Tarixə adımızı qalib xalq kimi yazdırdıq
Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir.
12 Noyabr 2020 14:15 SiyasətAzərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Lakin, buna baxmayaraq bəzi qərəzli qüvvələr ordumuzun əldə etdiyi möhtəşəm qələbəyə kölgə salmaq, əldə edilən qalibiyyət sənədini nüfuzdan salmağa çalışır. Bəs, əslində işğalçı Ermənistan üzərində tam qələbəni təmin edən üçtərəfli razılaşma ölkəmizə nə vəd edir? Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Ermənistanın təslim olaraq sülhə məcbur qalması, işğal olunmuş torpaqlardan düşmən qoşunlarının çıxarılması dövlətimiz, xalqımız üçün çox əhəmiyyətli hadisədir. Bu, müstəqil Azərbaycanın tarixində mühüm və bütöv qələbədir. Artıq biz Qələbə qazandıq. Azərbaycan öz gücü, qüdrətli Ordusu, Müzəffər Ali Baş Komandanımızın müdrikliyi, uzaqgörənliyi, qətiyyəti hesabına zəfər qazandı. Əsgərlərimiz işğal altındakı torpaqlarımızı azad edərək öz əlləri ilə bayrağımızı oralara sancdılar. Deputat bildirib ki, bizim cəbhədə əldə etdiyimiz qələbələr qarşı tərəfi məcbur etdi ki, təslim olsunlar və danışıqlara başlasınlar: "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə bəyanatında Azərbaycan üçün çox vacib maraqlar təmin olunur. Naxçıvanla quru nəqliyyat yolunun təmin olunması olduqca vacib amildir. Dünya bu gün Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha gördü". Deputat vurğulayıb ki, xalq-ordu birliyi bu qələbəni daha da sürətləndirdi: "Hər kəs orduya inandı, güvəndi. Biz bilirik ki, ön cəbhədə Vətənini, torpağını canından artıq sevən igid, qorxmaz, qəhrəman oğullarımız var. Bu oğullar düşmənə qan uddurdu, onları Vətən torpağından qovaraq xalqına Qələbə sevinci yaşatdı. Düşmən bilməlidir ki, bu torpaqlar yenilməz, cəsur, Vətəni, torpağı üçün canından keçən bir xalqa aiddir. Xalqımız öz torpağının bir qarışını belə heç kimə güzəştə getməyəcək". M.Cəfərov həmçinin qeyd edib ki, artıq 28 il haqqında danışılan və işğal altında olan 7 rayonu geri qaytardıq. Məcburi köçkünlər çoxdandır ki, həsrət qaldıqları öz yurdlarına geri dönəcəklər. Təbii ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu rayonları bizə sülh yolu ilə qaytarmayacaqdı. Artıq ərazi bütövlüyümüz təmin olunur. Bu tarixi Qələbə gələcək bütün uğurların başlanğıcı, regionun isə sabitliyinin təminatıdır.
Millət vəkili Musa Quliyev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz Qarabağda zəfər çaldı, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Xalqımızı uzun illərdir sıxan, əzən məğlubiyyət kompleksi zəfər coşqusu ilə əvəz olundu. Möhtəşəm milli birlik yarandı, tarixə adımızı qalib xalq kimi yazdırdıq. Ali Baş Komandan cənab İlham Əliyev tarixin gedişini dəyişən bu 44 gün ərzində müxtəlif cəbhələrdə misli görünməmiş fərdi qəhrəmanlıq, sərkərdə qətiyyəti, diplomat çevikliyi, rəhbər müdrikliyi nümayiş etdirdi.Torpaqlarımız bir-birinin ardınca işğaldan azad edildikcə cənab Prezidentin müjdə xəbərli çıxışları, müraciətləri Ordumuzun qələbə əzmini daha da yüksəltdi, xalqı bir dəmir yumruq kimi birləşdirdi: "Bu günlər ərzində cənab prezident İlham Əliyev dünyanın 30 - dan artıq nüfuzlu televiziyasına və mərbuat orqanına verdiyi müsahibələri ilə Azərbaycanın haqq işini bir daha dünya xalqlarının diqqətinə