Üçtərəfli bəyanat Azərbaycana nə vəd edir?
14 Yanvar 2021 14:27 Siyasət44 günlük müharibədə dəhşətli hərbi məğlubiyyətə düçar olan Ermənistanda hazırda gərgin vəziyyət davam edir. Ölkənin siyasi, iqtisadi, sosial, humanitar həyatı iflic vəziyyətə düşüb. Ekspertlər Ermənistanda müharibədən sonrakı vəziyyəti faciə kimi qiymətləndirirlər. Onların fikrincə, Ermənistan öz iddialarından əl çəkərək fəaliyyətini bölgənin inkişaf perspektivinə hesablanmış və bütün region ölkələrinin mənafelərinə uyğun olan iqtisadi, kommunikasiya, əməkdaşlıq məsələlərinin reallaşdırılması istiqamətində qurarsa, bundan yalnız fayda götürəcək və gərgin durumdan çıxa biləcək. Buna 11 yanvarda Moskvada imzalanmış üçtərəli bəyənat imkan verir. Ermənistan yeri gəldi-gəlmədi heç bir əsası olmayan bəyənatlar vermək əvəzinə, reallığı qəbul edib sözügedən sənəddə əksini tapmış müddəaların icrasını təmin etməklə tənəzzüldən qurtula bilər.
Yeri gəlmişkən qeyd edək ki, üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli İşçi qrupun, yarımqrupların yaradılması, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir. Sənəd Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı bir daha təsdiqləyir və kommunikasiyaların bərpası ilə bağlı əks olunmuş müddəaların həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üçün müvafiq vəzifələri müəyyən edir. Sənəddə əksini tapmış ən mühüm məsələ 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR-I birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm kəsb edən nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının yaradılması istiqamətində əhəmiyyətli addımdır. Nəzərə almaq lazımdır ki, Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə iki komponenti birləşdirir. Onlardan biri dəmir yoludur ki, sənədə əsasən Horadiz-Ağbənd istiqamətində qarşıdan gələn iki il istiqamətində yeni dəmir yolunun çəkilməsi nəzərdə tutulur. İkincisi olan yol nəqliyyatı isə dəmir yolu ilə yüklərin Horadizə çatdırılması, Horadizdə yük terminalının yaradılması, oradan isə vtomobillərlə yüklərin Naxçıvana, Türkiyəyə çatdırılmasından ibarətdir.
Millət vəkili Eldar İbrahimov qeyd edib ki, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və imzalanan birgə bəyanat ölkəmizin, xalqımızın maraqlarına tam uyğundur: "Bu görüşün nəticəsi olaraq, imzalanan 4 bəndlik bəyanat 44 günlük tarixi Qələbəmizin və Zəfərimizin növbəti təntənəsi, ifadəsi idi. Biz bu görüşdə Qalib ölkə olaraq iştirak edirdik. Ölkə Prezidenti cənab İlham Əliyev üçtərəfli görüşdə Qalib, Müzəffər dövlət başçısı kimi iştirak edirdi.Bunu görüş vaxtı və görüşdən sonra mətbuat üçün verilən birgə bəyanat zamanı üzlərdəki ifadələrdən də açıq-aşkar görmək olurdu. Ermənistanın, onun bədnam baş naziri Nikol Paşinyanın məğlub və miskin görkəmi, duruşu hər baxımdan özünü büruzə verirdi. Paşinyan həmin görüşə müəyyən ümidlərlə gəlsə də, görüşdən əvvəl Ermənistana cəmiyyətini sakitləşdirməyə hesablanmış fikirlər səsləndirsə də, istədiklərinin yenə heç birinə nail ola bilmədi.Yenə də qarşısında güclü Azərbaycanı, onun qətiyyətli, cəsarətli, iradəli Liderini gördü. Paşinyan hesab edirdi ki, bu görüşdə artıq hər mənada mövcudluğuna son qoyulmuş Dağlıq Qarabağın statusu məsələsi ilə nəyəsə nail olacaq, "əlidolu" geriyə qayıdacaq. Ancaq, bu, baş vermədi, verə də bilməzdi. Birincisi, ona görə ki, hələ 1989-90-cı illərdən, sovetlər, münaqişənin ilk dönəmindən artıq Dağlıq Qarabağ deyilən bir muxtariyyət, bir idarəetmə forması mövcud deyildi, onun mövcudluğuna son qoyulmuşdu. İkincisi, 1995-ci ildə ümumxalq səsverməsi, referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk müstəqil Konstitusiyasında və ötən 26 ildə həmin ali sənədə edilən dəyişikliklərdə Dağlıq Qarabağ deyilən inzibati ərazi quruluşu anlayışı yox idi. Üçüncüsü, 44 günlük tarixi İkinci Vətən Müharibəsi, möhtəşəm Qələbə, "Dəmir yumruq" ilə Dağlıq Qarabağ deyilən coğrafi məhfum, anlayış tamamilə aradan qaldırılmış, status məsələsi birdəfəlik tarixin arxivinə göndərilmiş oldu.Dördüncüsü, Azərbaycan Konstitusiyasında icra hakimiyyətləri məsələsi var və bu baxımdan, mövcudluğu aradan qaldırılmış Dağlıq Qarabağdakı rayonlar da digər bölgələrimiz kimi, Azərbaycan dövlətinin tabeçiliyi altında, onun qanunları ilə idarə olunacaqlar, onların da öz icra hakimiyyətləri, öz icra başçıları olacaq. Artıq ayrıca status-filan söhbəti olmayacaq. Odur ki, Paşinyanın "Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir" bəyanatı onun növbəti fiaskosundan, növbəti məğlubiyyətindən, biabırçı duruma düşməsindən başqa bir şey deyil. Deyəsən, o, hələ də bilmir, görünür, o, hələ də "Dəmir yumruğ"undan təsirindən ayılmayıb ki, noyabrın 10-da elə özünün də imza atdığı birgə bəyanatda 32 illik münaqişəyə, 44 günlük müharibəyə son qoyulduğu, müharibənin bitdiyi açıq-aşkar yazılıb". Onun sözlərinə görə, artıq Dağlıq Qarabağ münaqişəsi, müharibə geridə qalıb, artıq Azərbaycan işğal olunmuş ərazilərini işğaldan qurtarıb, Qələbə qazanıb, Ermənistan da baş nazirinin timsalında öz təslimiyyətini etiraf edib, 10 noyabr bəyanatını imzalayıb. Bundan sonra müharibədən, Dağlıq Qarabağdan, bir daha və bir daha statusdan danışmaq növbəti dəfə cəfəngiyyatdan, sərsəmlikdən başqa bir şey deyil:"Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası da öz işini yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla, narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik"- deyə, qeyd edən ölkə Prezidentinin vurğuladığı kimi, imzalanmış 11 yanvar bəyanatı, o cümlədən, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir".
Alim
Olaylar.az