Zəfər paradı Azərbaycanın hərbi qüdrətini dünyaya bir daha göstərdi

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. Paraddan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar. Arınca dövlət başçıları Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycan və Türkiyə prezidentləri şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Azərbaycan və Türkiyə dövlət başçıları "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Türk Şəhidliyini də ziyarət ediblər.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov parada qatılan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verib. Dövlət başçıları əsgərləri salamlayıblar. Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa edib.  Zəfər paradında Vətən Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

"Dəmir yumruq" əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına ilkin olaraq meydana Azərbaycan Respublikasının  Dövlət Bayrağı gətirilib. Ardınca düşmən üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin hərbçiləri tribuna önündən keçiblər. Həmçinin, torpaqlarımızın işğaldan azad olunmasında, Vətən müharibəsində düşmən üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olan qazilərimiz Azadlıq meydanında keçirilən Zəfər paradında iştirak edib. Zəfər paradında ilk dəfə olaraq Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin kursantları da qatılıblar.

Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilib. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunub. Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə Zəfər paradında tribuna önünüdən keçib.  Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında pilotsuz uçuş aparatları (PUA) da nümayiş etdirilib. Paradda Azərbaycanın istehsal etdiyi "İtiqovan" zərbə PUA-ları nümayiş olunub. Daha sonra Vətən müharibəsində düşməni lərzəyə salan, düşmənə sarsıdıcı, dağıdıcı zərbələr vuran ən müasir PUA-lar olan "Bayraktar" və "Harop" Azadlıq meydanına daxil olub.

Beləliklə, "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir. Yaşasın, müstəqil Azərbaycan Respublikası! Yaşasın, müzəffər Azərbaycan Ordusu! Yaşasın, sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31