan qərarlar münasibətlərin dostluq və qardaşlıq ruhunda davam olunmasına xidmət edir. Qurulan əməkdaşlıq əlaqələri bütün istiqamətlər üzrə inkişaf etməlidir".

Milli Vəhdət Partiyası Bakı ilə Aşqabad arasında imzalanan sənədin Azərbaycanın nəqliyyat-tranzit imkanlarını artıracağı qənaətindədir. MVP hesab edir ki, gələcəkdə türkmən qazının Azərbaycan vasitəsilə dünya bazarlarına, Avropaya nəqli bunu mümkün edəcək: "Bu amilin özü də Azərbaycana kifayət qədər iqtisadi dividentlər gətirəcək. Bir sözlə Bakı ilə Aşqabad arasında imzalanmış memorandumu bütün parametrlər üzrə Azərbaycan üçün faydalı sənəd kimi dəyərləndirmək olar. Bir sözlə "Dostluq" yatağı ilə bağlı imzalanmış memorandum Azərbaycana yeni iqtisadi dividentlər gətirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31