İlham Əliyev: “Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz”
Hərbçilərimizə diqqət və qayğının göstərilməsi həm də cəmiyyətin ən ali vəzifəsi olmalıdır
12 Noyabr 2020 12:54 SiyasətHərbçilərimizə diqqət və qayğının göstərilməsi həm də cəmiyyətin ən ali vəzifəsi olmalıdır
Ordu quruculuğu daim Azərbaycan dövləti üçün prioritet məsələlərdən olub. Məhz dövlətin orduya diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu döyüş qabiliyyətinə, maddi-texniki bazasına, müasir silah-sursat arsenalına görə dünyada ön yerlərdən birini tutur. Çünki ölkədə ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla uğurla reallaşdırılır. Xüsusilə, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illərdə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün Milli Ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb. Nəticədə Azərbaycan Ordusu işğlçı dövlət olan Ermənistan üzərində şanlı qələbə çaldı və dünya hərb tarixində yeniliyə imza atdı. O da sirr deyil ki, dövlət tərəfində təkcə orduya deyil, eləcə də əsgər və zabitlərimizə xüsusi diqqət yetirilir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev daim ölkəmizin hərbi qulluqçularına öz ehtiramını ifadə edib. Məhz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordulardan birinə, regionda isə ən güclü orduya çevrilib. Qeyd etmək yerinə düşər ki, Azərbaycan hərbçilərinin də sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub. Azərbaycan müharibə şəraitində yaşadığı, torpaqlarımızın işğal altında olduğu dövrdə belə hərbçilərimizə qayğı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması həyati məsələlərdən biri hesab olunub. Hərbi qulluqçuların gündəlik yaşayış problemləri uğurla həll edilib. Hərbçilər üçün yaşayış binalarının istifadəyə verilməsi artıq ölkəmizdə xoş ənənəyə çevrilib. Bundan başqa, dövlət başçısı mütəmadi olaraq hərbi qulluqçuların və onlara bərabər tutulan mülki şəxslərin əmək haqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar da əsgər və zabitlərimizin sosial problemlərinin həllində əhəmiyyətli rol oynayıb. Bütün bunlar Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş qabiliyyəti və mənəvi-psixoloji vəziyyətinə pozitiv təsir edib. Çünki, döyüşdə olan hərbçilər anlayırlar ki, ölkəmizdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşmdırılması məqsədilə çox mühüm layihələr realizə edilir.
Dövlət başçısının orduya və hərbçilərimizə diqqət və qayğısı Vətən Müharibəsində də özünü qabarıq şəkildə büruzə verdi. Belə ki, Ali Baş Komandan əks-hücum əməliyyatlarının başladığı ilk günlərdə, şiddətli döyüşlərin getdiyi bir vaxtda - sentyabrın 29-da xanımı Mehriban Əliyeva ilə birlikdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşdü. Döyüşlər bitəndən dərhal sonra da Ali Baş Komandan xanımı ilə birlikdə ilk qələbə təbrikini çatdırdığı insanlar hərbiçilər oldu. Heç şübhəsiz ki, bu Azərbaycan Prezidentinin hərbçilərə xüsusi münasibəti kimi qiymətləndirilməlidir. Elə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də dövlət başçısının verdiyi açıqlamalar əsgər və zabitlərimizə, şəhidlərimizə diqqət və qayğının davamlı olacağına əminlik yaratdı. Təkcə, Ali Baş Komandanın Vətən müharibəsində əldə edilən parlaq qələbədə hərbiçilərin zəhmətini və fədakarlığını xüsusi qeyd etməsi, onların müalicəsi və xəstəxanadan sonrakı həyatı üçün bütün lazımi tədbirlərin görüləcəyini elan etməsi, hətta onlardan tibbi maskaları çıxarmağı xahiş edərək hamının bu qəhrəmanları üzdən tanımasını istəməsi Ali Baş Komandan kimi İlham Əliyevin hərbiçilərə olan dərin hörmətini və həssas münasibətini ifadə edən mühüm göstəricisi kimi qəul edilməlidir. Dövlət başçısı hərbçilərlə görüşdə bir daha əmin etdi ki, daim onların yanında olacaq, onlara diqqət və qayğısını heç vaxt əsirgəməyəcək: "Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar" deyən Ali Baş Komandan bir daha hərbçilərimizə ruh verdi. Üstəlik dövlət başçısı tərəfindən şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı bütün tədbirlərin görüləcəyi, şəhid ailələrinin evlərlə təmin ediləcəyi elan edildi. Sadalanan faktlar deməyə əsas verir ki, hərbçilərə münasibət məsələsində təcavüzkar Ermənistan dövlət ilə Azərbaycan dövləti arasında müqayisə olunmayacaq dərəcədə fərq var. Təkcə İkinca Qarabağ savaşında baş verən olaylar fikrimizi bir daha təsdiq etmiş olur. Belə ki, Azərbaycan tərəfinin ciddi cəhdinə baxmayaraq Ermənistan dövləti həlak olmuş hərbçilərini belə qəbul etməkdən, əsir və girovları dəyişdirməkdən imtina edirdi. Bundan fərqli olaraq Azərbaycan tərəfi şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərin adının uca tutulması, onlara ehtiram göstərilməsi baxımından bütün lazımi addımları atdı. Dövlət başçısı nümunəvi davranışı və çıxışı ilə bəyan etdi ki, Orduya qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir. Təsadüfi deyil ki, prezident hərbçilərlə görüşündə dövlət və özəl sektora müarciət etdi ki, hərbçilərimizin yeni həyata qayıdışını təmin etmək məqsədilə yeni iş yerləri yaradılsın, əmək qabiliyyəti olan əsgər və zabitlər işlə təmin edilsin. Bu isə o anlama gəlməlidir ki, hərbçilərimizə diqqət və qayğının göstərilməsi təkcə dövlət başçısının deyil, eləcə də bütövlükdə cəmiyyətin ən ali vəzifəsi olmalıdır. Yalnız bu halda iqtidar-xalq-ordu birliyinə nail olmaq mümkündür. Necə ki, yaradılmış bu birlik Vətən Müharibəsində qələbənin əsasını təşkil etdi.
Nurlan
Olaylar.az