HƏR ŞƏHİD ÖMRÜ ANLADILMAZ BİR DASTANDIR

Yevlaxımın da şəhidləri var. Hamısı da biri-birindən yaraşıqlı, sərv boylu, həyat eşqi ilə dolu igidlər. Qəribədir, niyə onların hamısının çöhrəsindən nur tökülür?! Niyə təbəssümləri, gülüşləri ahənrüba kimi insanı özünə çəkir?! Hər dəfə Şəhidlər Xiyabanında onların son mənzilə yola salınmasında iştirak edəndə, övladlarına vətən namusunu ana namusu kimi südü ilə bərabər içirən analara baxırdım. Ruhlarında cəsarət, hərəkətlərində əsalət, vüqar, dimdik duruşları ilə canlı abidəyə bənzədirdim oları. Sinələrindəki oğul yanğısını yavaş-yavaş oxşamalarla, ağılarla, göz yaşlarıyla ifadə edirdilər: "Oğlum, nolardı qollarını, ayaqlarını qoyub gələydin. Bircə quru nəfəsini gətirəydin, o mənim də nəfəsim olardı. Ömrüm boyu sənə qulluq edərdim, nazını çəkərdim...". İçimdə fəryad qopurdu, özümü saxlaya bilməyib çoxusuna sarılırdım, deyirdim, ana, onların başqa seçimi yox idi. Bayrağımızın əsarətdən qurtardığımız torpaqlarda dalğalanması üçün oğullarımızın alıb-verdiyi tərtəmiz, müqəddəs nəfəsləri Vətənə qurban getməliydi. Bu bizim taleyimizdir.

Bəli, tariximizə qara ləkə kimi düşən 30 illik işğala mübarək qanlarıyla son qoydu şəhidlərimiz. Kimi anasının yeganə övladı, umuduydu, kimi geridə ailəsini, yetim uşaqlarını, kimi arzularını, xəyallarını, gizli sevdalarını qoyub getdi. Getdikcə ürəyimizdən, ciyərimizdən parçalar da alıb apardılar. Yaralarımız həmən sağalmayacaq, bu alın yazısıdır Türkün. Bayrağının rəngi heç solmur, daima al qırmızı olur. Amma onların gedişi doğacaq sabahlarımızın, təpə başlarında əbədi dalğalanacaq bayraqlarımızın müjdəçisidir. Dünya gördü ki, biz Vətəni heç nəyə fəda etmirik, hər şeyi Vətənə fəda edirik.

Milyonların vətən nisgilinə son qoyan oğullarımızdan biri də yevlaxlı Toğrul Məmməd oğlu Bərxudarovdur. Qohumluğumuz da çatır. Çünki yaxından tanıyıram bu ailəni. 33 yaşı vardı Toğrulun. O, 2001-ci ildə Yevlax şəhər 9 saylı orta məktəbi bitirərək təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirir. Rəhmətlik atası çox istəyirmiş ki, Toğrul hərbçi olsun, general olsun. O, da atasının arzusunu həyata keçirmək üçün ömrünü qürurla hərb sənətinə həsr edir və bu istiqamətdə təhsilini davam etdirir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2008-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirərək elə həmin il Təlim Tədris Mərkəzinə daxil olur və 2009-cu ildə də buranı müvəffəqiyyətlə başa vurur. Bu sənətə sevdalanan gənc Toğrul 2013-cü ilə qədər "N" saylı hərbi hissədə motoatıcı taqım komandiri, həmin ildən 2017-ci ilə dək isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı taqım komandiri, sonra bölük komandir-müəllim, başqa hərbi hissədə motoatıcı tabor komandirinin müavini, sonra həmin hərbi hissədə motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifələrində vətəninə xidmət etmişdir. Hər şey: "bir canım var, o da vətənimə qurban olsun" deyərək başladı. Vətən müharibəsi başladığı ilk gündən qanlı döyüşlərə atıldı. Döyüş yoldaşları danışır ki, əsgərləri ruhlandırmaq üçün tankın üstündə ayaqüstə, dimdik gedirdi. Özünü sipər edirdi, həm əsgərlərinə, həm vətəninə. Sonuncu dəfə qardaşı Bəxtiyarla danışarkən: "Qardaş, mənə görə narahat olmayın, anamı televizora baxmağa qoyma ha..." Görəsən, niyə ürəyinə dammışdı ki, şəhid olacaq?! Çox sevdiyi qardaşına bir də: "mənə bir şey olsa, uşaqlarım sənə əmanət" - dedi.

Qızı Güllünü həkim, oğlu Əlini hərbçi görmək istəyirdi Toğrul. Oğlu Əli hələ də atasının şərfini boğazına bağlayır, atamın iyini bu şərfdən alıram, deyir. Son dəfə həyat yoldaşı ilə danışıb, ondan halallıq da alıb: "İnşallah bu işi də yola verəcəm, sağsalamat qurtararıq. Amma işdi mənə bir şey olsa, dimdik dur, sağlam dur. Hər zamanki kimi. Möhkəm ol, başını dik saxla" deyib telefonda. O gündən, bu günə həyat yoldaşı Zəhra bu səsə yüz dəfə, min dəfə qulaq asıb. Sentyabrın 29-da hamıdan çox sevdiyi anası Güllü xanımla danışıb, hər şeyin çox yaxşı olduğunu deyərək, onu sakitləşdirib. Niyəsə mənə elə gəldi ki, Toğrul anasına ürəyində bu şeiri pıçıldayırdı:

Mən öləndə,

anamın göz yaşlarının,

altında basdırın məni.

Onsuz da,

anamsız darıxan qəbrim,

hər gün

sürünə-sürünə də olsa,

Gedib tapacaq anamın gözlərini,

tapacaq anamın göz yaşlarını.

