Rusiya Azərbaycan kimi etibarlı tərəfdaşını itirməmək son şansın yarandığını anlayır
7 Yanvar 2021 12:34 SiyasətXəyal Bəşirov: "Düşünürəm ki, Rusiya bu şansdan lazımi qaydada istifadə edəcək"
44 günlük Vətən müharibəsi başa çatsa da, lakin hələ də bu istiqamətdə müzakirələr davam edir. Əslində bu da normaldır. Çünki Azərbaycan indiyə qədər baş tutması mümkün olmayan bir prosesi reallaşdırıb. Etiraf edək ki, çoxları Azərbaycanın, konkret olaraq Azərbaycan dövlət başçısının müharibə varinatına əl atacağına o qədər də inanmırdı. Xüsusilə, regionda həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələrindən dolayı rəsmi Bakının müharibə variantından hər zaman imtina edəcəyi iddia olunurdu. Azərbaycan rəhbərliyinin lazım gələrsə ərazilərimizin müharibə yolu ilə azad ediləcəyinə dair fikirləri isə əsasən beynəlxalq aləmə mesaj, təzyiq kimi xarakterizə edilirdi. Ancaq zaman göstərdi ki, Azərbaycan dövləti, Azərbaycan rəhbərliyinin istər beynəlxalq aləm, dünya birliyi, istərsə də işğalçı Ermənistana qarşı səsləndirdiyi xəbərdarlıq mesajlarının arxasında real güc, qüvvə dayanır və həmin gücün, qüvvənin işə düşməməsi üçün mütləq bu xəbərdarlıqlardan nəticə çıxarmaq lazımdır. Elə 44 günlük Vətən müharibəsi də bunu bir daha təsdiq etdi. Elə hazırda da sözügedən müharibə ilə bağlı müzakirələrin davam etməsini şərtləndirən əsas amillərdən biri də məhz budur. Siyasi ekspert Xəyal Bəşirov da bu qənaətdədir. Bu istiqamətdə cərəyan edən proseslərə diqqət çəkən ekspert bildirib ki, Ermənistanın kapitulyasiyası və Azərbaycanın qələbəsi ilə bitən müharibədən sonra imzalanan məlum Bəyanatın tələblərinə əsasən, regiona yerləşdirilən sülhməramlılarla bağlı müzakirələr səngimək bilmir: "Təbii ki, bu və ümumilikdə postmüharibə dövrünə aid mövzuların yenicə müharibədən çıxmış dövlətimiz və xalqımız üçün prioritet xarakter daşıması normaldır. Ancaq, məhz sülhməramlı mövzusunun cəmiyyətimizin müzakirə rasionundan çıxmamasında və mümkün qədər yanlış istiqamətlərdə anlaşılmasında ciddi şəkildə maraqlı olan quvvələr var. Hesab edirəm ki, hazırki həssas məqamda bu cür cəhdlər, çox təhlükəli xarakter daşıyır. İndi isə, gələk rus sülhməramlılarının işğaldan azad edilmiş bəzi ərazilərimizə yerləşdirilməsi ilə bağlı səsləndirilən bir sıra narahatedici məqamlara. Cəmiyyətin təlaşlandırılmasına hesablanmış bəzi iddialara görə, "Rusiya bizim ərazilərimizə sülhməramlı kimi deyil, ordusunu yerləşdirmək üçün daxil olub". "Rusiyanın çoxdankı arzusu idi ki, Azərbaycana həmişəlik daxil olsun". "Rusiya orada ermənilər tərəfindən növbəti müharibəyə hazırlıq üçün, yeni istehkamların qurulmasında və terrorçu yuvalarının yaradılmasında maraqlıdır". "Biz ərazilərimizi kiçik düşməndən azad edib, böyük düşmənə verdik kimi," pafoslu və publikaya hesablanmış fikirlər səsləndirilir". Xəyal Bəşirov hesab edir ki, bu qəbildən olan əsassız fikirlərin yayılmasında maraqlı olan şəxslər, 27 sentyabr 2020-ci ilə qədər, "Prezident İlham Əliyev atasının vəsiyyətinə əsasən Ermənistanla heç vaxt müharibə etməyəcəkdir" ideyasını tirajlayanlardır: "17 ilik zaman və baş verən reallıqlar həmin şəxsləri və onların çürük iddialarını ifşa etdi. Bəlli oldu ki, Prezident İlham Əliyev, həm də, məhz ata vəsiyyətinə görə düşmənə müharibə ilə cavab verdi və onu darmadağın etdi. Çünki, böyük reallıqları böyük zamanlar, kiçik reallıqları isə, kiçik zamanlar isbat edir. Rusiya sülhməramlılarının Qarabağa, orada həmişəlik qalması məqsədilə girməsi ilə bağlı təbliğat prosesini aparanlar, əslində informasiya manipulyasiyası ilə məşğuldurlar. Nəzərə alaq ki, hazırki informasiya dövründə istəklər bilavasitə deyil, dolayı ifadələrdən istifadə edilməklə çatdırılır. Həmin fikir sahiblərinin təsiri altına düşən azsaylı cəmiyyət nümayəndələrini istisna etməklə, nəzərə alaq ki, bu fikir sahiblərinin məqsədləri bir tərəfdən düşmən ölkənin ictimaiyyətinə təsəlli verməyə xidmət edir. Digər tərəfdən də, zamanla insanlarımızda bu fikrə alışqanlıq yaratmaq məqsədi daşıya bilər".
