Azərbaycan siyasi-hərbi gedişləri ilə regionda yeni reallıq yaratdı
Sədaqət Vəliyeva: “Azərbaycan Prezidenti İlham Əliyev status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diqtə edir”
12 Noyabr 2020 13:15 SiyasətSədaqət Vəliyeva: "Azərbaycan Prezidenti İlham Əliyev status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diqtə edir"
Bu gün demək olar ki, bütün dünya Azərbaycandan, 44 gün ərzində Azərbaycan Ordusunun yaratdığı xariqələrdən, zəfərdən danışır. O zəfər ki, 30 ilə yaxın müddətdə bizi ayırmış Qarabağa. İşğal altında olan ərazilərə qaytardı. Bu gün hər bir ölkə vətəndaşı Azərbaycan Ordusunun 44 gün ərzində nümayiş etdirdiyi qəhrəmanlıq, şücaətin sevincini, qürurunu, eyni zamanda fərəhini yaşayır. Ölkəmizin əldə etdiyi bu zəfər, uğur beynəlxalq aləm, dünya birliyi tərəfindən qüdrətli Azərbaycanın mövcudluğunu bir daha təsdiqləmiş oldu.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycan bununla eyni zamanda ermənilərin "Böyük Ermənistan" və "Dağlıq Qarabağ Respublikası" xülyalarını birdəfəlik dəfn etdi. Onun sözlərinə görə, Azərbaycan siyasi-hərbi gedişləri ilə regionda yeni reallıq yaratdı: "Məhz 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə. Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Eləcə də, düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, beləliklə də Ermənistan ordusu darmadağın edildi. Azərbaycan ermənilərin "Böyük Ermənistan" və "Dağlıq Qarabağ Respublikası" xülyalarını birdəfəlik dəfn etdi. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Artıq reallıq ondan ibarətdir ki, danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklərlə müqayisə edilə bilməz. Heç kəsə sirr deyil ki, 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu və nəinki Azərbaycan Silahlı Qüvvələrini Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı, hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Lakin Ali Baş Komandan, Prezident İlham Əliyev yeni reallıq yaratdı və hazırda Şuşa şəhəri daxil olmaqla, bütün işğal altında olan torpaqlarımızı azad etdi. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz".
Deputat qeyd edib ki, hazırda inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılır və dekabrın 1-dək Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur: "Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. Eyni zamanda, məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Beləliklə də, Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Kəlbəcər, Ağdam və Laçınının boşaldılması, Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək. Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbiçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq. Bir sözlə, hazırki reallıq ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diqtə edir".
Millət vəkili bu arada bəzi siyasilərin imzalanmış müqaviləni kiçiltməyə çalışması, Azərbaycanın zəfərinə kölgə salınması cəhdlərinə də münasibət bildirib. O, qeyd edib ki, imzalanmış bəyanat bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir. Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir. Bəyanatın imzalanması ilə münaqişənin nizamlanması hərbi fazadan siyasi müstəviyə daşındı və beləliklə də problemin həlli həlledici mərhələyə daxil oldu: "Bəyanata əsasən Azərbaycanın hazırda işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları dekabr ayının 1-dək tamamilə Ermənistanın işğalçı silahlı qüvvələrindən təmizlənəcək. Göstərildiyi kimi, Ermənistanın silahlı qüvvələri noyabrın 15-dək Kəlbəcərdən, 20-dək Ağdamdan və dekabrın 1-dək Laçından tamamilə çıxarılacaq. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur, eləcə də BMT TŞ-nin 4 qətnaməsi reallaşmış olur. Sözsüz ki, bəyanatın imzalanması ilə Azərbaycan Ermənistan üzərində tam siyasi-diplomatik və hərbi qələbəsini təmin etmiş oldu. Çünki əgər hərbi əməliyyatlara qədər müxtəlif kanallardan Azərbaycana "5 rayon + 2 rayon" təklifi müxtəlif şərtlər altında irəli sürülürdüsə, hazırda Azərbaycan heç bir şərt qəbul etmədən Dağlıq Qarabağı və 7 ətraf rayonu tam olaraq işğaldan azad edir. Eyni zamanda, əvvəllər Ermənistanın təzyiq vasitəsi kimi Dağlıq Qarabağın statusu ilə bağlı irəli sürdüyü təklif də birdəfəlik iflasa uğradıldı".
