Vüqar Rəhimzadə: “Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 ildə münaqişənin həllində heç bir rol oynamayıb”
14 Dekabr 2020 12:52 Siyasət"Mövcud reallıqlara uyğun olaraq addımların ardıcıl şəkildə atıldığı bir zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə səfəri hər kəsdə yalnız və yalnız 28 ilin turist səfərini, qonaq təəssüratını yaratdı. 28 ilin inamsızlıq mühitini bir saatda dəyişmək onlar üçün asan görünsə də, reallıq bunun əksini deyir"
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə "Olaylar.az"a açıqlamasında bildirib.
V.Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev Minsk qrupu ilə olunan görüşdə diqqəti 44 günlük müharibənin gedişinə, nəticələrinə, həmçinin 28 ildə aparılan danışıqlar prosesinə yönəldərək beynəlxalq vasitəçilərin rolunun qiymətləndirilməsini də bir zərurət kimi ortaya qoydu: " Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hərbi-siyasi vasitələrlə nail oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişə niyə həllini tapmayib? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bunu bacarmadı, yoxsa istəmədi? Münaqişənin həllində möhkəm hüquqi baza mövcud olduğu halda 30 il həllini gözləməsi ədalətə nə dərəcədə uyğun idi? Bu qəbildən olan sualları xeyli sayda sadalamaq olar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan haqqı-ədaləti bərpa edib, işğala son qoyub. "Hərbi variant yoxdur" deyən dövlətlərin özləri də anlayırlar ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər."
"Bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər" sualı ətrafında fikirlərini açıqlayan V.Rəhimzadə qeyd edib ki, artıq status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə həmsədrlər regionda yeni reallığa uyğun olaraq xalqları sülhə hazırlamalı, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola, buna uyğun olaraq yeni fəaliyyət proqramının ortaya qoyulması ilə regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərlər: " Vasitəçilər neytral olmalıdır. Lakin çox təəssüflər olsun ki, Azərbaycan ötən 28 ildə bunu ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində görmədi. ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri olan Fransa daim ermənipərəst siyasəti ilə diqqət çəkib və bu gün də ənənəsini davam etdirir. 28 ildə vasitəçilik missiyasının mahiyyətini dərk etməyən həmsədrlərin postmüharibə dövrünün reallıqlarını qəbul edib hədəflərə nail olmaq üçün səylər göstərmələri inandırıcı görünmür. Bu baxımdan ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi məsələsi daha çox müzakirə olunan təkliflər sırasındandır."
Baş redaktor dövlət başçısı İlham Əliyevin görüşdə Ermənistanın törətdiyi hərbi cinayətlərin hazırda sənədləşdirildiyini, Azərbaycanın artıq törədilən cinayət əməlləri ilə bağlı hüquqi prosedurların başladıldığını bildirib.
V.Rəhimzadə diqqəti Ermənistan hakimiyyətinin illərdir işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasəti həyata keçirdiyinə, ATƏT-in Faktaraşdırıcı Missiyasının iki dəfə həmin ərazilərdə olarkən bu faktı təsdiqləsə də hesabatlarında onun kim tərəfindən həyata keçirildiyini qeyd etməyi məqsədəuyğun hesab etmədiklərinə, işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə mane ola biləcəyini söyləməyi çıxış yolu hesab etmələrinə yönəldib: "Azərbaycan 10 noyabr Bəyanatının imzalanması ilə hərbi-siyasi Qələbəsini, Ermənistanın kapitulyasiyasını dünyaya nümayiş etdirdi. Artıq postmüharibə dövrünün hədəflərinin icrası istiqamətində addımlar atılır. Azərbaycanın tarixi Qələbəsi ümumilikdə regionda yeni reallıqlar yaradıb. Regionda yaradılan yeni əməkdaşlıq formatı çoxtərəfliliyi ilə diqqət çəkir. Ermənistanın da bu əməkdaşlıqda təmsil olunması təklif olunur. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Eyni zamanda, Ağdam rayonunda yaradılan Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürü, Türkiyə ilə Rusiya arasında yüksək əməkdaşlığın rəmzidir. Mövcud reallıqlara uyğun olaraq addımların ardıcıl şəkildə atıldığı bir zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə səfəri hər kəsdə yalnız və yalnız 28 ilin turist səfərini, qonaq təəssüratını yaratdı. 28 ilin inamsızlıq mühitini bir saatda dəyişmək onlar üçün asan görünsə də, reallıq bunun əksini deyir."
Gülər Seymurqızı
Olaylar.az