Həmsədrlər bundan sonrakı fəaliyyətlərini...

MVP: "Azərbaycan Prezidentindən aldıqları diplomatik dərsə uyğun qurmalıdırlar"

Fəaliyyətləri dövründə üzərilərinə düşən missiya istiqamətində deyil, turistik səfərlər yönündə daha çox ad çıxaran, Dağlıq Qarabağ münaqişənin həllinə zərrə qədər belə müsbət təsir göstərə bilməyən, daha dəqiq desək bunu bilərəkdən etməyən ATƏT-in Minsk qrupunun həmsədrləri ötən həftənin sonlarında yenidən regionda peyda oldular. Vasitəçilərin bu dəfəki səfəri əvvəlkilərdən kifayət qədər fərqlənirdi. Birincisi ona görə ki, bu dəfə həmsədrlər üçlü deyil, ikili formatda Minsk Qrupunun Amerikadan və Frsnsadan olan təmsilçiləri ilə regiona gəlmişdilər. İkincisi, ən vacibi isə Minsk qrupunun vasitəçiləri bu dəfə ötən 30 ilə yaxın müddətdə olduqlarından daha ağıllı, kübar davranmağa üstünlük verirdilər. Eyni zamanda kifayət qədər cılız görünürdülər ki, bu da səbəbsiz deyildi. Çünki Bakıda onların gələcək taleyi həll olunacaqdı. Onların taleyi, gələcək fəaliyyətlərinin mümkünlüyü Azərbaycanın siyassi rəhbərliyinin mövqeyi, verdiyi qərarlardan asılı olacaqdı.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona bu dəfəki səfərlərinə diqqət çəkən Milli Vəhdət Partiyası hesab edir ki, əslində həmsədrlər 44 günlük Vətən müharibəsinin nəticələrinə müvafiq olaraq özlərini buraxmalı idilər. Çünki Minsk qrupu fəaliyyət göstərdiyi bu illər ərzində nəinki problemin həllinə nail ola bildi, əksinə onun həllinə başlıca mane rolunu oynadı: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu illər ərzindəki fəaliyyəti yalnız və yalnız status-kvonun saxlanılması, Azərbaycanın işğal faktı ilə barışması və işğal altında olan ərazilərin erməniləşdirilməsinin qəbul edilməsinə hesablandı. Ancaq Azərbaycan rəhbərliyi, Cənab İlham Əliyev hər dəfə həmsədrlərlə görüşəndə, eləcə də beynəlxalq təşkilatlarda etdiyi çıxışlar zamanı açıq şəkildə bəyan edirdi ki, rəsmi Bakı ərazilərinin işğal altında qalması ilə sonsuza qədər barışa bilməz. Əgər sülh danışıqları, diplomatiya cəhdləri nəticə verməsə, o halda Azərbaycan güc yolu ilə işğal altında olan torpaqlarını azad edəcək".

Milli Vəhdət Psrtiyası bəyan edir ki, Azərbaycan rəhbərliyinin bu tipli açıqlamalarının arxasında real güc, qüdrətli ordu olduğunu istər beynəlxalq təşkilatlar, istərsə də ATƏT-in Minsk qrupu gözəl bilsə də, lakin rəsmi Bakının müqəddəs savaşa başlaya biləcəyini təsəvvür etmirdilər: "Ancaq Azərbaycan öz potensialından, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək sentyabrın 27-də baş verən növbəti erməni təxribatına qarşı əks-hücum əməliyyatı həyata keçirdi və 44 gün ərzində erməni işğalı altında olan ərazilərini düşməndən təmizlədi".

MVP hesab edir ki, belə olan halda, Azərbaycan öz torpaqlarını erməni işğalından təmizlədiyi təqdirdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə də artıq lüzum qalmır: "Çünki Azərbaycan bu münaqişəni özü təkbaşına, vasitəçilərin heç bir müsbət effekt verən fəliyyəti olmadan həll etdi. Artıq həmsədrlər, eyni zamanda onların bağlı olduqları ölkələr də bu reallığı dərk etməli və Minsk qrupunun fəaliyyətinə yenidən baxmalıdırlar. Daha dəqiq desək bundan sonra ATƏT-in Minsk qrupu mövcudluğunu qoruyub-saxlamaq istəyirsə öz fəaliyyətini həftə sonu Bakıda Azərbaycan Prezidenti ilə keçirdikləri görüşlərdə aldıqları diplomatik dərsə uyğun qurmalıdır. Təsadüfi deyil ki, elə Minsk qrupunun Fransadan olan həmsədri də dövlət başçısı ilə görüşdə açıq şəkildə bəyan etdi ki,  "Minsk qrupunun işləməsinə gəldikdə, bu, tam Sizdən asılı olacaqdır".

Partiya hesab edir ki, ATƏT-in Minsk qrupu doğurdan yaxın keçmişdə yol verdiyi səhvlərdən nəticə çıxarıb, effektiv şəkildə fəaliyyət göstərməyə üstünlük vermək iqtidarındadırsa, ilk növbədə Ermənistanın imza atdığı 10 noyabr bəyanatının icrasına nəzarət etməli, işğalçı ölkənin Hadrutda olduğu kimi anoloji təxribatlar, terror əməlləri həyata keçirməsinin qarşısını almalıdır: "Əgər onlar doğurdan da regionda sülh və sabitlik tərəfdarıdırlarsa, o zaman Ermənistana ciddi nəzarət etməli, atdığı hər bir təxribatçı əmələ görə ona ciddi şəkildə təzyiq və təsir göstərilməlidir".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31