Ermənistanın Hadrut fiaskosu
14 Dekabr 2020 11:23 SiyasətVə Rusiyanın sülhməramlı missiyasının səmərəsiz fəaliyyətindən doğan gərginlik
Ermənistan açıq-aşkar 10 noyabr bəyanatının şərtlərini pozmaq yönündə addımlar atır. Azərbaycanın bəyanatda nəzərdə tutulmayan bəndlərə baxmayaraq, Ermənistana bəzi məsələlərdə güzəştə getməsi belə işğalçı ölkənin təcavüzkar siyasətinə son qoymayıb. Son günlər Hadrut istiqamətində cərəyan edən proseslər bunu bir daha sübut edir. Erməni silahlı birləşmələrinin bəyanatın şərtlərinə əməl etməyərək meşələrdə gizlənməsi və Azərbaycan Silahlı Qüvvələrinə hücum edərək bir neçə hərbiçimizi öldürməsi və xəsarət yetirməsi də onu deməyə əsas verir ki, Ermənistan 44 günlük müharibədə aldığı dərsdən nəticə çıxarmayıb. Düzdür, Azərbaycan Ordusu meşələrdə gizlənib terrorçu fəaliyyətlə məşğul olan erməniləri zərərsiləşdirməyə nail olub. Ancaq heç kim zəmanət verə bilməz ki, belə hallar təkrar olunmayacaq. Buna zəmanəti yalnız və yalnız Rusiya və onun sülhməramlı missiyası verməlidir.
Ekspertlər də hesab edirlər ki, Hadrut istiqamətində cərəyan edən xoşagəlməz proseslər həm də Ermənistanın Rusiyanın sülhyaratma missiyasına zərbə vurmasıdır və rəsmi Moskva İrəvanla daha sərt dildə danışmalıdır. Çünki regionda Rusiyanın sülhməramlı missiyası kölgə altına düşür.
Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Ermənistan siyasi rəhbərliyinin və Xankəndində terrorçu Arayik Aratunyanın əsas planı Hadrutu geri almaqdır: "Məhz bu məqsədlə Hadrut ətrafında meşəliklərə Turşsu istiqamətindən təchizat yığıb, hücum ediblər. Bir aydan artıq mühasirədə qalıb, soyuq və qida çatışmamazlıqdan onlar buranı tərk edə, yaxud təslim ola bilərdilər. Xankəndindəki terroçubaşlar Arayik Aratunyan, Vitalı Balasanyan Rusiya sülhməramlı qüvvələrinə arxayın olub, Azərbaycan ordusunun hücum etməyəcəyinin fərqindədirlər. Onlara Rusiya sülhməramlı qüvvələri dəstək verib ki, onlar Hadrut əməliyyatlarına start veriblər. Bu, birbaşa imzalanmış bəyannəmənin pozulmasıdır. Azərbaycan adekvat əməliyyat nəticəsində iki kənd və bir yüksəkliyə nəzarəti ələ alıb. Bundan sonra Ermənistan preziddenti Moskvaya müraciət edib. Onların bu uğursuzluğundan sonra, belə qəfil toparlanmaları və müraciətləri Hadrut planlarının pozulmasından irəli gəlir. Məqsəd Hadruta Rusiya süıhməramlı qüvvələrinin yerləşdirilməsidir".
Politoloq hesab edir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi və Bakıda keçirilən Zəfər paradı Rusiyadakı bəzi qüvvələri narahat edib. Onun sözlərinə görə, xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı və Azərbaycana növbəti dəfə dəstək nümayiş etdirməsi şimal qonşumuzdakı ermənipərəst dairələri bərk qıcıqlandırıb. Ona görə də Ermənistanın əli ilə növbəti təxribata əl atılıb. Politoloq deyib ki, Rusiya buna görə Ermənistana ciddi təzyiq etməlidir. Çünki məhz Ermənistanın növbəti təxribatı ilə Rusiyanın sülhməramlı missiyasının qənaətbəxş olmadığı ortaya çıxır. Məhəmməd Əsədullazadənin ssözlərinə görə, Moskvanın baş vermiş təxribata qarşı Ermınistandan ciddi hesabat tələb etməməsi onu deməyə əsas verir ki, yaranan gərginlikdən, ümumilikdə bu prosesdən Moskva da məmnundur: "Çünki, Rusiya, konkret olaraq bu ölkədəki bəzi qüvvələr Dağlıq Qarabağda belə bir insdentlərin davam etməsində maraqlıdır ki, Qarabağda sülh və təhlükəsilzik təmin edilməsin. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasın.
Ancaq düşünürəm ki, Türkiyə-Azərbaycan tandemi Rusiyanın bu planının qarşısını alacaq. Azərbaycan prezidenti İlham Əliyevin Minsk qrupu həmsədrlərinə diplomatik master-klası bütün siyasi-hərbi üstünlüyün Azərbaycan tərəfində olduğunu nümayiş etdirdi. Göründüyü kimi Ermənistan prezidenti və Qarabağdakı separatçıların əsas fəaliyyəti Qarabağda münaqişəni davam etdirməkdir. Azərbaycan qəti şəkildə buradakı silahlı erməni birləşmələrinin çıxarılmasını tələb etməlidir. Əgər, qalacaqsa, Rusiya onlardan istifadə edərək daima təhlükəsizliyi təhdid edəcək. Rusiya sülhməramlı qüvvələrinin son günlər qurduqları postlarında mühəndis istehkam işlərini davam etdirməsi məhz bu planın tərkib hissəsidir. Yoxsa, nə üçün sülhməramlılar bu qədər güclü müdafiə sistemləri qursunlarki?! Ermənilərlə. birgə yaşayış və azərbaycanlıların bu ərazilərə köçürülməsində Rusiya da maraqlı görünümür".
