“YAŞAT” Fondunun yaradılması

İlham Məmmədov: "Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə göstərilən həssas münasibətin bariz nümunəsidir"

Azərbaycanın bütövlüyü, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımız, onların ailə üzvləri, eləcə də düşmənlə döyüşdə xəsarət alan Qarabağ müharibəsi əlilləri hər zaman Azərbaycan dövlətinin, dövlət başçısının diqqət və qayğısı ilə əhatələnib, onların bu və ya digər problemləri hər zaman diqqət mərkəzində saxlanılıb. Ötən illər ərzində qeyd edilən təbəqədən olan vətəndaşlarımıza yönəlik sosialyönümlü layihələrin həyata keçirilməsi, bu istiqamətdə bir sıra fərman və sərəncamların imzalanması, müvafiq sənədlərin qəbul edilməsi şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranların sosial rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib. İstər bu təbəqədən olan vətəndaşlarımızın sosial mənzil şəraitinin yaxşılaşdırılması, istər onların müharibənin təsirindən aldıqları zədələrin müalicə edilməsi, istərsə də digər həyati əhəmiyyəti kəsb edən addımların atılması fonunda bunu aydın şəkildə görə bilərik.

Ümumiyyətlə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Buna bir neçə örnək də göstərmək mümkündür. Belə ki, Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə (pensiya, müavinət) təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Şəhidin vərəsələrinə sığorta ödənişi kimi 11 min manat verilir. Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir. Həmçinin əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir ki, onun da orta məbləğ 400 manatdır.

Bundan başqa şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və  özləri təhsil haqqı ödəməkdən azad olunur. Bu təbəqədən olan şəxslər protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin edilirlər.

Ümumiyyətlə, qeyd edilən təbəqədən olan şəxslərə tətbiq edilən güzəştlər kifayət qədərdir. Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox  avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar

Bütün bunların fonunda dövlət başçısı tərəfindən qeyd edilən təbəqədən olan şəxslərə hesablanmış daha bir sosialyönümlü addımın atılması, YAŞAT Fondunun yaradılması cəmiyyətin hər bir təbəqəsi tərəfindən yüksək qiymətləndirilib və bu addım dövlətin, dövlət başçısının şəhid ailələri, müharibə əlilləri, veteranlara diqqət və qayğısının növbəti təzahürü kimi xarakterizə edilib.

Milli Məclisin deputatı Ilham Məmmədov deyib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərmanla "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun -"YAŞAT" Fondunun yaradılması ilk növbəti dövlətin, dövlət başçısının cəmiyyətin həssas təbəqəsinə olan diqqət və qayğısının əyani sübutudur. Belə bir Fondun yaradılmasının hər bir azərbaycanlı tərəfindən müsbət qarşılandığı, alqışlandığını deyən deputat bildirib ki, bu eyni zamanda Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyinin, əhalinin sosial  rifah halının daha da yaxşılaşdırılmasına yönəlik siyasətin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə göstərilən həssas münasibətin bariz nümunəsidir: "Hesab edirəm ki, dövlət başçısının imzaladığı məlum fərman hər bir azərbaycanlının ürəyindən xəbər verdi. Hər kəs bu fərmanı təqdir etdi. Təkcə ölkə daxilində yaşayan azərbaycanlılar, vətəndaşlarımız deyil, eyni zamanda dünyanın dörd bir yanına səpələnmiş, həmin  ölkələrdə dövlətimizi layiqincə təmsil edən soydaşlarımız da bu fərmanı alqışladı, təqdir etdi. Təsadüfi deyil ki, Fondun yaradıldığı qısa bir müddət, cəmi bir neçə gün ərzində artıq ora vətəndaşlarımız, iş adamlarımız, dövlət və özəl müəssisələr tərəfindən bir neçə milyon manat vəsait daxil olub. Bu proses artan tendensiya ilə davam edir.  Bu müqəddəs bir iş olduğu üçün hər bir azərbaycanlı bacardığı qədər əlindən gələni etməyə, Fonda dəstək olmağa çalışır".

İlham Məmmədov onu da qeyd edib ki, dövlət başçısı, eləcə də Birinci Vitse-prezident Mehriban xanım Əliyeva, eyni zamanda dövlətin müvafiq strukturları daim şəhid ailələri, müharibə əlilləri, veteranlar, həmçinin bu təbəqədən olan digər vətəndaşlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb, onların ən xırda problemlərinin həlli istiqamətində dərhal, təxirəsalınmaz tədbirlər həyata keçirib: "Bu illər ərzində Qarabağ əlilləri, şəhid ailələri, müharibə iştirakçılarının dövlətin hesabına mənzillə təmin olunması, onlara minik avtomobillərinin verilməsi, eləcə də digər bu kimi tədbirləri qeyd etmək yerinə düşər. Təqdirəlayiq hal ondan ibarətdir ki, qeyd edilən müsbət istiqamətdə atılan addımlar davamlı xarakter daşıyır və qeyd etdiyimiz təbəqədən olan insanlara, vətəndaşlarımıza olan diqqət və qayğı ildən-ilə artır. Elə YAŞAT Fondunun yaradılmasını da məhz belə addımlardan biri kimi dəyərləndirmək lazımdır".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31