Həmsədrlər olmadan da münaqişəni həll etmək mümkün oldu- MÜNASİBƏT-ÖZƏL
15 Dekabr 2020 10:19 Siyasətİlham Məmmədov: "Minsk qrupu dünyanın siyasi və diplomatiya tarixində münaqişələrin həlli ilə məşğul olan təşkilatlar, missiyalar içərisində ən fəaliyyətsiz, perspektivsiz bir qurum kimi yadda qalacaq"
Həftə sonu uzun müddətlik fasilədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən regiona səfərə gəldilər. Vasitəçilərin bu dəfəki səfəri həm onların formatı, həm də keçirdikləri görüşlər baxımından kifayət qədər fərqlənirdi. Birincisi, bu dəfəki səfərdə Minsk qrupunun Rusiyadan olan həmsədri yox idi. İkincisi, bir qayda olaraq Ermənistan, oradan isə qeyri-qanuni olaraq işğal altında olan Azərbaycan ərazilərinə keçərək orada yaradılmış separatçı rejimin rəhbərliyi ilə görüşən həmsədrlər daha sonra Bakıya üz tutur və Azərbaycan rəsmiləri ilə diplomatik qaydalara uyğun görüşlər keçirərək öz işlərini bitmiş hesab edirdilər. Bu dəfə isə həmsədrlərin ilk səfəri Azərbaycan paytaxtına oldu. Bundan başqa həmsədrlər həmişəki kimi separatçıların lideri ilə də görüşməyə maraq göstərmədilər və bundan imtina etdilər.
Vasitəçilərin səfəri və keçirilən görüşlərə diqqət çəkən Milli Məclisin deputatı İlham Məmmədov deyib ki, əvvəlki səfərlərdən fərqlilik və separatçıların lideri ilə görüşdən imtinaya səbəb olan amillərdən ən əsası Bakıda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə keçirilən görüşdə dövlət başçısı tərəfindən həmsədrlərə tutulan haqlı iradlardır: "Cənab Prezident həmsədrlərlə keçirdiyi görüşdə sözün həqiqi mənasında onlara diplomatiya və siyasət dərsi keçdi. Dövlət başçısı haqlı olaraq bu illər ərzində ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyişə nail olmadığını bildirdi". Millət vəkili deyib ki, həqiqətən də ATƏT-in Minsk qrupu 20 ildən artıq bir müddətdə yalnız status-kvonun saxlanılmasına, eyni zamanda Azərbaycanı işğal faktı ilə barışdırmağa çalışıb: "Bununla yanaşı həmsədrlər bu illıər ərzində ermənilərin işğal etdikləri ərazilərdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma, həmçinin talan və dağıntılar həyata keçirməsinə də deyərdim ki, şərik olublar. Çünki dəfələrlə Ermənistandan qeyri-qanuni olaraq işğal altında olan Azərbaycan ərazilərinə keçib separatçıların lideri ilə görüşəndə bu acı mənzərənin şahidi olub, öz gözləri ilə görüblər. Buna rəğmən bir dəfə də olsun ermənilərin işğal altında olan ərazilərimizdə həyata keçirdikləri dağıntılar, talançılıqla bağlı mövqe ortaya qoyub, bunu pisləyən bəyanatlar səsləndirməyiblər". Bütün bunları nəzərə alan deputat İlham Məmmədov qeyd edib ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri dünyanın siyasi və diplomatiya tarixində münaqişələr, problemlərin həlli ilə məşğul olan təşkilatlar, missiyalar içərisində ən fəaliyyətsiz, perspektivsiz bir qurum kimi yadda qalacaq: "Çünki bir daha qeyd etdiyim kimi həmsədrlər fəaliyyət göstərdikləri müddətdə Dağlıq Qarabağ probleminin həllinə nail olmaqdan daha çox, onun həllinə əngəl olmağa, status-kvonu saxlamağa çalışıblar. Problemin danışıqlar, diplomatiya yolu ilə həllinə nail olmayan həmsədrlər, eyni zamanda qətiyyətlə onun hərbi yolla həllinə də qarşı çıxır və Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkün olmadığını israrla bildirirdilər. Ancaq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu illər ərzində istər həmsədrlər, istər onların mənsub olduqları ölkələrin rəhbərləri ilə keçirdiyi görüşlərdə, istərsə də başda BMT olmaqla nüfuzlu beynəlxalq təşkilatların toplantılarında açıq şəkildə bəyan edirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycan beynəlxalq hüququn ona verdiyi imkanlardan yararlanaraq öz torpaqlarını işğaldan azad edəcək. Çünki Azərbaycanın səbri sonsuz deyil və torpaqlarımızın işğal altında saxlanılması ilə barışa bilmərik".
İlham Məmmədov bildirib ki, nəhayət Azərbaycan aparılan danışıqlar və diplomatiya cəhdlərinin mənasız olduğunu, eyni zamanda erməni təxribatlarının davam etdiyini görərək əks-hücum əməliyyatı həyata keçirərək işğal altında olan ərazilərini düşməndən təmizlədi: "Bir sözlə Azərbaycan bununla həm BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmiş oldu, həm ATƏT-in Minsk qrupunun missiyasını yerinə yetirdi, həm də münaqişəyə son qoydu. Elə regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərkibində rusiyalı həmsədrin olmaması da onu deməyə əsas verir ki, artıq Moskva da Dağlıq Qarabağ münaqişəsinin həll edildiyi qənaətindədir. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin də özünün son açıqlamalarında bunu ifadə edib. Əgər problem həll olunubsa, deməli artıq onun həlli ilə məşğul olmaq missiyası tapşırılan Minsk qrupu da əhəmiyyətsiz bir quruma çevrilib. Azərbaycanın 44 günlük Vətən müharibəsi də təsdiq etdi ki, həmsədrlər olmadan da münaqişəni həll etmək mümkün oldu".
Süleyman
Olaylar.az