Xəyal Bəşirov deyib ki, rus sülhməramlılarının işğaldan azad edilmiş ərazilərimizə daxil olmalarını bu qədər şişirtmək və həlledilməz problemə çevirmək absurddur: "Azərbaycan dövləti artıq bu təcrübəyə sahibdir və bu hətta problem olacaqsa belə ilk dəfə qarşılaşacağımız məsələ olmayacaq. Çünki son dəfə Rusiyanın elə indiki sülhməramlıların sayı qədər hərbçisi ölkəmizdən 7 il öncə çıxarılıb. Həm Azərbaycan dövlətinin, həm Rusiyanın və həm də, qardaş Türkiyənin (məğlub Ermənistanın fikri bu məqamda önəm daşımır) bu məsələ ilə bağlı mövqeləri səsləndirilib. Ancaq, yenə də, bu prosesi Rusiya hərbçilərinin Moldovaya, Gürcüstana və Ukraynaya girməsi ilə bağlı çox qüsurlu və əsassız müqayisələr aparılır. Unutmaq lazım deyil ki, həmin ölkələrdən fərqli olaraq bu prosesdə rəsmi sənəd imzalanıb və həmin sənəddə rus sülhməramlılarının ərazilərimizə girmə məqsədlərindən tutmuş, çıxacaqları ana qədər bütün detallar əks olunub. Rusiya sülhməramlılarının ərazilərimizə girməsini öz istəklərinə, arzularına və səsləndirilən əsassız iddialara görə gəlmədiklərini, əksinə münaqişə tərəflərinin maraqlarına uyğun girdikləri ilə bağlı düşündüyüm arqumentlər bunlardır. Rusiyanın önündə Qarabağı və cənubi Qafqazı dəfələrlə üstələyən və hər an gələ biləcək Çin boyda nəhəng bir problem var. Rusiya mütləq, o ərazilərə girməkdən ötrü çalışırdısa, elə müharibəyə qədər həmin ərazilər Ermənsitanın nəzarəti altında olarkən daha rahat şəkildə girə bilərdi. Əslində Rusiya ora girməklə, çox böyük müddətdən sonra ilk dəfə əzəli rəqibi olan Türkiyənin də, cənubi Qafqaza girməsinə şərait yaratmazdı. Hər birimizin xatirindədir ki, Vətən müharibəsi ərəfəsində Prezident İlham Əliyev də, Ermənistanın silahlandırılması ilə bağlı Azərbaycan xalqını ciddi narahat edən məsələyə dair, açıq şəkildə Rusiyanı ittiham edirdi. Artıq Rusiya rəsmiləri də, məhz Qarabağ münaqişəsilə bağlı xalqımızın şimal qonşumuzdan ciddi narazılığını dərk edir və Azərbaycan kimi etibarlı tərəfdaşını və qonşusunu itirməmək üçün bəlkə də, son şansın yarandığını anlayır. Düşünürəm ki, Rusiya bu şansdan lazımi qaydada istifadə edəcəkdir. Son olaraq qeyd edim ki, subyektiv olaraq heç bir başqa dövlətin hərbçilərinin bizim suveren ərazilərimizdə xidmət göstərməsinin tərəfdarı deyiləm, o cümlədən də Rusiyanın. Sadəcə müəyyən məqamlarda daha böyük itkilərdən yayınmaq üçün, belə çətin qərarların verilməsi zərurəti yaranır. Ancaq, hər bir halda, bu məsələni bu qədər siyasi mübaliğəyə məruz qoymağa da ehtiyac yoxdur".
Xəyal Bəşirov sonda onu da qeyd edib ki, Azərbaycan ordusu Ermənistan ordusunu, onun istifadə etdiyi silahlarla birlikdə darmadağın etdiyi kimi, zərurət yaranarsa eyni silahlara malik olan sülhməramlıları da, o ərazilərdən çıxarmağı bacarar: "Unutmaq lazım deyil ki, Azərbaycanın əbədi dostları və düşmənləri yoxdur, onun dövlətçilik maraqları vardır. Ona görə də, Rusiyaya qarşı sərt fikirlər səsləndirib, yalnız öz maraqlarına görə narahat olanlardan fərqli olaraq, dövlətimizin dünyanın hər yerində, o cümlədən də, Rusiyada olan çoxsaylı həmvətənlərimizin aqibətinə görə əndişələnmək vəzifəsinin olduğunu da, unutmaq lazım deyil".
Süleyman