çardırdı. Bu müsahibələr hamımızın gözü qarşısında baş verib və ədalətli, tərəfsiz jurnalustlərlə yanaşı, " ermənidən daha artıq erməni" olanları da gördük. Cənab Prezidentin iti ağlı, dərin biliyi, geniş məlumatı və dəmir məntiqi qarşısında onların əyilən sifətlərini də ləzzətlə seyr etdik. Nəhayət, Ermənistan rəhbərliyi məğlub olduğunu dərk etdi, təslim olduğunu boynuna aldı, Paşinyan atəşkəs bəyanatına imza atdı. Konfliktin müharibə fazası yerini sülh müstəvisinə verdi, noyabr ayının sonuna qədər Kəlbəcər, Ağdam, Laçın rayonlarının işğaldan azad olunması öhdəliyi qüvvəyə mindi. Status-kvo deyilən oyun bitdi, Dağlıq Qarabağın statusunun müzakirə mövzusu qapandı, Azərbaycanın ərazi bütövlüyü təmun edildi. Naxçıvana kommunikasiyaların açılması, yolların çəkilməsi reallaşdı, Türk dünyasının mənəvi birliyi ilə yanaşı coğrafi bağlantısı arzularımız çin oldu. Bölgədə əmin-amanlığın və sülhün təmin olunması məqsədi ilə Rusiyanın kiçik bir hərbi kontingenti 5 il müddətində fəaliyyət göstərəcək.Türkiyə hərbiçilərinin iştirakı ilə atəşkəsə nəzarət üçün mərkəz yaradılacaq. Bölgədə sülh, ədalət, əmin- amanlıq bərpa olunacaq, yeni reallıqlar yeni düşüncə, yeni davranış və yeni münasibətlərin formalaşmasına əlverişli mühit yaradacaq. Xalq bu uğurları, görür, dəstəkləyir, sevinir, öz minnətdarlığını və sevgisini Ali Baş Komandana, müzəffər Milli Ordumuza çatdırır. Bu sevincdən bütün dünya azərbaycanlılarına pay düşür, haqqı, ədaləti, sülhü istəyən hər kəsə pay düşür. Daha çox sevinmək və qürür duymaq haqqı isə, heç şübhəsiz ki, şəhid ailələrinin, qazilərimizin, əsgər və zabitlərimizin payına düşür".
Millət vəkili əlavə edib ki, bu sevincdən qardaş Türkiyə başda olmaqla bütün türk dünyasına pay düşür: "Təəssüf, min təəssüf ki, xalqımızın bu zəfərindən sevinməyən, kədərə qərq olan şovinist və revanşist ermənilər və erməni yanlılarla bir sırada dayanan bəzi radikal müxalifət nümayəndələrinin və Sorosun "nigahdan kənar uşaqları"nın orda-burda səslənən fikirlərində milli zəfər yürüşümüzə kölgə salmaq, uğurlarımıza çamur atmaq, xalqın sevincinin şirin aşına murdar şübhə toxumu səpmək niyyətləri də hiss edilməkdədir. Nə deyir və nə istəyir bu adamlar? Sona qədər döyüş əməliyyatlarını davam etdirməli idik, deyirlər. Hər müharibənin sonu danışıqlarla bitmirmi? Razılaşma yolu ilə, bir güllə atmadan, bir əsgərin burnu qanamadan, bir şəhid vermədən Kəlbəcəri, Ağdamı, Laçını azad etməyimiz niyə bu sorosoviçlərin xoşuna gəlmir? Bəyəm bunlar bilmirlərmi ki, müharibənin hər günü büdcəmizdən milyonlarla manat "yeyir"? Bəyəm onlar dərk etmirlər ki, cənab Prezidentin bir damcı mürəkkəblə imzaladığı bəyanatla yüzlərlə, bəlkə də minlərlə əsgər və zabitimizin sağlamlığı və həyatı qurtarmış oldu? Müharibənin sona qədər davam etməsi ərazi bütövlüyümüzün təmin olunması üçün idi, bu məqsədə də çatmışıq, 20 gündən sonra işğal altında bir qarış da olsun torpağımız qalmayacaq. Bəyəm bu adamların yadından çıxıbmı ki, lap yaxın zamanlaradək ermənilərə Dağlıq Qarabağda ən yüksək status verməyə hazır idik və belə təkliflər masa üzərində uzun illər müzakirə olunurdu, ermənilər isə təmas xəttinin və status-kvonun dəyişməməsində qərarlı idilər. İndi nə təmas xətti yoxdur, nə status yoxdur, nə də status- kvo!"
Zəka
Olaylar.az