10 noyabr Azərbaycan tarixinin ən şərəfli səhifəsidir

Tarixin bütün dövrlərində, istənilən situasiyada, zamanda Azərbaycanın uğurunu istəməyən, bu uğura sevinməyən qüvvələr, fərdlər və qruplar olub. Əslində bu da təbiidir.

Tarixin bütün dövrlərində, istənilən situasiyada, zamanda Azərbaycanın uğurunu istəməyən, bu uğura sevinməyən qüvvələr, fərdlər və qruplar olub. Əslində bu da təbiidir. Çünki istənilən halda hər kəsi, cəmiyyətin bütün üzvlərini razı sala biləcək addım ata, nəyisə reallaşdıra bilməzsən. Ancaq bütün bunlar, yol verilən nöqsan və fəaliyyətlər dövlətçilik, milli maraqlar əleyhinə yönəlirsə, bu haqlı olaraq ciddi narazılıq, cəmiyyətin etirazına səbəb olub. Necə ki, noyabrın 10-da Azərbaycan dövlətinin Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusunun sayəsində əldə etdiyi uğur, tarixi qələbəyə ağız büzənlər, bunu kiçiltməyə çalışanlara qarşı cəmiyyətin mütləq əksəriyyətinin təpki göstərdiyi kimi.

Azərbaycanın qazandığı tarixi zəfərə ağız büzənlər, bu uğuru kiçiltməyə çalışanlara cavab olaraq Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, 10 noyabr 2020-ci il Azərbaycan tarixinin ən şərəfli səhifəsidir. Onun sözlərinə görə, Azərbaycan xalqının qara ləkədən xilas olduğu gündür: "Azərbaycan dövlətinin gücünün bütün dünya tərəfindən qəbul olunduğu gündür. 100 ildən bəri yalan, xəstə ideyalarla, öz millətini və dünya xalqlarını aldadan, "məğlubedilməz" Ermənistanın darmadağın olmaqla, törətdikləri cinayətlərə  görə hesab verdiyi gündür. Bəzi sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, qələbəmizin dəyərini kiçiltməyə çalışan vətəndaşlarımızın fikirləri yer alır. Hesab edirəm, indiki halda bu zərərli yanaşmadır. Mənə elə gəlir ki, həmin şəxslər, 10 maddədən  ibarət bağlanmış müqavilə ilə diqqətlə tanış olmayıblar. İlk növbədə qeyd etmək istəyirəm ki, son 30 il ərzində Azərbaycan insanının xəyallarında yaşatdığı bütün arzular tam həcmdə həyata keçirildi. Dağlıq Qarabağ ətrafında 7 rayon işğaldan azad olundu. 4 rayonu, Cəbrayıl, Füzuli, Cəbrayıl, Qubadlı döyüşlər nəticəsində Ordumuz işğaldan azad etdi. 3 rayonu isə, Laçın, Kəlbəcər, Ağdamı müqaviləyə uyğun olaraq, erməni silahlı qüvvələri tərk edəcək. Şuşa, Xoclalı, Xocavənd ordumuzun nəzarətindədir. Dağlıq Qarabağa hər hansı bir status verilmir. Rusiya sülhməramlıları 5 il müddətinə Laçın koridoruna, Kəlbəcər yoluna nəzarəti həyata keçirir. Hər hansı bazanın yaradılmasından söhbət getmir.  Hazırda qardaş Türkiyə ilə birlikdə müqavilənin icra vəziyyətinə nəzarət üçün yaradılacaq  monitorinq mərkəzinin fəaliyyət detalları üzərində məsləhətləşmələr aparılır". Deputat deyib ki, ən əsası 100 ildən sonra Naxçıvana dəhliz açılır: "Bu nəqliyyat dəhlizinin açılması Azərbaycanla bərabər, qardaş Türkiyə üçün, türk dünyası üçün son dərəcə əhəmiyyətlidir. Qaçqınların evlərinə qayıtması üçün BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının ofisi yaranacaqdır. Bu da bağlanmış müqavilənin beynəlxalq birlik tərəfindən tanınması deməkdir. Mən bəzi vətəndaşlarımızın problemin həllinə maksimalist yanaşmasını başa düşürəm. Ancaq nəzərə almaq lazımdır ki, son 30 il ərzində beynəlxalq təşkilatlar, dünya siyasətinin aparıcı dövlətləri, problemin həlli istiqamətində heç bir ciddi addım atmadılar. Bəzi hallarda təhqiramiz formada, Qarabağı və ətraf rayonları ermənilərə güzəştə getməyimizi tələb edirdilər. Minlərlə mənasız görüşlərin nəticəsi olaraq, "Madrid", "Kazan" prinsipləri, Qarabağın  statusunun müəyyənləşdirilməsi üçün referendum oyunları və sairə. Bu günki qələbə Ali Baş Komandan İlham Əliyevin arxasında, Azərbaycan xalqının bir yumruq kimi birləşməsinin, uzun illər ərzində aparılan diplomatiyanın, ordu quruculuğunun, sosial-iqtisadi siyasətin nəticəsidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu qürur hissini yaşatdığı üçün, qəlblərdə qaysaqlanmış "Qarabağ" adında yaranı sağaltdığı, alnımızdan milli ləkəni sildiyi üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirirlər. Tam məsuliyyətlə bildirirəm. Bu tarixi qələbəni  İlham Əliyevdən başqa kimsə əldə edə bilməzdi. O xoşbəxt liderdir ki, Uca Allahın hikmətiylə belə bir şanlı tarix yazmaq ona nəsib olub. Hər bir xalqın tarixində çoxsaylı liderlər gəlib gedir. Ancaq xilaskar kimi qızıl hərflərlə öz xalqının tarixinə düşmək, nadir şəxsiyyətlərin alın yazısıdır. İlham Əliyev Azərbaycan tarixinə, həm qurucu, həm də xilaskar kimi düşdü. Xahiş edirəm, lazımsız fikirlərlə xalqın bu sevincinə, xoşbəxtliyinə xələl gətirməyin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Yaşasın Azərbaycan!!!".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31