Elçin Mirzəbəyli: "Hazırda ortalıqda olan reallıq da ondan ibarətdir ki, Rusiya öz öhdəliklərini pozur"
14 Dekabr 2020 13:03 Siyasət"Azərbaycanda, xüsusilə də ölkənin ictimai rəyində Rusiyaya münasibətdə heç vaxt etimadlı münasibət olmayıb. Olması da mümkün deyil. Tarixi Azərbaycan torpaqlarında erməni əyaləti, erməni dövlətinin yaradılmasından ərazilərimizin işğalına və bu işğalın 30 illik bir zaman kəsiyində geosiyasi alver predmetinə, təzyiq vasitəsinə çevrilməsinədək... Vərəqlədiyimiz hər səhifədən ədalətsizlik qarsıb üzümüzü."
Bu sözləri "Olaylar.az"a açıqlmasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
"Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatından sonra, şimal qonşumuzun Qafqaza balayanların, köçəryanların yox, Tolstoyun, Yeseninin gözü ilə baxdığına, azacıq da olsa ümid bəsləməyə başlamışdıq. Amma çox keçmədi gözləntilərimizin bir tərəfi 30 ilə yaxın müddət ərzində işğala dəstək verənlərin tərəzisi kimi əyildi"
Elçin Mirzəbəyli sözlərinə görə "Bəyanatın ilkin müddəalarının həyata keçirildiyi zaman kəsiyində Rusiya sülhməramlılarından "mələk" düzəldənlərin, yaxud çayı keçməmiş çıxrmananların apardıqları təbliğata rəğmən, mavi papaqların altında gizlənən buynuzların yavaş-yavaş üzə çıxdığının şahidi olduq. "Sülhməramlı mələklər" mühafizə etdikləri ermənilər kimi hər gün əllərinə bir xəritə alıb "qapımızı döyməyə" başladılar".
Ekspert 10 noyabr bəyanatında nəzərdə tutulan hüdudları aşan bu yeni "xəritələr"in harada və kimlərin diqtəsi ilə, hansı əsaslarla hazırlandığı barədə isə baş verənlərdən ciddi narahatlıq keçirən Azərbaycan cəmiyyətinə heç bir məlumat verilmədiyini vurğulayıb.
"Kim çızır bu xəritələri? Səbəb nədir? Nə istəyir Rusiya? Bu xəritələri Rusiya sülhməramlılarına kim ötürür? Bu rəsmi Moskvanın mövqeyidir, yoxsa...? Hərçənd ki, Rusiyanın siyasi gündəminin əsas mövzularından olan bir prosesə kimlərinsə öz arzu və istəklərinə uyğun olaraq "xəritə soxuşdurduğuna" inanmaq çətindir. Və belə anlaşılır ki, telekanalları gecə-gündüz başqalarını ikili standartlarda, riyakarlıqda, öhdəliklərə əməl etməməkdə, məsuliyyətsizlikdə ittiham edən şimal qonşumuz eyni davranışları özü sərgiləməyə başlayıb. Zatən bundan öncə də sərgiləyirdi. Amma bu qədər də yox. Ən azından üzərindən bir neçə il keçirdi. Amma indi heç 40 gün də keçmədi"
"Hazırda ortalıqda olan reallıq da ondan ibarətdir ki, Rusiya öz öhdəliklərini pozur".
Elçin Mirzəbəylinin sözlərinə görə Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçularının Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlarına, bu hücumlar nəticəsində ölüm və yaralanma hallarına görə də, Rusiya sülhməramlıları birbaşa məsuliyyət daşıyır." Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdi. Məhz bu səbəbdən, keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlər Azərbaycanın nəzarətindədir. Əgər yeni hallar baş verəcəksə, şübhəsiz ki, Azərbaycan tərəfindən adekvat addımlar atılacaq"
"Rusiya sülhməramlıları isə hazırlayıb yaydıqları və reallığı əks etdirməyən xəritələrini qatlayıb arxa ciblərinə qoysalar daha yaxşı olar"
Rusiyadakı bəzi qüvvələr də yaxşı anlamalıdırlar ki, Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamaq mümkün olmayacaq. Azərbaycanlılar bölgənin ən böyük xalqı olaraq, yaşadıqları tarixi Vətənlərinin bir qarışından da vaz keçməyəcəklər. Çünkü biz bu torpaqların gerçək və yeganə sahibləriyik!
Düşünürəm ki, bu "yeni xəritələr"in dekabrın 10-dan sonra ortaya çıxması da təsadüfi deyil. Görünür bəzi dairələr Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya darmadağın edilmiş texnikanın nümayişini həzm edə bilmirlər.
Azərbaycanda baş verənlərin fərqindədirlər. Bütün bunlar isə istisnasız olaraq, ölkənin ictimai rəyində anti-Rusiya meyllərinin güclənməsinə səbəb olacaq. Onsuz da Azərbaycan cəmiyyətində Rusiyaya olan etimad tükdən asılı ağır yük kimidir və xəfif bir titrəyiş də münasibətin kökündən və həmişəlik dəyişməsi üçün yetərlidir.
Rusiyanın isə baş verənlərdən yeganə qazancı Azərbaycandakı imicinin tamamilə sarsılması olacaq!
Gülər Seymurqızı
Olaylar.az