Rəşad Məcid: "Prezidentin bu çıxışı ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi deməkdir"
14 Dekabr 2020 12:39 Siyasət"Cənab prezident əvvəllər də həm müsahibələrində , həm də çıxışlarında ATƏT-in Minsk qrupuna sərt mövqelərini sərgiləmişdi. Bu dəfəki görüşdə isə 28 il ürəyində qalan sözləri dedi"
Bu sözləri "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Olaylar.az"a açıqlamasında deyib.
- Cənab prezident əvvəllər də həm müsahibələrində , həm də çıxışlarında ATƏT-in Minsk Qrupuna sərt mövqelərini sərgiləmişdi. Bu dəfəki görüşdə isə 28 il ürəyində qalan sözləri dedi. Gördük ki, xüsusilə də Fransadan olan həmsədr bədbin və köməksiz vəziyyətdə qalmışdı. Əslində, indiyədək siyasi proseslərdə deyilməyən bir çox fikirləri həmsədrlərin üzünə deməklə Azərbaycan Prezidenti bu gün dövrün ən böyük və qətiyyətli adamlardan biri olduğunu göstərdi.
Rəşad Məcidin sözlərinə görə İlham Əliyev bu illər ərzində məsələnin sülh yolu ilə həllinə inanıb, eyni zamanda hərb yolunun olduğunu da həmişə deyib.
"Həmsədrlər isə birtərəflilik göstəriblər. Prezident də çıxışında da bildiridi ki, həmsədrlər bu məsələnin həllini istəməyiblər. İstəsəydilər münaqişə həllini tapardı".
Rəşad Məcid "Elə bilirəm ki, Prezidentin bu çıxışı ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi deməkdir. Prezident Putindən də sitat gətirərək "Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur" fikirlərini bir daha səsləndirdi. Belə çıxır ki, bu görüş Minsk Qrupunun fəaliyyətinin sonuncu nöqtələri idi" - deyə qeyd edib.
Gülər Seymurqızı
Olaylar.az