Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı
12 Yanvar 2021 11:23 SiyasətÖtən gün ölkənin əsas diqqəti Rusiya paytaxtına yönəlmişdi. Səbəb 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi idi. Kreml rəhbəri Vladimir Putinin də iştirak edəcəyi bu görüş və onun nəticələri barədə müxtəlif ehtimallar səslənməkdə idi. Əksəriyyət isə hesab edirdi ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 44 günlük müharibədən sonra keçirəcəyi görüş Azərbaycan üçün müsbət nəticələnəcək. Elə gözlənilən də baş verdi.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, yanvar ayının 11-də Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilmiş Moskva görüşü Azərbaycanın tarixi qələbəsinin və zəfərinin daha da möhkəmlənməsində növbəti diplomatik mərhələ oldu. Onun sözlərinə görə, Azərbaycan Prezidenti qalib Ordunun və dövlətin Ali Baş Komandanı kimi görüşdə iştirak etdi və bir daha ölkəmizin regional inkişaf, təhlükəsizlik baxımdan əhəmiyyətini nümayiş etdirmiş oldu: "Bütövlükdə, Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın isə siyasi-hərbi cəhdlərinin fiaskosu ilə yadda qaldı".
Deputat deyib ki, Moskva görüşünün nəticələri fonunda Azərbaycanın qələbəsinə kölgə salmağa, ləkə yaxmağa çalışan anti-Azərbaycan dairələrinin və ölkəmizdəki "beşinci kolon"un təmsilçiləri olan AXCP, antimilli şura və başqalarının da fiaskosu müşahidə edildi: "Belə ki, ilk olaraq 10 noyabr tarixində Ermənistanın kapitulyasiyası haqqında sənədi ictimai qaydada imzalamağa cürəti çatmayan Paşinyan bu dəfə reallıqdan qaça bilmədi. İkincisi, Moskva bəyanatında dəfələrlə qeyd edilir ki, bundan sonra da atılacaq addımlar məhz 10 noyabr bəyanatına əsaslanır. Yəni, Ermənistan həmin bəyanatla üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıra bilməyəcək. Üçüncüsü, 10 noyabr bəyanatında olduğu kimi Moskva bəyanatında da Ermənistanın heç bir tələbi nəzərə alınmadı, hətta ermənilərin, AXCP və antimilli şuranın tez-tez səsləndirdikləri "status" məsələsi də öz əksini tapmadı, ümumiyyətlə o barədə danışılmadı. Bu səbəbdən də, Paşinyan acizanə şəkildə mətbuat konfransında bu barədə sərsəmləsədə,ona reaksiya verilmədi. Belə təxmin edilir ki, Paşinyanın bu barədə fikirləri sadəcə Ermənistanın daxili auditoriyasını sakitləşdirməyə hesablanmışdı. Dördüncüsü, Moskva bəyanatının imzalanması Prezident İlham Əliyevin 10 noyabr bəyanatından sonra dəfələrlə səsləndirdiyi təkliflərinin nəzərə alınması, hətta reallaşdırılması oldu. Bu da əlbəttə ki, regional inkişaf və təhlükəsizlik üçün nəqliyyat və kommunikasiya infrastrukturunun qurulmasıdır. Heç şübhə yoxdur ki, bundan sonra region dövlətlərinin hər biri nəqliyyat dəhlizlərinin və arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Beşincisi, Moskva görüşü zamanı, eləcə də imzalanmış bəyanatda bircə dəfə də olsun "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi işlədilmədi. Bu da o deməkdir ki, artıq bu ifadə keçmişdir, tarixdir. Rusiya kimi Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Altıncısı, Moskva bəyanatı ilə yaradılacaq işçi qrupları, həyata keçiriləcək infrastruktur layihələri ancaq dövlətlər arasında icra olunacaq. Yəni, ermənilərin də, AXCP, antimilli şura kimi marginal qrupların da hər hansısa "anklav qeybətləri"nə şərait yaradılmadı. Yeddincisi, Moskva görüşünün nəticəsi olaraq hər kəs Prezident İlham Əliyevin qətiyyətini, dövlətin və xalqın milli maraqlarına sadiqliyini gördü. Məhz, Paşinyanın mətbuat konfransında "əsirlərin dəyişdirilməsi məsələsində razılığa gələ bilmədik" etirafı bir daha Azərabaycanın diplomatik uğurunu və gücünü sübut etdi. Çünki Prezident İlham Əliyev dəfələrlə sual edib ki, müharibə noyabr ayının 10-da qurtarıbsa, Bəyanat imzalanıbsa, o zaman noyabrın 26-dan sonra bir qrup erməni diversantını Ermənistanın Şirak vilayətindən Xocavənd rayonuna kim göndərmişdi? Ya Ermənistan rəhbərliyi hələ də "dəmir yumruq"dan doymayıb, ya da sadəcə olaraq silahlı qruplaşmalara nəzarət edə bilmir. Ona görə də, əsir götürülmüş 60-dan artıq erməni terrorçusu hüquqi qaydada cəzalandırılacaqlar. Bununla da bir daha hər kəs bu məsələdə də Prezident İlham Əliyevin qətiyyətini görmüş oldu".
Sədaqət Vəliyeva qeyd edib ki, Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi kimi yadda qaldısa, Ermənistan üçün yeni fiasko etapı oldu: "Paşinyan Ermənistanın daxili auditoriyasına hesablanmış iki məsələnin qaldırılmasına nail olmağa çalışsa da, cəhdləri iflasa uğradı. Bunlardan birincisi, status məsələsi, ikincisi əsir götürülmüş erməni terrorçularının geri qaytarılması idi. Bundan sonra Ermənistan təxribata əl atmaq əvəzinə sülhün qorunmasına çalışmalıdır. Ermənistan 10 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməməlidir. Gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapmalıdır".
Süleyman
Olaylar.az