Adil Əliyev :"Azərbaycanın döyüş meydanında qazandığı qələbə diplomatik müstəvidə davam etdirilir"

Yanvarın 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Millət vəkili Adil Əliyev bildirib ki, Ermənistan hakimiyyətinin məğlubiyyəti qəbul edərək kapitulyasiya aktını imzaladığı vaxtdan sonra, Azərbaycan Ordusunun qazandığı qələbəni digər ermənipərəst qüvvələrin qəbul etməsi üçün  bu görüş  mühüm əhəmiyyət  daşıyırdı. Eyni  zamanda, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın gücləndirilməsi ilə bağlı  bütün detalların müzakirə  edilməsi  məqsədi daşıyırdı. 

Ermənistanın baş naziri Nikol Paşinyanın həmin görüşdə iştirak etməsinin qarşısını almaq məqsədilə erməni xalqı küçələrə axışmış, hətta, İrəvanda aeroporta gedən yolu da bağlamışdılar. Erməni xalqı  düşünürdü ki, bu görüşdə iştirak etmək Ermənistanın öz dizçökməsini tam qəbul etməsi, siyasi məğlubiyyətinin  təsdiq  nöqtəsi idi. 

Son ana qədər Ermənistan müxalifəti və Rusiyadakı çoxsaylı erməni lobbisi hər vəchlə görüşün pozulmasına çalışdı, Paşinyanı görüşdə iştirak etməməyə, məğlubiyyəti bir daha etiraf etməməyə çağırdı. Amma bütün bunlara  baxmayaraq  Paşinyan həmin görüşdə iştirak etdi...

Aydın şəkildə hiss olunurdu ki, erməni baş nazir cəmiyyətdə itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarına ümid edir. Amma, o, bu dəfə də uduzdu. Görüşdə müzakirə olunan qərarları qeyd-şərtsiz qəbul etdi. Paşinyan müzakirələrin Minsk Qrupu formatında aparılmasına maraqlı olmasına, bu məqsədlə də öz havadarlarına mütəmadi nikbin məlumatlar ötürməsinə baxmayaraq  görüş Azərbaycanın maraqları çərcivəsində baş tutdu...

Ölkə başçımızın həmin görüşə qalibiyyət qazanmış ölkənin başçısı, zəfər  çalan Ordunun Ali Baş Komandanı olaraq qatılması, habelə imzalanmış kapitulyasiya şərtlərinin dəfələrlə Ermənistan tərəfindən pozulmasına cəhdlər edilməsi, digər qanlı insidentlərin baş verməsinə diqqət çəkməsi ilə  Ermənistan hökümətinə və işğalçı ölkənin  havadarlarına çox ciddi siyasi mesaj verilmiş oldu.

Aydın məsələdir ki, qələbəni qazanmaq nə qədər çətindirsə,  daimi qələbəni qoruyub saxlamaq da bir o qədər  çətindir. Biz İlham Əliyevin timsalında  hər iki  amilin  diqqətdə olmasının, bir  rəhbər  tərəfindən ümumxalq  mənafeyinin  əsas  ideal  sayılmasının bariz nümunəsini gördük. Heç bir  vaxt   ona sonsuz  ümid bəsləyən xalqını yanıltmayan Prezidentimiz tərəfindən döyüş meydanında qazanılmış qələbəmiz diplomatik və siyasi müstəvidə də böyük uğurla davam etdirildi.

Ötən il  noyabrın 10-da imzalanan  üçtərəfli bəyanatın əsas hissəsindən biri də nəqliyyat və kommunikasiya xətlərinin qurulması idi. Moskvada  dünən  keçirilən görüş çərçivəsində humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması  barədə  müzakirələr  aparıldı və  təsdiqləndi.  Bu özlüyündə ehtiva  edir ki, qəbul edilən müddəalar qeyd-şərtsiz yerinə yetirilməzsə, üçtərəfli əməkdaşlıq formatı olmayacaq. 

Biz həmişə deyirdik ki, Azərbaycanın savaşı haqq işidir, mübarizəmiz haqq uğrundadır. Bu səbəbdən də, görüşdən əvvəl tərəfimizdən irəli sürülən və yeni bəyanatla təsbit olunmuş tələblər həm maraqlarımızı təmin edir, həm də bütün regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Diplomatik müstəvidə atılan bu addımlar da döyüş meydanında qazanılan qələbə qədər əhəmiyyətlidir, onun məntiqi davamıdır. İşğaldan azad edilmiş ərazilərimizdə nəqliyyat infrastrukturunun qurulması, təkcə Ermənistanla deyil, bütün qonşu dövlətlərlə  sabit  və dinc bir  təmasın  qurulmasına  təminat verəcək. Çünki, Azərbaycan bu məsələdə  sülhpərvər  və yardımsevər ideyalar  daşıdığını hər  zaman sübut etmiş bir  ölkədir. 

10 noyabr bəyanatında Naxçıvanla bir başa quru yolunun yaradılması nəzərdə tutulmuşdu. Dünən Moskvada  qəbul edilən bəyanat artıq bu layihənin qısa bir müddət ərzində həyata keçirilməsini şərtləndirən mühüm amilə çevrildi. Siyasi iradənin və diplomatik bacarıqların uğurlu yekunu oldu. "Mehri dəhlizi"nin açılması ilə uzun illərdir təcrid vəziyyətinə düşmüş Naxçıvana Azərbaycanın  hər bir  yerindən birbaşa quru yolu ilə gediş-gəliş bərpa olunacaq. Hamıya məlumdur ki, 30 ilə yaxın idi  ki, Naxçıvana gediş-gəliş ya hava nəqliyyatı vasitəsi ilə, və ya İran İslam Respublikasının  ərazisindən keçməklə mümkün olurdu. Təbii ki, tranzit olaraq başqa ölkənin ərazisindən istifadə etmək həm maddi cəhətdən baha başa gəlir, həm də daşımaların daha ləng həyata keçirilməsi ilə nəticələnirdi... "Mehri dəhliz"i nəhayət ki, bu  narahatlıqlara son qoyacaq.  

Bu dəhliz həm də  bizə Azərbaycanı Türkiyə ilə birləşdirəcək dəmir yolunun açılması kimi zəruri bir üstünlük qazandıracaq. Açılacaq "Şərq-Qərb" nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni yol qardaş  ölkə ilə əlaqələrimizi daha da gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini artıracaqdır. Naxçıvana daşımalar daha qısa müddət ərzində, daha az xərclə başa gələcək. 

...Demək olar ki, Ermənistan bu görüşdən heç nə qazanmadı. Şərtlərimizi qəbul  etməklə yanaşı, yeganə  istəkləri  noyabrın 10-dan sonra ələ keçirilmiş erməni diversant-terrorçularının azad olunması olsa da, bu məsələ də həllini tapmadı. Sonda Ermənistan baş naziri mətbuata açıqlamasında erməni diversant-terrorçularını azad etmənin mümkün olmadığı üçün görüşün nəticələrindən məyus olduğunu aydın şəkildə bəyan etdi.

Bu görüş - diplomatik müstəvidə qazanılmış bu qələbə ilə Azərbaycan yalnız Ermənistan tərəfinə yox, görüşlə bağlı qabaqcadan məntiqsiz fikirlər irəli sürən, uğurlarımıza kölgə salmağa cəhd edən bütün antimilli qüvvələrə çox ciddi zərbə vurmuş oldu. 

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31