Politoloq Yeganə Hacıyeva isə deyib ki, Hadrutun kəndlərinə hücüm etməklə, ermənilər mələyə-mələyə "müharibəni dayandır" deyə ayağına düşdüyü Rusiyanın səylərini sabotaj etdilər. Onun sözlərinə görə, bu həm də ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıda səfərdə olarkən, "Rusiya sülhməramlıları işinin öhdəsindən gəlmir, biz də qoşulaq" arqumenti vermək üçün cəhdlər idi: "Ancaq Azərbaycan Prezidenti, onların söylənilə biləcək bütün arqumentlərini bəri başdan blokladı. Sonunda da müharibə Rusiyanın təşəbbüsü, hər üç ölkə rəhbərinin razılığı ilə dayandı sizin yox, deməklə ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur dedi. Kəlbəcərdən çıxmaq üçün artıq 10 gün Putinin xahişi ilə verdik, özlərini necə apardıqları göz önündədir, deməklə də, heç bir güzəşt olmayacaq dedi. Həmsədrlərə də Atanızın il dönümünə gəlmişik kimi fikirlər söyləmək qaldı". Yeganə Hacıyeva qeyd edib ki, amma Hadruta hücum bəzi şeylərə bir daha aydınlıq gətirdi: "Rusiya sülhməramlıları işinin öhdəsindən yaxşı gəlmir. Erməni silahlılarının likvidasiyası onların öhdəliyi idi. Bu o deməkdir ki, patrul 3-lü gedəcək. Xankəndinə də, Laçın dəhlizinin Ermənistandan girişinə də Azərbaycan özü nəzarət edəcəyi halda, bölgə sabitləşəcək. Biz bölgənin bərpası üçün milyardlarla yatırım yatırmağı planlaşdırırıq. Bu qədər vəsaiti və ən əsası Azərbaycan dövlətinin təhlükəsizliyini, erməni qızlarının samagonla başını qatıb, terorçuları postlardan rahatlıqla keçirə biləcəyi mexanizmə etibar edə bilmərik. Burda onu da qeyd etməliyəm ki, Azərbaycan Prezidenti dünən dünya miqyaslı siyasətçi olduğunu sübüt etdi".
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazilərdə qalan erməni terrorçularının və Ermənistan silahlı birləşmələrinin terror və diversiya əməllərinə qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən anti-terror əməliyyatının həyata keçirilməsi tamamilə qanunauyğundur. Çünki Azərbaycan Ordusu 44 günlük müharibədə bu əraziləri 30 ilə yaxın davam edən erməni işğalından azad etsə də, lakin bir neçə kəndin meşəlik ərazilərində gizlənən erməni silahlıları 10 noyabrın razılaşmasının imzalanmasının üstündən bir ay keçəndən sonra yenidən fəallaşmağa və işğaldan azad edilmiş ərazilərdə texniki-bərpa və müdafiə işləri aparan Azərbaycan hərbçilərinə, mülki şəxslərinə qarşı təxribatlar törətməyə başlayıblar.
Partiya sədri qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyinin də bildirdiyi kimi Xöcavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində məhz erməni silahlı birləşmələrinin qalıqlarının atəşkəsi pozması və qəfil hücumu nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub, bir nəfər isə yaralanıb: "Ermənistan bu silahlı ünsürlərə, özlərini "partizan" adlandıran quldurlara nəzarət edə bilmirsə və onları Qarabağdan geri çəkmirsə, deməli, Azərbaycanın anti-terror əməliyyatı keçirməsi tamamilə labüd idi. Ora bizim ərazidir. Qarabağda bir nəfər də olsun erməni silahlısı qalmamalıdır. Azərbaycan öz ərazilərində bir nəfər də silahlı erməni qalmasına imkan verməyəcək".
Əlisahib Hüseynovun sözlərinə görə, ərazilərimizdə qalmağa cəhd göstərən erməni silahlı dəstələri antiterror əməliyyatları sayəsində məhv ediləcək. Bunu bizim ərazi bütövlüyümüz və təhlükəsizliyimiz tələb edir: "Bu mənada, baş verən atışma hallarının məsuliyyəti də məhz Ermənistan tərəfinin üzərində qalır. Odur ki, Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi ənənəvi erməni riyakarlığından başqa bir şey deyil. Ermənistan hakimiyyəti, erməni müxalifəti və erməni KİV-ləri günahkar axtarırlarsa, getsinlər güzgüdə özlərinə baxsınlar. Ermənilər başa düşməlidirlər ki, indi Azərbaycana qarşı revanşa can atmaqdan, qisasçılıq hissi ilə alışıb yanmaqdansa, Azərbaycanla sülhə razılaşmağın, anlaşmağın vaxtıdır".
Süleyman
Olaylar.az