Öz vətənlərinə xəyanət edən başıpozuq emmisarlar unudurlar ki, ...

Hacı Ceyhun Şükürov: "Artıq Azərbaycan əvvəlki çarəsiz, hər kəsdən yardım uman biçarə bir ölkə deyil"

"Sözüm təqlid, etiqad etdiyi dini məzhəbin və ya ideologiyanın daşıyıcısı olan ölkənin içərimizdəki "5-ci kalon" nümayəndələrinədir. İstər bu İran, istər İraq, istərsə də Suriya, Səudiyyə Ərəbistanı, Misir olsun fərq etməz. Dar çərçivədən baxaraq öz ölkəsinin suverenliyini, ölkənin əmin-amanlığını, ərazi bütövlüyünü, əhalisinin müqəddəratını, milli birliyini təhlükə altına alan biçarələr beyinlərini həmin ölkələrin xüsusi kəşfiyyat idarələrinə "icarəyə" veriblər".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri ilahiyyatçı Hacı Ceyhun Şükürov səsləndirib. Onun sözlərinə görə, öz vətənlərinə xəyanət edən bu başıpozuq emmisarlar bir şeyi unudurlar ki, artıq Azərbaycan əvvəlki çarəsiz, hər kəsdən yardım uman, hər kəsə qapısını açıb xalqının güzaranını fikirləşən biçarə bir ölkə deyil: "Artıq Azərbaycan öz sözünü həm hərb meydanında, həm də siyasi müstəvidə deyə bilən bir ölkədir. Onlar iqtisadi-hərbi potensialı gündən-günə inkişafı gözlər önündə olan Vətənimizə heç nə edə bilməyəcəklər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demiş-"başaramayacaqlar". Hüquq-mühafizə orqanlarımızın və xüsusi kəşfiyyat idarələrimizin bunların cılız, hökmü özlərindən başqasına işləməyən agenturasını vaxtında ifşa edib məsuliyyətə cəlb edəcəklərinə zərrə qədər şübhə etmirəm. Allah ölkəmizi, millətimizin, dövlətçiliyimizi, ordumuzu və dövlətimizin keşiyində duran hər bir qurumu və onların şəxsi heyətini qorusun. Ölkəmizə, millətimizə, bayrağımıza, ordumuza, dövlətçiliyimizə qarşı olan bütün düşmənləri Allah zəlil etsin, Allah onların məkir və hiylələrini öz başlarına salsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31