“YAŞAT” Fondunun yaradılması bəşəri dəyərli bir təşəbbüsdür
10 Dekabr 2020 12:09 Siyasətİnsan amilinin əsas götürüldüyü Azərbaycanda vətəndaşların sosial rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzində olub. Xüsusən, həssas qrupa aid olan soydaşlarımızım sosial təminatı dövlətin prioritetlər sırasındadır. Məhz bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfinədn həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında" Fərman imzalayıb. Məlumat üçün qeyd edək ki, Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə; işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasınsa iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunçmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardım göstərəcək. Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılıb. Fondun vəsaitləri şəhid ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək. Etiraf edilməlidir ki, Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür.
Millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün çağırışları, təşəbbüsləri humanizm prinsiplərinə, bəşəri dəyərlərə əsaslanır və insanlığa, insanların həyatının yaxşılaşdırılmasına, dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət edir. Bu amillər, bu humanist prinsiplər ölkə rəhbərinin pandemiya ilə əlaqədar çağırışlarında, təşəbbüslərində bir daha özünü göstərdi və dövlətimizin başçısının təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağırılması, bu sessiyada səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan dünyada insanlığın, insani keyfiyyətlərin, bəşəri duyğuların tərəfindədir və insan amili Azərbaycan prezidenti üçün, Azərbaycan xalqı üçün əsas amildir. Bu, digər tədbirlərdə də özünü bir daha göstərir. Azərbaycan dünyanın bir çox ölkələrinə çətin dövrlərdə, təbii fəlakətlər zamanı, yanğınlar, eləcə də müəyyən çətinliklər olduqda öz kömək əlini uzadır və humaniz mövqeyindən çıxış edir. Keçirilən bir çox humanitar tədbirlər, müşavirələr, konfranslar, görüşlər də bilavasitə dünyada bəşəri dəyərlərin inkişafına, formalaşmasına xidmət edir və Azərbaycan Prezidentinin bu sahədə rolu, təşəbbüsləri əvəzsizdir. Tahir Rzayev qeyd edib ki, Şəhid ailələrinə, Qazilərə dəstək məqsədilə ölkə rəhbəri tərəfindən yaradılan "YAŞAT" fondu bir daha göstərdi ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə, imkansızlara diqqət və qayğı əvəzolunmazdır, bu insanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin daimi diqqət mərkəzindədir: "Əlbəttə, hər bir Şəhid, hər bir şəhid ailəsi, hər bir Qazi bizim üçün əzizdir. Çünki onlar Azərbaycan xalqının gələcəyi, torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçiblər, öz fiziki sağlamlıqlarını itiriblər və onların qayğı ilə təmin olunması hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olmalıdır. Sözsüz ki, Azərbaycan Prezidenti bu sahədə çox mühüm və əsaslı tədbirlər həyata keçirib. Bilirsiniz, bu gün indi hər bir şəhid ailəsinə on bir min manat vəsait ayrılır. Şəhid ailələrinin üzvləri, müharibə əlillərinin övladları, onların özləri təhsil haqqından azaddırlar. Bu qəbildən olan insanlar protezlərlə təmin olunurlar, onların reabilitasiyası pulsuz həyata keçirilir. Onlar ildə bir dəfə sanatoriya-kurort müalicəsi almaq üçün göndərişlərlə təmin olunurlar. Digər tərəfdən, bu insanlara xeyli miqdarda mənzillər tikilib, fərdi evlər verilib, onlar maşınlarla təmin olunublar. İndiyə kimi doqquz minə yaxın mənzil və fərdi ev şəhid ailələrinə, əlillərə verilib. Yeddi mindən çox avtomobillə təmin olunublar. Habelə onlar birdəfəlik sığorta ödənişləri ilə təmin olunurlar. Bundan əlavə aylıq əsasla yeddi yüz manat sosial ödəniş alırlar. Bilirsiniz, bu, dövlətin Şəhid ailələrinə, Qazilərə, bizim müharibə əlillərinə, onların ailə üzvlərinə, övladlarına göstərdiyi qayğının bariz nümunəsidir. Əlbəttə ki, "YAŞAT" fondunun yaradılması da belə qayğıya, belə xidmətə yönəldilib və sözsüz ki, bu fondun yaradılması gələcəkdə şəhid ailələrinin, onların ailə üzvlərinin, müharibə əlillərinin sosial vəziyyətini yaxşılaşlamasına bir daha əsaslı kömək göstərəcək". Millət vəkili əlavə edib ki, Fondun yaradılması təşəbbüsü bəşəri dəyərli bir təşəbbüsdür və Azərbaycan xalqı tərəfindən, bütün dünya azərbaycanlıları tərəfindən təqdirə layiq bir hal kimi qarşılanmışdır: "Əlbəttə ki, bu fond müəyyən qaydada Azərbaycan vətəndaşlarının, xarici ölkədə yaşayan soydaşlarımızın, hüquqi və fiziki şəxslərin, imtiyazlı insanların könüllü vəsaiti hesabına formalaşacaq. Ancaq bildirmək istərdim ki, fondun yaradılması bizim hər birimizin ürəyindəndir. Elə bilirəm ki, hər bir Azərbaycan vətəndaşına- torpaqlarımızın azadlığı, ərazilərimizin düşməndən təmizlənməsi uğrunda mübarizə aparan, özünün həyatını qurban verən, sağlamlığını itirən hər bir kəsə bizim qayğımız, diqqətimiz çox vacibdir və bu fond bilavasitə onlara xidmət etdiyi, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına əsaslı dəstək olduğu üçün hər birimiz bu fondun formalaşmasında, onun fəaliyyətinin genişlənməsində yaxından iştirak etməliyik. Çünki gələcəkdə bu fondun hesabına şəhid ailələrinə, əlillərə mühüm köməkliklər göstərilə bilər. Onların müalicəsi üçün, təhsili üçün əsaslı tədbirlər görülə bilər, onların əlavə sanatoriya-kurort xidmətindən keçmələri üçün, yaxud onların mənzil şəraitinin yaxşılaşdırılması üçün, müəyyən tədbirlərin görülməsi üçün rolu böyük ola bilər. Ona görə də göstərdiyi bu böyük bəşəri təşəbbüsə, verdiyi qiymətli Fərmana görə hər birimiz ölkəmizin başçısına öz minnətdarlığımızı bildiririk və elə bilirəm ki, bu fond Azərbaycanın sosial həyatında çox mühüm rola malik olacaq. Hər bir Azərbaycan vətəndaşı bu fondun geniş fəaliyyət göstərməsi üçün öz köməyini əsirgəməyəcək".
Nurlan
Olaylar.az