Sülhməramlıların qaranlıq məramı

Dövlət içərisində dövlət yaratmaq planı reallaşdırılır?

Yüz illərdən bəridir ki, Rusiyanın əzəli Cənubi Qafqaz siyasətində heç bir dəyişiklik baş verməyib. "Pyotr babanın" vəsiyyətləri zaman-zaman xələfləri tərəfindən yerinə yetirilməkdədir. I Pyoturun "Vəsiyyətnaməsi"ndə "Azərbaycan" adlı dövlət mövcud olmasa da müasir Rusiya üçün nəinki "Azərbaycan" adlı coğrafi məkan, hətta Azərbaycan dövləti mövcuddur. Özü də elə bir dövlət ki, bu dövlətin maraqları təmin olunmadan regionda heç bir məsələnin həlli mümkün deyil. Yəni, Azərbaycan elə bir güc  sahibinə çevrilib ki, nəinki bölgənin eləcə də dünyanın güc sahiblərinin qlobal problemlərinin həll edildiyə məkan rolunu oynayır, üstəlik mövcud beynəlxalq qlobal problemlərin həllində təşəbbüskar rolunda çıxış edir. İş orasındadır ki, Rusiyanın şovinist dairələri bu reallığı həzm etmək istəmirlər. Məhz  bu səbədən də tarixi imkan yaranan kimi ondan maksinum istifadə etmək yolunu tutrlar. Elə Rusiyanın özünün yaratdığı Dağlıq Qarabağ problemində olduğu kimi. Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi Rusiyanın regionda nüfuzunun saxlanması üçün sünii surətdə yaradılmış bir problemdir. Başqa sözlə, Rusiyanın ucqarlarda münaqişə zonası yaradaraq "parşala hökm sür" siyasətinin tərkib hissəsidir. Ötən əsrin əvvəllərində də Dağlıq Qarabağ problemindən sui-istifadə edən Rusiya ordusunu bölgəyə yerləşdirmişdi, hazırda da bu istiqamətdə qaranlıq planlar üzərində iş aparır. Bir neçə gün əvvəl Azərbaycanın Hadrud və Xocavəndin kəndlərində baş verən hadisə dediklərimizin bariz nümunəsi kimi qəbul edilə bilər. Belə ki, erməni silahlı qüvvələri tərəfindən bir neçə dəfə təkrar olunan hərbi təxribat nəhayət bölgədə yerləşdirilmiş Rusiya sülhməramlılarının fitvası ilə Köhnə Tağlar və Çaylaqqala kəndlərində pik həddinə çatdı.Yaranmış qarşıdurmadan siu-istifadə edən Rusiya sülhməramlıları dərhal hərəkətə keçərək özü də bilmədən məqsədini açıqladı. Sən demə, Rusiya sülhməramlıların regiona gəlişinin əsil səbəbi Azərbaycanın daha çox ərazisini nəzarətə götürmək imiş. Qəfildən ortaya çıxan "yenilənmiş xəritə" özü hər şeyi deyir. Etiraf edilməlidir ki, sözügedən xəritənı tərtib etmək sülhməramlıların nə səlahiyyəti, nə də imkanları daxilində deyil. Ən azından belə xəritələr döyüş meydanında deyil, masalar üzərində çızılır. Ordu yox, siyasi xadimlər xəritələri ərsəyə gətirirlər. Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritənin təqdim edilməsi eyni mənzərənin göstəricisidir.

Əslində 44 günlük Vətən müharibəsi dövründə Rusiyanın sərgilədiyi münasibət çox mətləbdən xəbər verir. Başlayaq oradan ki, elə bizim mübarizəmizin Vətən müharibəsi adlandırmağımız Rusiyada birmənalı qarşılanmırdı. Elə bu səbədən də  Rusiyada müəyyən qüvvələr Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhd göstərdilər. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı ermənilərin Rusiya istehsalı olan uzamənzilli raketlər vasitəsilə dinc əhalini atəşə məruz qoyması heç də təsadüfi deyildi. Rusiya tərəfindən Ermənistana təmənnasız ötürülən bu cür silahların işə salınması Azərbaycana bir mesaj idi ki, "qələbə əldə edilsə belə Ermənistan mülki vətəndaşlara rahat buraxmayacaq, sabitliyi təmin etmək üçün mütləq bölgəyə Rusiya sülhməramlıları yerləşdirilməlidir". Bununla kifayətlənməyən Rusiya məlum marşurutlar üzrə humanitar yardım adı altında Ermənistana kifayət qədər silah çatdırması heç kimə sirr deyil. Hələ Rusiyanın birbaşa təşkilatçılığı ilə Suriyadan muzduurların Ermənistana gətirilməsi məsələsi açıq qalıb.

Artıq Rusiya sülhməramlıları münaqişə zonasında yerləşdirilib. Bu proses Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş qaydalar əsasında reallaşıb. Məsələ orasındadır ki, Rusiya sülhməramlıları götürdükləri öhdəlikləri icra etmək əvəzinə dövlət içərisində dövlət yaratmaq görüntüsü yaradırlar. Belə ki, sülhməramlılar Dağlıq Qarabağı tərk edən erməni mənşəli şəxsləri zorla geri qaytararaq bölgədə sünii surətdə onların sayını artıqmağa çalışırlar. Hətta bu məqsədlə onlar üçün 8 min fərdi evin tikliləcəyini açıqlayıblar. Ərazidə səhra qospitalının tikilməsi, orada çalışacaq həkim heyətinin Rusiyadan gətirilməsi, qospitalın həm də mülki vətəndaşlara xidmət göztərəcəyi çızılmış planın tərkib hissəsi deyilmi? Rusiya yaxşı başa düşür ki, sülhməramlıların Dağlıq Qarabağda olma müddəti 3 il nəzərdə tutulub. Hesab edir ki, bu müddəti uzatmaq üçün bölgədə mütləq hərbi təxribatlara, terror aktlarına ehtiyac var. Bunun üçün isə "erməni parizanları" ən optimal variantdır. Belə bir şəraitdə Rusiya sülhməramlılarının fəaliyyətinin Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğöurması anlaşılandır. Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmsını hiddətlə pisləyir. Odur ki, istənilən halda Rusiya istər Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu regiondakı digər fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır. Rusiyada müəyyən qüvvələr başa düşməlidirlər ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan çəkəcək. Təbii ki, belə bir vəziyyətin yaranması Rusiyaya heç bir halda sərf etməz. Çünki ortada Azərbaycanın güclü ordusu, Türkiyə kimi müttəfiqi var. Prosesin hərbi təxribatlarla davam etməsi isə son nəticədə Rusiyanın Azərbaycandakı imicinə böyük zərbə olacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31