Zəfər paradı qələbə tariximizə qızıl hərflərlə həkk olundu

Qələbə paradı həm də Türkiyə-Azərbaycan birliyinin növbəti təqdimatı oldu

Düşmən üzərində möhtəşəm qələbə əldə edən Azərbaycan qalibiyyət günlərini yaşayır. Heç şübhısiz ki, Azərbaycan əsgərinin, Ali Baş Komandan və xalqın birliyi əsasında əldə edilən qələbə əbədi olacaq. Çünki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı. Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu, düşmənin illərdir qurduğu istehkamları yarıb keçdi, hərbi texnikasını məhv etdi, qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi. Tarixdə 8 noyabr Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti oldu. Mİllət vəkili, Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qələbə Bəyanatını fəxrlə, Ermənistanın baş naziri Nikol Paşinyan isə gizli şəkildə imzaladı. İndi Azərbaycan xalqı qüdrətli sərkərdə və müdrik lider İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib bayram tədbirlərini keçirir, ermənilər isə Paşinyanın istefasını tələb edir. Məhz bu fərqli yaşananlar qalib Azərbaycanın üstünlüklərinin, məğlub Ermənistanın məhvinin aydın mənzərəsini təqdim edir: "Hər bir tarixi gün onun mahiyyətinin açıqlanmasında, bu günümüz və gələcəyimiz üçün önəminin düzgün dəyərləndirilməsində ən zəngin mənbədir. Bu baxımdan, illər keçdikcə Zəfər Gününün, eyni zamanda, onun sevincini paylaşmaq üçün keçirilən tədbirlərin əhəmiyyəti daha aydın görünəcək. 29 illik müstəqillik tarixinə malik olan Azərbaycan 27 ildə, yəni, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğu istiqamətində əldə etdiyi uğurların fonunda ilk dəfə Qələbə paradı keçirildi. Qələbəmizdə birliyimiz də mühüm rol oynadı. Prezidentin göstərdiyi dəmir yumruq kimi birləşdik. Qarabağ məsələsində, müharibə müddətində xalqımız dövlət başçısının ətrafında sıx birləşdi. İstər evləri dağılan sakinlər, istərsə də erməni terroruna məruz qalan vətəndaşlar böyük iradə, birlik, həmrəylik nümayiş etdirdilər. Kimliyindən asılı olmayaraq hər kəsin bir amalı vardı: qələbə qazanacağıq! 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən Ordumuz bu şanlı Zəfərini 10 dekabrda Azadlıq meydanından dünyaya nümayiş etdirəcək. Zəfər Paradında müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi". Komitə sədrinin sözlərinə görə, parad öz möhtəşəmliyi, ağırlığı, mahiyyəti ilə seçildi: "Peşəkar, döyüş ruhlu ordusu olan xalqın müstəqilliyi əbədidir. Paradda döyüşdə iştirak edən hərbi hissələrin nümayəndələri də oldu. Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlər sıra addımı ilə qələbəni qeyd etdilər. Paradı izləyən hər kəs qürur və sevinc göz yaşı axıtdı. Həm də Birinci Qarabağ savaşında, Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları bizimlə oldu. Onu da deyim ki, cənab Prezident Silahlı Qüvvələrin 100 illiyində keçirilən paradda çıxışı etmişdi. Ölkə başçısı söyləmişdi ki, düşməni məğlub edəcəyik və Azadlıq meydanında qələbə paradı keçirəcəyik, zəfər bayrağını bura gətirəcəyik. İki il sonra cənab prezident bunları reallaşdırdı. Gördük ki, bizim güclü, qüdrətli, qətiyyətli, müdrik liderimiz var. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan torpaqları azad olundu. İndi Azərbaycan əsgəri təmas xəttində deyil, dövlət sərhədində xidmət edir. Ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. 44 günlük müharibədə Azərbaycandan siyasi, mənəvi dəstəyini əsirgəməyən, dostluğun, qardaşlığın, birliyin, həmrəyliyin nümunəsini bir daha nümayiş etdirən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gələrək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə birgə paradda iştirak etdi. Qələbə paradı həm də Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin növbəti təqdimatı oldu. İşğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli Zəfər bayrağımız parada gətirildi. Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaq".

Milli Məclisin deputatı Pərvin Kərimzadə isə qeyd edib ki, müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu: " Öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan böyük Zəfərini qeyd edir. Dekabrin 10-da isə böyük siyasi, mənəvi əhəmiyyətə malik, eyni zamanda rəmzi məna daşıyan hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşəcək". Pərvin Kərimzadə qeyd edib ki, müstəqil Azərbaycanın rəşadətli Ordusu 44 gün ərzində düşmən ordusunu diz çökdürdü, ermənilərin çoxlu sayda texnikasını, artilleriya sistemini, hava hücumundan müdafiə sistemini məhv etdi: "Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında Ordumuz BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, AŞPA və digər beynəlxalq qurumların qəbul etdiyi, uzun illər masa üzərində qalaraq lazımsız kağız parçasına çevrilmiş qərarlarını həyata keçirdi, Cənubi Qafqazda beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş normalarını və prinsiplərini bərpa etdi. Haqq mübarizəsindən Qalib çıxan Azərbaycan zəfərini təntənəli hərbi keçidlə qeyd etdi, döyüş əməliyyatları zamanı düşməndən götürülən çoxlu sayda qənimətlər - tanklar, piyadaların döyüş maşınları, minaatanları dünyaya nümayiş etdirildi. Dost da, düşmən də 44 gün ərzində Azərbaycanın igid əsgərlərinin əzmlə, qürurla, çiyin-çiyinə verərək, biləklərinin haqqı ilə qazandıqları bu fəxarətli zəfərlərinin qürurla qeyd etməsinin şahidi oldu. Bəli, bu möhtəşəm Qələbənin qazanılmasında Azərbaycan əsgərinin hər biri qəhrəmanlıq dastanı yazdı, ölümə meydan oxudu, torpaqlarımızın hər qarışı uğrunda çarpışdılar, vuruşdular, ana Vətənə canlarını qurban verməkdən belə çəkinmədilər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi hücum taktikası, o cümlədən ərazi bütövlüyümüz uğrunda gedən döyüşlər dünya praktikasında ilklərdən oldu. Ölkə Prezidentimiz yenilməz Sərkərdə, Azərbaycan tarixində itirilmiş torpaqlarımızı qaytaran Prezident kimi tarixə düşdü. Dekabrın 10-da keçirilən Zəfər Paradı eyni zamanda yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişi oldu".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31