Bütün dünya Azərbaycan və Türkiyənin qardaşlığına, əbədi birliyinə şahid oldu
17 Dekabr 2020 14:05 SiyasətAzərbaycanın sentyabrın 27-də növbəti erməni təxribatına qarşı başladığı əks-hücum əməliyyatı və uğurlu qələbəsindən bir xeyli müddət keçsə də, lakin hələ də 44 günlük Vətən müharibəsinin gedişi, Ordumuzun Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında yazdığı tarix, əsgər və zabitlərimizin döyüş zamanı göstərdikləri şücaətlər barədə danışılır, fəxr hissi duyulur. Əslində danışılmalıdır da. Hətta yaxın bir neçə il, 5-10- ildə deyil, əsrlərlə belə bu zəfər tarixi barədə danışılmalı, onu bizə yaşadanlar barədə qəhrəmanlıq dastanları qələmə alınmalıdır. Çünki məhz həmin igid əsgər və zabitlərimiz hesabına Azərbaycan öz şərəf tarixini yazdı, dünyaya nə dərəcədə güclü, qüdrətli ölkə olduğunu göstərdi.
44 günlük Vətən müharibəsi həm də Azərbaycan-Türkiyə qardaşlığını bir daha dünyaya sübut etdirdi. Elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradında iştirakı da bunun əyani sübutudur.
Elə Milli Məclisin deputatı Kamilə Əliyeva da bu qənaətdədir. Millət vəkili bildirib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın Ermənistan üzərindəki tam qələbəsi haqqın-ədalətin şər üzərində qələbəsi idi. Onun sözlərinə görə, bu qələbə ilə Azərbaycan dünyada ikili standartların hökm sürdüyü bir zamanda beynəlxalq hüququn mövcud olmasına və bundan irəli gələn reallıqların təmin edilməsi nəticəsində yer kürəsində ədalətin bərpa edilə biləcəyini bəyan etmiş oldu: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə gəbul edilmiş bütün beynəlxalq sənədlərin icrasını təmin etmiş oldu. Bu yolda şəhidlərimiz və başqa itkilərimiz də oldu. Lakin Azərbaycan haqq işindən dönmədi və bütün dünyaya, eləcə də Ermənistan və ona havadarlıq edən dövlətlərə sübut etdi ki, Azərbaycan xalqı sülhsevər xalq olmaqla yanaşı onun ləyaqətinə və torpağına təcavüz edənləri bağışlamıyacaqdır. Bütün xalq prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, Vətən Müharibəsinə qalxdı və Zəfərə aparan yolun təməlini qoydu".
Millət vəkili bildirib ki, 10 dekabr 2020 - ci il tarixini ən şanlı bir gün kimi qeyd etdik: "Bu parad Ali Baş Komandan, Ordumuzun güdrətli sərkərdəsi cənab İlham Əliyevin başçılıq etdiyi Azərbaycan Ordusunun əsgərlərinin canı, qanı bahasına qazandığı qələbənin nəticəsi- Zəfər paradı idi. Bu adi hərbi parad deyildi. Ola bilsin bundan sonra daha möhtəşəm paradlar keçirilsin, amma bu Zəfər paradı illər keçdikcə Azərbaycan xalqının yaddaşından silinməyəcək. İşğaldan azad edilmiş torpaqlarda ucaldılmış qələbə bayraqları bu paradda nümayiş etdirildi. Cənab prezident 2 il öncə təşkil olunmuş hərbi paradda qeyd etmişdir ki, yaxın vaxtlarda işğaldan azad olunmuş torpaqlarda ucaldılan bayraqlar Azadlıq meydanına gətiriləcək. Bu gün həmin gün idi". Kamilə Əliyeva qeyd edib ki, torpaqlarımızın alınmasında igidlik və qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimiz gürurla həmin bayraqları Zəfər paradında dalğalandırdılar: "Qarabağ torpaqlarını fəth etmiş Azərbaycan hərbçiləri Azadlıq meydanında şəstlə addımlayırdılar. Həmin gün bütün dünyanın gözü Azərbaycanda idi. Azərbaycan bütün dünyaya öz gələbəsini və gücünü nümayiş etdirdi".
Millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, Ermənistan və onun havadanları başa düşdülər ki, bu cür gücə və müasir Ordusu olan, döyüşkən və qəhrəman bir xalqa heç vaxt qalib gələ bilməzlər: "Digər tərəfdən Azərbaycanın yanında güclü və qüdrətli Türkiyə Cümhuriyyəti dayanır. Vətən Müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olan Türkiyə hər zaman olduğu kimi, bu Zəfər bayramında da Azərbaycanın yanında olduğunu sübut etdi. Bütün bu dəstəyə, həmrəyliyə görə Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Ərdoğana və Türk xalqına minnətdarlığımızı bildiririk. Doğrudan da Ulu Öndər Heydər Əliyevin dediyi kimi biz bir millət iki dövlətik. Ən gürurlu anlar Zəfər paradında Azərbaycan əsgəri ilə çiyin-çiyinə Türkiyə əsgərlərinin də addımlamaları oldu. Bütün dünya bir daha Azərbaycan və Türkiyənin qardaşlığına və əbədi birliyinə şahid oldu. Eşq olsun Ali Baş Komandan cənab İlham Əliyevə və Müzəffər Azərbaycan Ordusuna!".
Füzuli