Regionun inkişafına xidmət edəcək Ankara-Bakı əməkdaşlığı

Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı səfərləri və səfər çərçivəsində imzalanan yeni əməkdaşlıq sazişləri, aparılan müzakirələr bir qayda olaraq təkcə Ankara və Bakı deyil, ümumilikdə region üçün müsbət perspektivlər, imkanlar açır. Elə bu günlərdə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda verdiyi mesajlar, həmçinin imzalanan sazişlər kimi. Məlumat üçün qeyd edək ki, səfər çərçivəsində keçirilən görüşlər zamanı verilən açıqlamalar və imzalanan sənədlər arasında iki mühüm məqam diqqəti çəkdi. Birincisi, Türkiyə prezidenti bildirdi ki, regionda 6 ölkənin yeni əməkdaşlıq formatı yaradıla bilər ki, bu formata Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan daxildir. Təbii ki, belə bir əməkdaşlıq formatının yaradılması mümkünlüyü hər şeydən əvvəl işğalçı Ermənistanın bundan sonra atacağı addımlarla bağlıdır.

Səfər zamanı diqqət çəkən digər bir məsələ iki qardaş ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə bilməsi mümkünlüyü barədə əldə edilən razılaşma oldu. Hər iki məsələ ilə bağlı ekspertlər müxtəlif şərhlərlə çıxış ediblər. Ümumilikdə isə, həm Ərdoğanın səfəri, həm də müzakirə edilən məsələlər və əldə edilən razılaşma istər Bakı-Ankara, istərsə də regional əməkdaşlıq baxımından müsbət xarakterizə edilib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat konfransında söylədikləri 6 ölkədən (Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan) ibarət əməkdaşlıq formatının yaradılması ideyası region üçün faydalıdır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə qalibdirlər və qalib kimi böyüklük göstərib Ermənistana əl uzadıb təklif edirlər ki, iki ölkəyə qarşı ərazi iddiasından əl çək və sən də əməkdaşlıq formatına qatıl: "Ermənistan hakimiyyətinin, siyasi dairələrinin və cəmiyyətinin hansı qərar verəcəyini söyləmək çətindir. Çünki, bu millət arxadan zərbə vurmaqda mahirdir. Doğrudur, Ermənistanda müharibədən sonra "Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bizim üçün faydalı olar" səsləri eşidilməyə başlayıb. Ancaq hələ ki, erməni siyasətçiləri və cəmiyyəti revanş əhval-ruhiyyəsindədir. Məni təklif edilən əməkdaşlıq formatında Ermənistandan çox Gürcüstanın hansı qərar verəcəyi düşündürür. Əməkdaşlıq formatında 4 ölkənin - Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın iştirak edəcəyi ehtimalı yüksəkdir. Ermənistanla yanaşı Gürcüstan da sual altındadır. Gürcüstanın haqqında danışılan formata qatılması üçün Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan vaz keçməsi lazımdır. Ancaq Kreml 6 ölkənin əməkdaşlıq formatı naminə Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytaran deyil. Gürcüstanın isə işğal göz yumub Rusiyanın yer alacağı formatda iştirak edəcəyi şübhəlidir. Rusiya Gürcüstanın ilkin şərt irəli sürmədən Rəcəb Təyyub Ərdoğanla İlham Əliyevin təklif etdiyi formata qatılmasını istəyərdi, ancaq rəsmi Tbilisinin buna razılaşmasının ehtimalı azdır".

Politoloq deyib ki, Ermənistan və Gürcüstan kənarda qalsa belə, dördlü format (Türkiyə, Azərbaycan, Rusiya və İran) əsasında əməkdaşlıq formatı yaratması - ortaq layihələr reallaşdırması mümkündür: "Təsadüfi deyil ki, Rəcəb Təyyub Ərdoğan mətbuat konfransında rusiyalı həmkarı Vladimir Putinin ünvanına bir neçə dəfə xoş söz dedi. Deməli, Ərdoğan məlum təklifi Putinlə müzakirə edib və müsbət cavab alıb".

Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Türkiyə Azərbaycan arasında pasport rejiminin ləğvi iki qardaş ölkə arasında münasibətlərin daha da dinamik inkişafının nəticəsidir. Onun sözlərinə görə, iki ölkənin regionda yeni siyasi platforma qurması, regionda digər xalqların da bu platformaya inteqasiyası və yeni bir əməkdaşlıq formatının qurulmasına gətirib çıxara bilər: "Ankara-Bakı platfotması, Cənubi Qafqazın yeni bir siyasi kombinasiyasını quracaq. Bu platformada Gürcüstanın da yer alması və gələcək perspektivdə regional ölkələrin bu kombinasiyada yer alması mümkün ola bilər. Altı ölkənin bu platformada yer alması, əsasən Türkiyənin  burada aparıcı bir ölkə olaraq mövqeyinin güclənməsinə gətirib çıxara bilər. Bundan əlavə, bu siyasi -iqtisadi platforma Rusiyanın da regionda hərbi iştirakını zəiflədəcək.  Çünki, Rusiya öz sülhmərmalı qüvvələri ilə Azərbaycanın Dağlıq Qarabağ  hissəsindədir. Ona görə də bu  ərazilərdə Azərbaycanın suverenliyinin təmini Rusiya ilə birgə işdən keçəcək". 

Məhəmməd Əsədullazadə deyib ki, Ankara- Bakı müttəfiqliyi Moskva ilə mümkün əməkdaşlıq çərçivəsində  bu mərhələni uğurla həll edə bilər: "Moskva burada erməniləri ciddi müdafiə edib, regionda öz məqsədləri üçün istifadə edərsə, regionda Rusiyanın mövqeyi zəifləyə bilər.  Kiçik bir ərazidə ermənilərin yardımdan asılı olması və yaşayışlarının çətinliyi onların bir müddət sonra bu əraziləri tərk etməsinə gətirib çıxara bilər. Çünki, Rusiya da uzun illər burada ermənilərə yardım edə bilməyəcək. Kiçik bir ərazidə ermənilər Azərbaycanın suverenliyini qəbul edib yaşamaq məcburiyyətindədirlər.  Ermənilər istədi, istəmədi yeni siyasi kombinasiya Xankəndini də əhatə edəcək".

Politoloq deyib ki, Ermənistan rəhbərliyi hazırda Türkiyə və Azərbaycanla iqtisadi və siyasi əlaqələrin bərpasında maraqlıdır: "Belə olan təqdirdə Azərbaycan ərazilərində "Artsax Respublikası" yaxud burada" status" məsələsinin gündəmə gətirilməsi olmayacaq. Əgər, kiçik bir ərazidə ermənilərdən siyasi-hərbi məqsədlər üçün istifadə edilərsə, bu Rusiyanın regiondan getməsi ilə nəticələnə bilər.  Regionun siyasi nizamı dəyişdikcə, proseslər Azərbaycanın lehinə dəyişir və nəticədə Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31