Dünya düzəni ədalətə möhtacdır ƏKBƏR QOŞALI YAZIR

ƏKBƏR  QOŞALI

Türkiyənin Rusiyadan aldığı "S-400" zenit-raket kompleksləri (ZRK) ilə bağlı ABŞ-ın qardaş ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların hər hansı bəraəti yoxdur. Bu ABŞ xarici siyasətinə xas ikilistandart yanaşmanın daha bir təzahürü olub, tamamən haqsızdır. Artıq qardaş ölkə rəsmi orqanları ABŞ-ın bu adıyaman qərarına öz kəskin etirazını bildirib. Rəsmi Ankara haqlı olaraq, "S-400" ZRK tədarükü səbəbindən  Türkiyəyə qarşı birtərəfli sanksiyaları qınayır və rədd edir. Əlbəttə, qardaş ölkənin tam haqlı olaraq,  öz milli təhlükəsizliyini təmin etmək üçün hansı zəruri tədbirləri görməlidirsə, onu da görüb, bundan sonra da, gərəkən addımları atacaq. Heç şübhə yoxdur ki qardaş ölkəmiz ABŞ sanksiyasına qarşı cavab tədbirləri görmə imkanına, gücünə sahibdir.

Burada əsas məqam ondan ibarətdir ki Türkiyənin tam qanuni əsaslarla aldığı "S-400" sistemləri ilə bağlı NATO sistemlərinin zəifliyi mövzusunda ABŞ-ın irəli sürdüyü iddialar hər hansı bir elmi-texniki əsasa malik deyil.

Üstəlik, qardaş ölkə NATO-nun iştirakı ilə texniki məsələlərin mövcud olub-olmamasını aydınlaşdıracaq işçi qrupun yaradılması təklifi ilə də çıxış edərək, bu mövzunu obyektiv gerçəkliyə əsaslanaraq - siyasi qərəzdən uzaq şəkildə çözməyi dəfələrlə təklif edib.

Əlbəttə, bu məsələ Türkiyədə olduğu kimi bizdə də diqqətlə izlənir; Azərbaycan dövlət-xalq birliyi ruhu və qardaşlıq fəlsəfəsi ilə Türkiyəyə qarşı haqsız ABŞ qərarını pisləyir, düzgün olmayan qərar kimi dəyərləndirir.

Azərbaycan-Türkiyə münasibətlərinin vəfalı qardaşlıq, etibarlı dostluq, əsl qonşuluq münasibətləri olduğu təkzibedilməz hadisədir. Biz "Bir millət, iki dövlət" kəlamının yalnız şüar olmadığını, bir yaşam prinsipi, münasibətimizdə əsas istinadgahlardan biri kimi qəbul edirik. Dövlət başçımız cənab İlham Əliyev "S-400"-lərə görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir. Prezidentin köməkçisi Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, "NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir. Dövlətimizin başçısı bu halı ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir".

Azərbaycanla Türkiyə daim bir-birinin yanındadır və bu ədalətsiz qərara münasibət də istisna deyil. Artıq dünyanın fərqli ölkələrindən də ABŞ qərarının əsassız və qərəzli olduğunu vurğulayan açıqlamalar verilməkdədir.

Bu qərardan Türkiyənin ziyan çəkəcəyini düşünən zehniyyət, ABŞ-ın da ziyan çəkəcəyini düşünməlidir. İkilistandartlardan isə yalnız Türkiyə və iklistandartlar ustası ABŞ-ın özü deyil, bütün tərəqqipərvər bəşəriyyət ziyan çəkir.

Dünya düzəni ədalətlə möhtacdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31