Tarixi Zəfər paradı və düşmənlərimiz üçün göz dağı

Azərbaycan 44 günlük müharibənin zəfər gününü qeyd edir.  Son 30 ildə ilk dəfə sözün həqiqi mənasında Qələbə paradı keçiririk. Bu qələbə paradını şərtləndirən başlıca amillərdən biri torpaqlarımzın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Digər amil isə hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın məhz Qələbə paradında iştirak etmək üçün Azərbaycana gəlməsidir.

Sentyabrın 27-dən başlayan müqəddəs savaşda hər an Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti, xalqı və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xoş günündə də onun yanında olduğunu dünyaya nümayiş etdirərək bu dostluq-qardaşlığın dönməz, sarsılmaz olduğunu göstərdi.

Təsadüfi deyil ki, təkcə Azərbaycanda deyil, eləcə də dünyanın əksər nöqtələrində həm Qələbə paradı, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu paradda iştirakı diqqətlə izlənilir, ona müxtəlif fikirlər səsləndirilir. Azərbaycan və Türkiyənin möhkəmlənməsi, güclənməsindən sevinənlər bunu təqdir edir, iki qardaş ölkəyə düşmən mövqedə dayananlar isə bundan əndişələnirlər.

Milli Məclisin deputatı Eldəniz Səlimov isə hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında iştirak etmək üçün Azərbaycana səfər etməsi düşmənlərimiz üçün göz dağıdır. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri bütün dünya dövlətlərinin həsəd aparacağı dərəcədədir: "İki inkişaf edən dövlətlərin həm siyasi, həm iqtisadi fikirləri bir biri ilə vəhdət daşıyır. Bu həmfikirlilik iki ölkə başçısı arasında qarşılıqlı hörmət və qardaşlıq əsasında yaranıb"
Deputat deyib ki,  Cənab Rəcəb Tayyib Ərdoğan və cənab Prezidentimiz İlham Əliyev daim bir-birilərinə mənəvi dəstək olublar: "Elə bunun nəticəsidir ki, Türkiyə hər zaman, yaxşı və pis günümüzdə daim bizim yanımızdadır. Bu gün zəfərimizi yalnız qeyd etmirik. Fəxr və iftixar hissi duyuruq ki, bu gündə də Türkiyə bizi yalnız qoymur. Cənab Ərdoğan Azərbaycana səfəri ilə bir daha bunu sübut etdi. Bizim qələbəmizi özlərinin də qələbəsi sayan qardaş ölkə yanımızda olmaqla bizi qürurlandırır".
Eldəniz Səlimov onu da bildirib ki, cənab Ərdoğanın bu səfəri düşmənlərimizə bir göz dağıdır: "Hər kəsə bəllidir ki, Türkiyə-Azərbaycan hər bir sahədə tərəfdaşdırlar. İnşallah biz əminik ki, bu tərəfdaşlıq Qarabağ üçün də şamil olunacaq. Bizim zəngin torpaqlarımızın inkişaf yolunda irəliləyişi üçün bu zəruri addımdır. Türk şirkətləri, investorlar Qarabağda fəaliyyətə cəlb olunmalıdır. Bu bizim üçün, həm də onlar üçün əlverişli bir addımdır. İnanırıq ki, qədim tarixdən bu günə qədər davam edən qardaşlıq münasibətləri bundan sonra da uzun illər, hətta əsrlər boyu davam edəcək. Allah hər iki dövlətin gələcəyini uğurlu və qüdrətli etsin. Hər iki dövlətin başçısına sağlam və uzun ömür arzu edirəm. Yaşasın Azərbaycan və Türkiyə!".

Milli Məclisin deputatl Anar Məmmədov isə qeyd edib ki, bu gün öz haqq mübarizəsindən qalib çıxan Azərbaycan bütün dünyaya öz Zəfərini, öz Qələbəsini nümayiş etdirir. Millət vəkilinin sözlərinə görə,  Azərbaycan xalqı ilk növbədə tarixi ədalətin bərpa edilməsini bayram edir: "Zəfər Paradında müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilir. Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunur. Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlər sıra addımı ilə qələbəni qeyd edirlər.  Paradı izləyən hər kəs qürurlu və sevinclidir. Birinci Qarabağ savaşında, Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları şad olacaq!. Eşq olsun Müzəffər Ali Baş Komandana!  Eşq olsun Azərbaycan Ordusuna!. Yaşasın Azərbaycan!".

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da deyir ki, Bakıda möhtəşəm Qələbə paradının keçirilməsi dünyada diqqətlə izlənməkdədir: "Paradı dünyanın aparıcı siyasətçilərinin onluğuna daxil olan İlham Əliyev qəbul edir. Bax, tarix belə yaradılır!". Bu sözləri tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenkodan eşitmək həqiqətən də çox xoşdur. Korotçenkonun bu açıqlamasında mübahisəolunmaz real fakt, günün gerçəkliyi öz əksini tapıb. Doğrudan da, tarix məhz belə yaradılır. Dünyanın gözü önündə. Qorxmadan, çəkinmədən. Təmsil etdiyi millətin haqqını, hüququnu elə o dünyanın özünün formalaşdırdığı və "beynəlxalq hüquq" adlandırdığı qaydalara əsaslanaraq qorumaqla yaradılır tarix.  Və ən önəmlisi də budur ki, münaqişə ocaqlarının sayının-hesabının bilinmədiyi müasir dünyada öz ölkəsinin ərazi bütövlüyünü hərbi həll yolu ilə bərpa etmək, 30 illik işğala son qoymaqla Zəfər Tarixi yaratmaq heç də hər ölkənin liderinə qismət olmur". Partiya sədri deyib ki, İlham Əliyev bunu bacardı: "Biz MDB məkanında öz ərazilərini işğaldan azad etmiş hələlik yeganə ölkəyik. Bu həqiqətən də böyük nəticədir. Bizim Zəfər günümüzü qeyd etməyə, Qələbə paradı keçirməyə tam haqqımız çatır. Bu parad Qarabağın kimə məxsus olduğunu bir daha bütün dünyaya göstərəcək".

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31