Sədaqət Vəliyeva qeyd edib ki, bəyanatda həmçinin nəqliyyat-kommunikasiya infrastrukturunun qurulmasını və qaçqınların yurdlarına qayıtmasını təmin edən maddələr də yer alıb: "İşğaldan azad olunan ərazilərdə quruculuq-abadlıq işlərindən sonra əlbəttə ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaqlar. Bu isə o deməkdir ki, Qarabağda quruculuq və məskunlaşma prosesini dünya ictimaiyyəti izləyəcək, xüsusilə də BMT kimi beynəlxalq təşkilat şahidlik edəcək. Bundan başqa hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi də həyata keçiriləcək. Bəyanatda əksini tapmış maddələrə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri də bərpa ediləcək. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Təsəvvür edə bilirsinizmi ki, 30 ildən sonra Azərbaycanın qərb rayonları ilə Naxçıvanın quru əlaqəsi təmin ediləcək, vətəndaşlarımız tarixi torpaqlarımızdan keçməklə Naxçıvana gedə biləcək. Bununla yanaşı, Naxçıvanla əlaqələr daha da genişlənəcək və bunun sosial-iqtisadi əhəmiyyəti daha yüksək olacaq. Bu məqamda qeyd edim ki, Ermənistan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət veriləcək".
Millət vəkili deyir ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarətində olacaq: "Bəyanata əsasən tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz də yaradılır. Mərkəzdə Rusiya ilə yanaşı Türkiyə də yer alır. Bu isə o deməkdir ki, Qarabağda sülhməramlı proses hər iki ölkənin nəzarəti və birgə əməkdaşlığı ilə həyata keçiriləcək". Deputat təəssüf hissi ilə qeyd edib ki, bu gün sosial mediada bəzi fürsətcillər Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə məkirli məna qatmaqla ictimai rəyi çaşdırmağa çalışırlar: "Əslində isə Rusiya sülhməramlılarının fəaliyyətinin əsas mahiyyətini təhrif edən həmin qaragüruhçular unudurlar ki, bu sadəcə bölgədə təhlükəsizliyə nəzarət prosesidir. Rusiya sülhməramlıları Qarabağa əbədi olaraq gəlmirlər. Onlar bu günə qədər azərbaycanlılara qarşı soyqırımı, terror, qətliamlar həyata keçirmiş ermənilərlə birgə yaşayışın, etimad mühitinin formalaşmasına müvafiq qaydada nəzarət edəcəklər. Əlbəttə ki, əgər hər iki xalq birgə sülh içərisində yaşamağa razı olarsa, anlaşılmazlıq, yenidən qanlı olaylar baş verməzsə, Rusiya sülhməramlılarının missiyası vaxtından əvvəl də başa çata bilər. "Beşinci kolon"un nümayəndələri unutmasınlar ki, uzun illərdir davam edən müharibəni sülhlə, davamlı etimad və əməkdaşlıqla bitirmək hansısa fonddan qrant alıb layihə həyata keçirməyə oxşamaz. Burada dəqiq siyasət, qətiyyət, iradə və uzaqgörənlik keyfiyyətləri lazımdır. 44 gün ərzində döyüşüb, şəhid verib torpaqlarımızı işğaldan azad etdikdən sonra bölgənin hansısa dövlətə təslim edilməsi haqqında fikirlər söyləmək xəyanətdən baş bir şey deyil. Cənab Prezident İlham Əliyev nəyi nə zaman və necə etmək lazım olduğunu çox yaxşı bilir. Erməni lobbisinin Azərbaycan uzantıları unudurlar ki, Azərbaycan xalqı 30 ilə yaxın idi Dağlıq Qarabağın və ətraf yeddi rayonun həsrəti ilə yaşayırdı. Şuşa, Xankəndi əlçatmaz arzu, xəyal kimi qalırdı. Amma 44 günlük hərbi əməliyyatlarla və bəyanatın imzalanması ilə Ali Baş Komandanımız, Ordumuz xalqımızın xəyal və arzularını reallığa çevirdi, düşməni qovdu. Əli Kərimli, Arif Hacılı kimilərin torpaqlarımız qarış-qarış azad olunduqda "alqış", uğurlu sülh prosesi zamanı isə qarğış deyinmələri sadəcə psevdovətənpərvərlikdir. Tövsiyə edirəm ki, Əli Kərimli, Arif Hacılı kimilər onların 28 il öncəki xəyanət ləkəsini şəhidlərimizin qanı ilə sildiyini unutmasınlar".
Süleyman İsmayılbəyli
Olaylar.az