Dövlət başçısının media islahatları hansı zərurətdən meydana gəldi?
14 Yanvar 2021 14:19 SiyasətXəyal Bəşirov: "44 günlük müharibə dövründə və ondan sonrakı proseslərdə medianın gücünə olan ehtiyacımızı hiss etdik"
Artıq bir neçə ildir ki, həyatımızın bütün sahələrinə sirayət edən islahatları müşahidə etməkdəyik. İstər siyasi, istər iqtisadi, istərsə də sosial-mədəni sahələrdə həyata keçirilən bu islahatların yeganə məqsədi vətəndaş məmnunluğu, xalq ilə dövlət arasında bağları daha da möhkəmləndirmək, qarşıya qoyulan hədəflərə birgə nail olmaqdır.
Bu günlərdə həyata keçirilən islahatların daha bir müsbət istiqamətini müşahdə etməkdəyik. O da mətbuat, media sahəsində atılan addımlardır. Belə ki, kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərdən də aydın olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərman əsasında ölkədə Medianın İnkişafı Agentliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazası əsasında yaradılan agentliyin qarşısına bir sıra məqsədlər qoyulub ki, məhz onların həyata keçirilməsi nəticəsində Azərbaycanda medianın nəzərə çarpacaq dərəcədə inkişaf edəcəyinə əminlik bildirilir. Ümumilikdə isə, birmənalı olaraq qeyd edilir ki, yeni agentliyin yaradılması dövlət başçısının həyata keçirdiyi uğurlu islahatların media sahəsinə də gəlib çatdığı sezilməkdədir. Elə siyasi şərhçi Xəyal Bəşirov da belə düşünür. O, bildirib ki, Prezident İlham Əliyev 12 yanvar tarixində Medianın İnkişafı Agentliyinin yaradılması barədə fərman verdi. Onun sözlərinə görə, böyük ehtimalla, yaxın zamanlarda "Media haqqında" qanunun qəbul edilməsi də reallaşacaq. Bəs görəsən dövlət başçısının hazırki həssas dönəmdə bu addımı hansı zərurətdən qaynaqlanır?
Xəyal Bəşirovun sözlərinə görə, təxminən bir il əvvələ qədər, Avropada olan özlərini siyasi blogger adlandırıb, əslində isə söyüş broylerləri olanlar çox aktiv idilər: "Təəccüblüsü onların mövcudluğu ilə bağlı deyildi, təəssüflər olsun ki, Azərbaycanda bu cür sapı özümüzdən olan baltalar çox olub. Təəccüblüsü o idi ki, onların ölkəmizdən olan izləyicilərinin sayı gündən-günə artırdı. Bəs bunun səbəbi nə idi? O qədər maraqlı və cəlbedicimi danışırdılar? Və yaxud dərhal cəmiyyətinizin və insanlarımızın mövcud problemlərini onlayn formada həll edirdirlər? Xeyr, əsla yox! Əksinə xaqlımızın milli-mənəvi dəyərləri ilə daban-dabana zidd olan ifadələr işlətməklə, özlərinə qarşı nifrətin miqyasını daha da artırırdılar. İnformasiya əsrinin bir aksioması var, reklamın pisi və ya yaxşısı yoxdur, əsas odur ki, reklamın getsin. Söyüş broylerləri mal və məhsullara aid olan bu tendensiyanı öz şəxsiyyətlərinə transformasiya etməkdə idilər. Onları maraqlandıran yalnız və yalnız izləmə və bəyənmə sayları idi".
Ekspert bildirib ki, ancaq, nə qədər ikrah doğursalar da, onlara ölkəmizdən baxış sayı artırdı: "Çünki, ölkədə media sahəsindəki məsul şəxslər də, özlərinin yarıtmaz və yalnız şəxsi maraqlarına xidmət edən fəaliyyətləri ilə onlara yardımçı olurdular. Dövlət büdcəsindən ayrılan böyük vəsaitləri qanunsuz olaraq mənimsəyirdilər. Nəticədə ölkə mediasında, televiziyalarında, saytlarında baxılmayan və oxunmayan mövzular bir-birini əvəz etməkdə idi. Ölü vəziyyətində olan qəzetlərdən və radiolardan heç danışmağa dəyməz. Bu cür şəraitdə Azərbaycan izləyicisinin və dinləyicisinin Afrika kanallarında belə, daha maraqlı götüntülər və məlumatlar tapması inandırıcı idi. Yaşadığımız informasiya erasında, erməni kimi saxta informasiya istehsalı üzrə tayı bərabəri olmayan düşmənimiz də var. Belə bir şəraitdə ölkə mediasına rəhbərlik edən şəxslərin mediamıza göstərdikləri laqeyd münasibət dövlətə qarşı ən böyük xəyanətdir. Ayrılan milyonlarla pulu mənimsəmələrinin məsuliyyəti bu qədər həssas mövzuya laqeydliklərinin yanında bir zərrədir. Bununla belə, həmin köhnə şəbəkənin bu sahədəki fəaliyyəti daha ciddi araşdırılmalı və ona qiymət verilməlidir".
Xəyal Bəşirov qeyd edib ki, biz bu 44 günlük müharibə dövründə və ondan sonrakı proseslərdə medianın gücünə olan ehtiyacımızı hiss etdik: "Məhz bu səbəbdəndir ki, ölkə başçısı bu addımın atılmasına zərurət duydu. Düşünürəm ki, bundan sonrakı amansız informasiya mübarizəsində mediamızdan düzgün istifadə edə biləcəyik. Media siyasətimizi düzgün istiqamətdə yürüdüb həm ermənilərin saxta informasiya istehsalı maşınını, həm də söyüş broylerləri kimi bir çox ziyanverici quvvələri zərərsizləşdirə biləcəyik".
Süleyman