Ölü qurumun "saman çöpündən yapışmaq” cəhdləri

Minsk qrupunun münaqişə olmayan bölgədə hansı fəaliyyəti ola bilər?

Nəhayət Azərbaycan region və beynəlxalq aləm üçün təhdid olan Dağlıq Qarabağ problemini təkbaşına, öz ordusunun gücü ilə həll etdi. Bununla beynəlxalq təşkilatlara və dünyanın super güclərinə sübut etdi ki, ədalətli, haqlı mövqeyini müdafiə etmək iqdidarındadır. Artıq Dağlıq Qarabağ problemi yoxdur, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, hazırda işğaldan azad edilmiş torpaqlarda quruculuq işləri aparılır. Lakin ölkəmizin bu qələbəsini hələ də həzm etməyən, "bəlkə də qaytardılar" prinsipi ilə yaşayan qüvvələr var ki, onlar bütün imkanlardan istifadə edərək "bulanıq suda balıq tutmaq" sevdasına düşüblər. Məkirli məqsədlərini gizlətməyən həmin qüvvələr Azərbaycanın əldə qtdiyi möhtəşəm qələbəni aşağılamaq, ermənilərin maraqlarını ən yüksək səviyyədə təmin etmək istiqamətində fəaliyyətə keçiblər. Belə qüvvələrdən biri də Dağlıq Qarabağ münaqiçəsinin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Miİnsk qrupudur ki, fəaliyyətə başladığı andan bu günə qədər qərəzli niyyəti ortada olub. Elə bu səbədən də Minsk qrupunun fəaliyyəti müddəti ərzində atdığı  addımların heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münaqişə tərəflərində "söz oyunundan" o tərəfə keçməyib. Məhz bu səbəbdən cəmiyyətdə nüfuzunu itirmiş Minsk qrupu fəaliyyətsiz bir quruma çevrilib. Ancaq nədənsə, qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maraqlı görünür. Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk qrupunda vasitəçi qismində  Rusiya,  Fransa və ABŞ təmsil olunur. Narahatverici məqam ondan ibarətdir ki, sadalanan dövlətlərin hər üçünün zahirən Azərbaycanla münasibəti normal olsa da onların ölkəmizlə bağlı dövlət maraqları göz önündədir. Elə Vətən müharibəsindən sonra qurumun nümayiş etdirdiyi mövqe hər şeyə aydınlıq gətirmiş olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edən zaman söyləyib ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir".

Lakin buna baxmayaraq Minsk qrupuna daxil olan dövlətlər heç də regionda maraqlarını itirmək niyyətində olmadıqları görüntüsü yaradırlar. Problemin həllinə heç bir aidiyyati olmayan, bölgədə yaranmış yeni situasiyaya uyğun olmayan bəyənatlarla münaqişə ocağını yenidən qızışdırmağa çalışırlar. Minsk qrupu üzvlərinin ölkəmizə son səfəri də dediklərimizi bir daha təsdiq etmiş oldu. Belə ki, vasitəçilər quruculuq işləri ilə bağlı yeni təkliflər, yeni siyasi proseslərin cərəyan etdiyi bölgədə atılacaq addımlara təkan verəcək tövsiyyələr vermək əvəzinə xatirələrini bölüşməklə kifayətləndilər. Əslində isə Minsk qrupunun hazırki fəaliyyəti ölü qurumun "saman çöpündən yapışmaq" cəhdindən başqa bir şey deyil. Təsadüfi deyil ki, Prezident İlham Əliyev vasitəçiləri qəbul edən zaman qeyd edib ki, "Mən Minsk qrupunu səfərə dəvət etməmişəm": "Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm".

Mİllət vəkili, Milli Məclisin komitə sədri Tahir Rzayev deyib ki, ATƏT - in Minsk qrupu yarandığı uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi və əslində problemin həll olunmaması üçün əlindən gələni əsirgəmədi. Ermənipərəst mövqedə duran qurumun fəaliyyətsizliyi nəticəsində BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin işğal olunmuş əraziləri qeyd - şərtsiz tərk etmələri barədə qətnamələri, bir çox beynəlxalq təşkilatların qərar və göstərişləri kağız üzərində qaldı, əməl olunmadı və bundan Ermənistan daha da azğınlaşdı, yeni təcavüzkarlıq planlarına əl atdı. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ATƏT - in Minsk qrupunun Fransadan və ABŞ - dan olan həmsədrləri Endri Şoteri, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu, ATƏT - in fəaliyyətdə olan şəxsi nümayəndəsi Anji Kaspşiki bu günlərdə qəbul edərkən bunları bir daha xatırladıb və Minsk qrupunun fəaliyyətsizliyini onların nəzərinə çatdırıb: "Dövlətimizin başçısının qeyd etdiyi kimi, 28 il vasitəçilik mandatından səmərəsiz istifadə edilib, haqqın - ədalətin bərqərar olması üçün heç bir əsaslı tədbir görülməyib. Belə olduğu halda, Azərbaycan özü tarixi ədaləti bərpa edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirərək erməni təcavüzkarlarını işğal etdikləri ərazilərdən çıxarıb. Əlbəttə, bu Azərbaycanın haqqıdır və xalqımız öz haqqını alıb. ATƏT - in Minsk qrupunun həmsədrləri Fransa və ABŞ bunu qiymətləndirməlidir. Amma bəzi beynəlxalq dairələr yenidən ermənipərəst mövqeyindən çıxış edərək əldə olunmuş qələbələrimizə kölgə salmaq, ləkə vurmaq istəyirlər ki, bu da qəbuledilməzdir və beynəlxalq hüquq normalarına ziddir. Digər tərəfdən, Rusiya Federasiyasının prezidenti Putinin dediyi kimi "artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur". Belə olan halda Minsk qrupu kimə və nəyə lazımdır? Bu barədə ATƏT fikirləşməli və qəti qərara gəlməlidir. Əgər bu qrup sülhməramlı tədbirlərə qoşulub neytral mövqe tutaraq xalqlar arasında qarşılıqlı münasibətlərin yaradılmasna xidmət edərsə o vaxt onun fəaliyyətini dəstəkləmək olar".

Nurlan  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31