Ərdoğan: "Əliyevin bu məsələlərdəki mövqeyi Makronun planlarını alt-üst etdi"
11 Dekabr 2020 14:37 Siyasət"Qarabağ zəfəri Türkiyə-Azərbaycan münasibətləri tarixində bir mərhələdir. "Bir millət, iki dövlət" prinsipi Azərbaycanla həmrəyliyimizin təməl fəlsəfəsidir. Bu birlik və həmrəylik Qarabağın azad olunması ilə taclandırılmışdır"
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfərindən qayıdarkən Heydər Əliyev adına hava limanınında jurnalistlərin suallarını cavablandırıb.
Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən önəmli məqamlara toxunub. Həmin açıqlamalardan bəzilərini sizə təqdim edirik:
"Qarabağ Zəfəri ilə Qafqaz tarixində yeni bir səhifə açıldı. İnanıram ki, bundan sonra bölgənin tarixi yeni bir istiqamətdə formalaşacaqdır. Üzərində çalışdığımız "altılı platforma" hər kəs üçün qazanc imkanları təmin edəcək bir təşəbbüsdür. Ermənistan da bu prosesə qatılsa və müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni bir səhifə açıla bilər. Yeni imkanlar yaranarsa, şübhəsiz ki, Ermənistanın qazancı burada xeyli artacaqdır. Bundan ən çox qazanan Ermənistan olacaqdır".
Fransanın qondarma "Dağlıq Qarabağ respublikası"nı tanıması məsələsinə toxunan Ərdoğan " Xüsusilə, cənab Əliyevin bu məsələlərdəki mövqeyi Makronun planlarını alt-üst etdi. Bu kimə zərər verəcək? Fransaya. Niyə? Bəlkə də, Fransa bugünədək atılan addımlar, məsələn, müxtəlif sazişlər ilə Azərbaycan-Fransa münasibətlərinə son qoyacaqdır. Bu, siyasi təcrübəsizlikdir".
Türkiyə Prezidenti Rusiyanın Qarabağda sülhməramlı dəstələrinin yerləşdirilməsi ilə bağlı suala isə "Bilirsiniz ki, artıq Azərbaycanla hərbi hazırlığa dair müqaviləmiz var. Nəhayət, bu razılaşmanı artıq Parlamentimizdə də təsdiqlədik. Bu əməkdaşlıq sayəsində təlim nöqtəsindəki razılaşma aramızdakı həmrəyliyi çox fərqli bir platformaya daşıyacaq. Bütün bunlar aramızdakı həmrəyliyi gücləndirəcəkdir. Artıq aramızda kəşfiyyat işbirliyimiz var. Buna görə inşallah, Türkiyəsiz olmaz və Azərbaycanla hər sahədə əməkdaşlığımızı davam etdirəcəyik. Bu əməkdaşlığı Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya daxil olmaqla hər sahədə davam etdirəcəyik. Azərbaycanla əməkdaşlığı, yalnız, prezident səviyyəsində deyil, bütün nazirlərimiz və digər bölmələrimiz bu əməkdaşlığı sədaqətlə davam etdirəcəklər" cavabını verib.
Gülər Seymurqızı
Olaylar.az
.