“Dəmir yumruq” ilə başı əzilən düşmən yenidən siyasi-diplomatik məğlubiyyət acısı yaşadı
14 Yanvar 2021 11:45 SiyasətMoskva görüşü Azərbaycanın Ermənistan üzərində bir daha tarixi gələbəsi oldu
Yanvarın 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüşün əsas məqsədi 2020-ci il noyabrın 10-da tərəflər arasında imzalanmış üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi, yaranmış problemlərin aradan qaldırılması, regionda sülhün bərqərar olmasında və gələcəkdə qurulacaq iqtisadi-sosial inkişaf perspektivlərinin həyata keçirilməsinə dair görüləcək işlərin birlikdə müzakirəsi olub. Yekun olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalandı. Etiraf edilməlidir ki, bu görüş Azərbaycanın növbəti diplomatik qələbəsi kimi yaddaşlara həkk olundu. Belə ki, Moskva görüşündə Ermənistanın heç bir şərtinin qəbul edilməməsi, sözsüz ki, Azərbaycanın postmüharibə dövründəki diplomatik uğuru sayıla bilər. Ermənistanın əksinə olaraq, Bakı Moskva görüşündə qarşısına qoyduğu mühüm məqsədlərə çatmağı bacardı. Bağlı qapılar arxasında baş tutmuş üçtərəfli görüşdə Azərbaycan 10 noyabr Bəyanatının dəqiqliklə icrasını tələb edib və razılıq əldə edilib. İctimaiyyətə açıqlanan məqamlara gəldikdə isə 11 yanvar Bəyanatında bilavasitə 10 noyabr Bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımların müəyyənləşdirildiyini qeyd etmək olar.
Sözügedən görüşü Azərbaycanın növbəti uğuru hesb edən millət vəkili Kamilə Əliyeva qeyd edib ki, Prezident İlham Əliyev hərb meydanında Ermənistanın Baş Naziri Nikol Paşinyanı diz çökdürdüyü kimi, siyasi arenada da onu çıxılmaz və aciz vəziyyətə saldı. İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqlarını tam şəkildə ifadə edir: "Görüşdən sonra mətbuat üçün nəzərdə tutulan açıqlamada cənab İlham Əliyev Dağlıq Qarabağ probleminin artıq arxada qaldığını bildirdi və bundan sonra əsas məsələ kimi regionda sülhün bərqərar olmasını, iqtisadi inkişafa nail olunmasını, mehriban qonşuluq şəraitinin yaradılmasının vacibliyini, eləcə də bütün bunların region dövlətləri ilə yanaşı Ermənistanın da iqtisadi və sosial cəhətdən inkişafına müsbət təsir edə biləcəyini qeyd etdi. İmzalanmış bəyanatda nəzərdə tutulmuş istər avtomobil, istərsə də dəmir yol kommunikasiyalarının açılması, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında birbaşa əlaqələrin yaradılmasına, Azərbaycanla Türkiyə arasında quru yolun açılmasına, həmçinin Ermənistanın Rusiya və digər qonşu region dövlətləri ilə Azərbaycanın ərazisilə çıxışı təmin ediləcək. İlham Əliyevin üçtərəfli görüşdəki bu mövqeyi bir daha bütün dünyaya onun necə güclü siyasətçi və qətiyyətli lider olduğunu sübut etdi. Paşinyan isə öz çıxışında Dağlıq Qarabağın status məsələsini gündəmə gətirməklə və digər absurd fikirləri ilə yenə də özünü gülünc və çıxılmaz vəziyyətə saldı. Paşinyanın özünün də imzaladığı istər 10 noyabr 2020-ci il, istərsə də 11 yanvar 2021-ci il bəyannamələrində Dağlıq Qarabağın statusu ilə bağlı heç bir maddə nəzərdə tutulmamışdır. Hərbi əsirlərin qaytarılması ilə bağlı problemlərin olması fikirləri də tam yersiz idi. Paşinyan bilməlidir ki, 10 noyabr bəyannaməsinə əsasən verilmiş vaxt ərzində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarıldıqdan sonra əsir götürülmüş silahlılar hərbi əsirlər deyil, terrorçu sayılırlar. Onlar Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. 11 yanvar 2021-ci il Moskva görüşləri Azərbaycanın siyasi arenada Ermənistan üzərində bir daha tarixi gələbəsi ilə yaddaşlarda qalacaq".