Mən ölən gün,

Hamı gözlərini tutsun əliylə,

heç kim anamı qəmli görməsin.     

Sabahı gün isə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Hər dəfə Güllü xanımla görüşəndə, onun sakitcə gözlərindən qəlbinə axan göz yaşlarını görür, dözməyərək hönkürürəm. Hər zaman qohumda, əqrəbada hamımıza nümunə olub. Qeyrəti, isməti ilə hər kəsin ehtiramını qazanıb. 30 ildən artıq uşaq baxçasına rəhbərlik edəndə belə, təkcə buradakı körpələri yox, tabeçiliyində işləyənlələri də öz balası kimi tumarlayıb, yol göstərənləri olub. İftixarla mənə deyir: Toğrul öz əsgərlərini necə sevirdi allah. Öz balası, qardaşı kimi danışırdı onlar haqqında.

Keçmiş əsgəri Kamran Babayev komandirini böyük hörmətlə xatırlayır: "Mən tərxis olunanda cənab mayor kapitan rütbəsində idi, həm də bizim qərargahın rəisi. Kabinetini, sənədlərini mənə etibar edirdi. Deyirdi, Babaş, tərxis olunandan sonra məni zəng eliyib axtaracaqsan? Bəli deyirdim, cənab kapitan. Tərxis olduqdan sonra mən ona zəng eləyib hal-əhvalını soruşurdum. O da mənə gələcək işlərimdə uğurlar diləyir, tövsiyələr verirdi. Əsgər ikən atam rəhmətə getmişdi. Məni vağzala qədər öz maşını ilə apardı. O, təkcə komandir deyildi, bizə böyük qardaş idi. Tez-tez müharibədən danışardı, savaşdan qorxmayın, keşkə mən şəhid olam, şəhidlik uca zirvədir, deyirdi. Biz isə həvəslə söyləyirdik: Cənab mayor, siz general olacaqsınız. Allah sizi qorusun. İçi mən qarışıq onun əsgərləri heç bir zaman komandirimizi unutmayacağıq, əziz xatirəsini daima uca tutacağıq. O, böyük insan idi".

Toğrul Bərxudarov qızını ağ xalatlı həkim, oğlunu general geyimində görmək istəyirdi. Ailəsi, övladları ilə bağlı gözəl xəyalları vardı. Amma onların hamısını vətənə qurban etdi. Övladlarım mənsiz yaşayar, vətən isə biz olmadan qurtula bilməz, deyirdi.

Toğrulla eyni soy-kökə aid nəslin övladlarıyıq. Qardaşı Bəxtiyarla tez-tez görüşürük, dərdləşirik. Aramızda yaş fərqi hədsiz olsa da, bir-birimizə bağlı insanlarıq. Tərbiyəsi, vətənpərvərliyi, işgüzarlığı ilə nümunəvi gənclərimizdən biridir. Bir igid oğlul kimi vətənimin azadlığı və bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Toğrulun əziz ruhu qarşısında baş əyirəm, qürur duyuram.

Bu gün hər bir şəhidimiz mübarək qanı ilə tariximizə şərəfli səhifələr yazdı. Qarabağ düyününü bir yumruğunun zərbəsi ilə çözdü. Bu torpaq uğrunda canından keçən şəhidlərimizin, Xocalıda soyqırıma məruz qalan məsumlarımızın qisasını almaq kimi müqəddəs bir missiyanı şərəflə yerinə yetirdi, düşmən əsirliyində zülm görən, işgəncə yaşayan soydaşlarımızın yarasına məlhəm oldu. Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı. Azərbaycan Ordusu müharibənin ilk anından son gününə qədər işğalçıya divan tutdu, layiq olduğu şəkildə cəzalandırdı. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, vətən uğrunda mübarizə necə olur.

Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev deyirdi: "Mən demişdim, bir daha demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, mən yaxşı bilirəm. Biz düşmənə elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın". Və Azərbaycan xalqı Ali Baş Komandanı ilə, Ordusu ilə birləşərək o zərbəni düşmənin başına ən sərt şəkildə endirdi. Çox keçmədən Ali Baş komandan and yerimiz olan Şəhidlər xiyabanından xalqına müraciət edərək fəxrlə dedi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!. Şuşa bizimdir, Qarabağ Azərbaycandır!". Bunları düşündükcə iftixar və qürur yaşayıram. "Qoynuna qayıdırıq, Şuşa! Gəlirik səni qoxulamağa xarıbülbül. Dönürük gözəlliyinə tamaşa etməyə, Topxana! Qayıdırıq suyundan içməyə, İsa bulağı! Gəlirik üzərində at çapmağa, yarışlar, xarıbülbül festivalları keçirməyə". Bu gün bu sözləri yazarkən nə qədər fəxr, qürur hissi keçirsəm də gözümün önündə 2783 şəhidimiz, çiçəyi burnunda fidan övladlarımız, onların anaları, atasının şarfını hələ də boğazından açmayan oğlulları, qızları gəlir. Onlar gerçəkdən ölümün gözünə dik baxdılar, ölümə gülərək, sevinərək getdilər, şəhid olmağa təşnə kimi getdilər. Toğrul Bərxudarovun əsgərləri danışır ki, şəhid olmağı necə arzu edirmiş. Belə millətin, xalqın torpağı, izzət-şərəfi bir daha basılmaz.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Dövlət başçımızın sərkərdə qətiyyəti və siyasi müdrikliyi Ermənistanı diz çökdürdü. Və Zəfərimiz üçün canından və qanından keçən oğullarımıza təşəkkür etdi.

Əminə YUSİFQIZI,

Yevlaxda çıxan "Kür" qəzetinin baş redaktoru,

Res publikanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31