"Niderland hökumətinin beynəlxalq hüququn prinsiplərinə münasibətdə birmənalı olmayan siyasəti bu perspektivin üzərindən xətt çəkə bilər”
9 Dekabr 2020 14:57 Siyasət"Niderlanddakı erməniləri bu ölkənin ultraradikal, müstəmləkəçi təfəkküründən hələ də ayrıla bilməyən siyasətçilərlə birləşdirən "dəyərlər" ortaq cinayətkar keçmişlə bağlıdır."
Bunu "Olaylar.az"a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəylinin sözlərinə görə Niderlandda sayı 20 min nəfərdən çox olan erməni diasporunun ultraradikal dinçi siyasi dairələrlə, xüsusilə də Xristian Demokratik Çağırış və Xristian İttifaqı partiyaları ilə sıx əlaqələri erməni iş adamlarının bu partiyaların seçki kampaniyalarının maliyyələşməsində yaxından iştirak etmələridir.
Niderlanddakı erməniləri bu ölkənin ultraradikal, müstəmləkəçi təfəkküründən hələ də ayrıla bilməyən siyasətçilərlə birləşdirən "dəyərlər" ortaq cinayətkar keçmişlə bağlıdır. Niderlandda yaşayan ermənilərin böyük qrupu bu ölkəyə Türkiyədən, xüsusilə də Diyarbəkir və Şırnak bölgəsindən 1970-1980-ci illərdə gəliblər. Bu şəxslərin də əksəriyyətinin həmin dövrdə "Türkiyə İşçi Partiyası" adı altında fəaliyyət göstərən PKK terror təşkilatı ilə sıx əlaqədə olduqlarını sübuta yetirən çoxsaylı faktlar var. Erməni diasporunun təmsilçiləri bu gün də sözügedən terror təşkilatının Niderlandda məskunlaşmış nümayəndələri ilə ortaq mövqedən çıxış edir, Türkiyə və Azərbaycan əleyhinə birgə təbliğat aparırlar. Niderland Parlamentindəki anti-Türkiyə, anti-Azərbaycan ovqatını körükləyən siyasətçilərin davamlı şəkildə kampaniya aparmalarının təməlində də, məhz yuxarıda sadaladığım amillər dayanır. Məhz onların səyi nəticəsində noyabrın 17-də Azərbaycan və Türkiyə əleyhinə Niderland Parlamenti tərəfindən bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub.
Amma bu qüvvələr o qədər aqressiv kökləniblər ki, mövzunun gündəmdən çıxmaması üçün əllərindən gələni əsirgəmirlər. Niderland hökumətinin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən açıq və birmənalı mövqe nümayiş etdirməməsi də parlamentdəki radikal qüvvələrin qol-qanad açmasına imkan yaradır. Xatırladım ki, noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım PaulinEizemanın etimadnaməsini qəbul edərkən Niderland Parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdırıb.
Özünü Avropanın aparıcı ölkəsi hesab edən bir dövlətin siyasətini ultra-sağçı ekstremist siyasətçi, Azadlıq naminə Xalq Partiyasının rəhbəri Qert Vilders, o cümlədən Martin van Helvert, Joel Voordevind və Sven Koopmans kimi radikal əhval-ruhiyyəyli, aşırı millətçi elementlərin təbliğ etdiyi ideologiyanın müəyyən etməsi təəssüf doğurur".
E.Mirzəbəyli bildirib ki, Azərbaycana və Türkiyəyə münasibətdə sərgilənən bu ədalətsiz, qərəzli və nifrət üzərində köklənmiş siyasət Niderlandın bir dövlət olaraq elan etdiyi prinsiplərlə üst-üstə düşməməklə yanaşı, qarşılıqlı münasibətlərə də ciddi zərbə vurur:
"Qeyd edim ki, Azərbaycanda Niderlandın xidmət, tikinti, nəqliyyat, sənaye, ticarət, rabitə, bank və sığorta sahələrini əhatə edən 130-dan çox şirkətinin qeydiyyatdan keçməsi iqtisadi əlaqələrin mövcud səviyyəsini bə perspektivini nümayiş etdirən fakt kimi dəyərləndirilməlidir. 2018-ci ildə istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin baş planı və ümumi layihəsi Niderlandın "Royal Haskoning" şirkəti tərəfindən hazırlanıb, Niderland şirkətləri ilə Abşeronda göllərin, o cümlədən Böyükşor gölünün bərpası sahəsində əməkdaşlıq edilib. Enerji sektoru da daxil olmaqla iqtisadiyyatın ən müxtəlif sahələrdə əməkdaşlıq edən Azərbaycan və Niderland şirkətlərinin ortaq fəaliyyətini də nəzərə alsaq, qarşılıqlı əlaqələrin inkişafı üçün çox geniş perspektivlərin olduğunu görə bilərik. Niderlanddakı ultraradikal qüvvələrin anti-Azərbaycan mövqeyi və Niderland hökumətinin beynəlxalq hüququn prinsiplərinə münasibətdə birmənalı olmayan siyasəti isə, təəssüf ki, bu perspektivin üzərindən xətt çəkə bilər".