MİLLİ MƏCLİSDƏ  QAZAXISTANIN  MEDİA  NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ  KEÇİRİLİB

Noyabrın 11-də  Milli Məclis  Sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr  üzrə işçi  qrupunun rəhbəri Adil Əliyevin Qazaxıstanın  ölkəmizdə  səfərdə olan  politoloq  və jurnalistləri ilə görüşü  keçirilib. 

Qonaqları səmimi salamlayan Adil Əliyev Qazaxıstanla Azərbaycan arasında  münasibətlərin qədim tarixi olduğunu deyib, bu əlaqələrin hazırda yüksək  səviyyədə olmasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında mövcud münasibətlərin  inkişafında  Ümummilli lider  Heydər  Əliyevin  və  Qazaxıstanın  ilk Prezidenti  Nursultan Nazarbayevin  rolunu  xüsusi  olaraq  diqqətə çatdırıb və bu münasibətlərin bu gün də hər iki ölkənin dövlət  başçıları  tərəfindən uğurla  davam  etdirildiyini vurğulayıb. Vitse-spiker qazaxıstanlı nümayəndələrə  Milli Məclisin  qanun yaradıcılığı  prosesindən danışıb, rəhbərlik etdiyi Gənclər və idman komitəsinin işi barədə  geniş məlumat  verib.  

Sonra Adil Əliyev qonaqların ölkəmizə  səfərinin olduqca əlamətdar  günlərə  təsadüf  etdiyini deyib.  Qeyd  edilib ki,  dünəndən etibarən xalqımızın  30 illik nisgilinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm qələbəsi ilə son qoyulub. Uzun illər  idi ki, Ermənistan Azərbaycanın 20  faiz  torpaqlarını işğal altında  saxlayırdı. İşğalçı dövlət Azərbaycan ərazilərinin qeyd-şərtsiz  işğaldan azad  edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının  qətnamələrinə, beynəlxalq  hüququn tələblərinə məhəl qoymurdu. Ermənistan öz təcavüzkar siyasətindən əl çəkməyərək  bu ilin  iyul ayında  Tovuz  rayonunda,  sentyabrın 27-də isə cəbhənin müxtəlif  istiqamətlərində genişmiqyaslı təxribatlara əl atdı.  Buna  görə də Azərbaycan Prezidenti, Ali Baş Komandan qüdrətli Azərbaycan ordusuna döyüş əmri verdi. Şanlı Ordumuz qısa zamanda Ermənistan üzərində misilsiz qələbə qazandı. Odur ki, xalqımız sonsuz  qələbə  sevinci  yaşayır, illərdi  yurd-yuvasından  didərgin  salınan bir  milyondan  artıq  soydaşımız  öz  evlərinə geri  qayıtmağa  hazırlaşır. 

Adil Əliyev  görüşdə Ermənistanın bu illər  ərzində xalqımıza  qarşı  törətdiyi  təxribatlardan,  döyüş  meydanında məğlub olduğunu  anlayandan  sonra Azərbaycanın sərhəd  xəttindən uzaqda  yerləşən  yaşayış məskənlərini  raket  atəşinə  tutmasından, 100-ə yaxın mülki vətəndaşımızın  həlak olmasından da söz açıb. Bildirilib ki, Ermənistanın  hücumları  nəticəsində ölənlər  və yaralananalar  arasında  uşaqlar, qadınlar və qocalar var. Vitse-spiker  qonaqlara  təxribatlar  zamanı Gəncədə, Bərdədə, Tərtərdə, Ağcabədidə  dağıdılan infrastrukturdan,  yandırılan  mülki obyektlər  və fərdi  yaşayış evlərindən, ölkəmizin flora  və faunasına  dəyən külli miqdarda  ziyandan söz açıb.  Vurğulanıb ki, 44 günlük  müharibənin sonunda Azərbaycan  ordusu  Dağlıq Qarabağın alınmaz  qalası  sayılan Şuşa  şəhərini erməni işğaldan azad  etdi.  Bundan  sonra  Prezident, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə zəfər  yürüşü həyata  keçirən ordumuzun  qabağında  duruş  gətirə bilmədiyini görən Ermənistan  sülh sazişi  bağlamağa  məcbur olub. 

Sonra  Milli  Məclisin deputatları, işçi  qrupun üzvləri  Eldəniz Səlimov,  Ülviyyə Ağayeva, Azər  Badamov  çıxış edərək böyük  sevinc  yaşadığımız  bu günlərdə dost  və  qardaş  Qazaxıstan  nümayəndələrinin səfərini yüksək qiymətləndiriblər. Qazaxıstan parlamenti ilə əlaqələrdən, beynəlxalq  qurumlarda  qarşılıqlı əməkdaşlıqdan söhbət  açıblar. Parlamentlərarası  münasibətlərin inkişafında  dostluq  qruplarının  fəaliyyətini,  bu sahədə   qarşılıqlı  səfərlərin və intensiv  fikir  mübadiləsini  önəmini vurğulayıblar.  

Görüşdə  Qazaxıstanın "Ea-news.kz" portalının baş redaktoru Nurgali Yusipbay, "Halyk.kz" Youtube  kanalının və "Altyn-Orda.kz" saytının rəhbəri  Serik  Malayev,  blogger  Kuanış Edilxanov, Beynəlxalq  Türk Akademiyasının nümayəndəsi  Füzuli Məcidli  çıxış edərək Azərbaycanı möhtəşəm qələbə  münasibəti ilə təbrik ediblər. Söhbətdə Qazaxıstan mətbuatının bu günlərdə Azərbaycanla  bağlı  xoş xəbərlərə böyük yer  ayırdığı  qeyd  olunub. Qonaqlar  səfər  çərçivəsində Gəncəyə və Bərdəyə gedəcəklərini,   erməni  təcavüzünün   nəticələrini  gözləri ilə görərək  Qazaxıstan mətbuatında  geniş işıqlandıracaqlarını bildiriblər. 

Görüşdə  qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər  barəsində  fikir  mübadiləsi  aparılıb, qonaqları  maraqlandıran suallara millət  vəkilləri tərəfindən ətraflı cavab verilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31