Millət vəkili Jalə Əliyeva isə hesab edir ki, üçtərəfli Moskva görüşü bir daha üstünlüyümüz və Ermənistanın növbəti fiaskosu oldu: "Cəmi 2 ay 3 gün öncə 44 günlük möhtəşəm, tarixi müharibə, "Dəmir yumruq" ilə məhv edilən, başı əzilən düşmən yenidən siyasi-diplomatik məğlubiyyət acısı yaşadı, necə deyərlər, heç olmasa, bu dəfə "əlidolu" geri qayıdacağını düşünən Paşinyan ölkəsinə yenə suyu süzülə-süzülə, məğlub ölkənin başsız başçısı kimi döndü. Çünki yenə, növbəti dəfə qarşısında dəmir iradə, sınmaz, əyilməz cəsarət, qüvvət, qüdrət gördü. Bəli, Moskva görüşü vacib idi, olmalıydı, baş tutmalıydı. Bəzi dairələr və qüvvələr yenə də öz xislətlərinə uyğun şəkildə bu görüş hələ baş tutmazdan əvvəl onu qara rənglərlə təsvir etməyə, boyamağa, cəmiyyətə təqdim etməyə uğursuz cəhd etsələr də, yenə alınmadı, istəkləri yenə baş tutmadı, baş tutan yenə görüş oldu, alınan yenə Moskva toplantısı idi. Çünki biz bu görüşə Qalib ölkə olaraq getmişdik, çünki Müzəffər Ali Baş Komandan Moskvaya Qalib ölkənin Lideri kimi, getmişdi. Bizim çəkinəcək, çəkinməli yerimiz yox idi, biz idik yenə diktə edən və Qalib tərəf. Bunu elə görüş zamanı və görüşdən sonra mətbuat üçün verilən birgə bəyanat vaxtı da üzlərdən, gözlərdən, mimikalardan hiss etmək olurdu, çətin deyildi. Açıq-aşkar görünürdü ki, kimdir həyəcan, təşviş, narahatçılıq, vurnuxma, məyusluq içində olan, kim idi özünü tam arxayın, həyacansız hiss edən. Kimlərsə də indi bunu görmək istəmirlərsə, vay onların halına! Elə 10 noyabr bəyanatının məntiqi davamı olan 11 yanvar bəyanatı da bizim üstünlüyümüz, bizim uğurumuz, bizim siyasi, iqtisadi, diplomatik, mənəvi Qələbəmiz idi. Burada, yuxarıda da qeyd etdiyim kimi, əvvəlcədən "planlaşdırılan" "planların" heç biri yox idi, nə status, nə də "bitməmiş münaqişə" və sair. Çünki artıq nə münaqişə, nə müharibə, nə Dağlıq Qarabağ, nə də status var. Onlar hamısı 44 günlük müharibə ilə yerləbir edildi, tarixin arxivinə gömüldü. Bu gün Qarabağına tam sahiblənmiş müstəqil, güclü Azərbaycan var və hər kəs də onunla hesablaşmalıdır, necə ki, hesablaşır, hesablaşmaq zorundadır. Kimsə və kimlərsə də, hesablaşmaq istəməsələr, təhlükəli sularda yenə üzməyə cəhd etsələr, bir daha xəstə revanşizm xəyallarına qapılsalar, yenə başlarının üzərindən "Domokl qılıncı" kimi asılmış, asılan "Dəmir yumruğ"u görəcəklər. Moskva görüşü artıq bir daha münaqişənin geridə qalmasının, müharibənin bitirilməsinin təsdiqi və imzalanan birgə bəyanat müharibədən sonrakı dönəmlə, məsələlərlə bağlı belə demək mümkünsə, bir "Yol xəritsəsi" idi. Burada kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlıqlar, xüsusilə, ölkəmizin və daim isti nəfəsini, dəstəyini üzərimizdə, yanımızda hiss etdiyimiz, duyduğumuz qardaş Türkiyənin maraqlarına cavab verən Naxçıvanla Azərbaycanı, həm də Türkiyəmizi birləşdirəcək dəhliz məsələsinin qarşısında növbəti "yaşıl işığ"ın yandırılması olduqca önəmli məqamlardandır. Bu, həm də bizim növbəti xoşməramlılığımızın, sülhsevərliyimizin, qandan-qadadan uzaq olmaq istəyimizin daha bir göstəricisi, dünyaya ünvanlanan daha bir mesajımız idi. Biz yenə də etdiyimizi etdik, öz niyyətimizi əməlimizlə, imzamızla təsdiqlədik, indi söz, qərar qarşı tərəfin və tərəfdəkilərindir. Ağıllı düşünsünlər, ağıllı qərar versinlər, əks halda, uduzan yenə onlar olacaq. Ölkə Prezidentinin də birgə bəyanat zamanı dediyi kimi, "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik". Bəli, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağ heç zaman olmadığı qədər bizimdir!"
Nurlan
Olaylar.az