Bizim tarixi qələbəmiz burda bitmir, davam edəcək- Arzu Qazıyeva yazır
10 Noyabr 2020 19:30 Siyasət"Möhtəşəm yüzyıl" serialında bir epizod var: Sultan Süleyman Hürrəmlə evlənəndən sonra İbrahimi çağırıb deyir ki, "Hürrəmin başından bir tük əskik olsa səndən görəcəm". Süleyman brilyantını onun düşməninə tapşırır. İbrahim Hürrəmə artıq məğlub olduğunu anlayanda özünün çarəsini belə bulur: Validə sultanın yanına gedib deyir ki, "Sultan Süleyman əl-qolumu bağladı. Bundan sonra Hürrəm sizlikdir. Nə edirsizsə, özünüz edin". Əlbəttə ki, sonrası da olmadı.
Rusiyanın sülhməramlıları məsələsində bu epizodu elə-belə xatırlamadım. Türkiyə Rusiyanın əl-qolunu məhz belə bağladı. Rusiya təbii ki, bölgəyə girmək istəyirdi, amma bu cür yox: məhdud sayda (1960 nəfərlik heyətin sayı özü maraq doğurduğundan kiçik bir ehtimal barədə sonda) və texnika ilə (sülhməramlılar hərbi baza ilə qətiyyən qarışdırılmamalı. Azərbaycanın öhdəliyi var - heç bir ölkənin hərbi bazasının burda yerləşdirilməməsi). Xronologiyanı yadınıza salın, müharibə başlayanda Rusiya sülhməramlıları barədə söz-söhbət çox idi. Lakin o zaman buna razılıq yox idi. Çünki Rusiya döyüş zonasına təkbaşına girəcəkdi, müharibənin nəticəsi bəlli olmayacaqdı, Türkiyə danışıqlar müstəvisinə oturmayacaqdı. Şuşa alınmalıydı ki, son söz bizim olsun. Hadrut status-kvonu dəyişdiyi kimi, Şuşa da müharibənin nəticəsini həll etdi: Türkiyə danışıqlar masasına oturdu və regiona söz sahibi kimi girdi. İndən belə Qarabağda baş verə biləcək hər hansı hadisə əvvəlkilərdən fərqli olaraq Rusiyanın ayağına rəsmən, açıq mətnlə yazılacaq ki, o da bunun fərqindədir və özünü qorumaq baxımından hər hansı təxribata çətin ki, gedə. Türkiyənin danışıqlar masasında oturmasını Rusiyanın özünə də Türkiyənin nəzarət edəcəyi anlamına gətirirəm. Türkiyə həm də üçüncü qüvvələrin bölgəyə bu və ya başqa formada müdaxiləsinə sipər olması öhdəliyini də Rusiyanın boynuna qoydu, Rusiyanın özünün olmadığı yerlərdə mümkün terror fəaliyyətini önlədi, axı terrorçular dağları çox sevirlər. Necə deyərlər, Rusiyanı Rusiyanın öz "şilləsi ilə vurdu".
Putinin sıxılmış bədən dili, üzündəki pərtlik, sönmüş gözləri, çox az danışması hadisələrin nəticələrinin heç də Rusiyanın istəyinə uyğun olmadığından xəbər verirdi.
Yəqin ki, xatırlayırsız, Rəcəb Tayyib Ərdoğan çıxışında Putinlə danışığı barədə belə demişdi: "İstəyirsənsə burda bitirək. Sən Paşinyanla danış, mən də qardaşım İlhamla. Amma mənim üçün qırmızı xətt var ki, o keçilsə, atamın oğluna (qardaşıma) da bağışlamaram". Bu sözlərin hansı məna verməsi indi məlum olur.
Bir dəfə yazmışdım, Türkiyə Azərbaycana ona görə gəlməyib ki, Rusiyaya təhvil verib gedə. Qafqaz Türkiyənin prioritetidir. Türkiyə ilə Rusiya arasında bağlanacaq saziş və ya müqavilə (hüquqi sənəd!) burda istənilən məsələnin Türkiyənin iştirakı ilə və Azərbaycanın dövlət maraqları çərçivəsində həll olunacağı anlamına gətirir. Azərbaycan oğulları ona görə qan töküb, can qoyub müharibəni udmadılar ki, qələbə Rusiyaya təslim edilsin. İrəlidə hələ bölgədə sülhə nəzarətin mexanizmləri müzakirə olunacaq. Yəni, müzakirə olunası və razılaşdırılası məsələlər var.
Qarabağın statusu yoxdu, erməni hərbi hissələri Qarabağın qalan ərazisindən çıxmalıdır, Ermənistan təslim vaxtına dəqiqliklə əməl etməlidir, ərazi bütövlüyümüz təsbit olunmalıdır, avtomatik olaraq qayıdan Xankəndidə Azərbaycan hökumətinin nəzarəti təmin olunmalıdır, vaxtsa azdır, işlər çoxdur. Odur ki, Rusiya sülhməramlılarının çox tezliklə bölgəyə gəlməsi təbiidir. Naxçıvanla quru koridorun açılması məsələsi də önəmlidir.
Prezident çıxışlarında daima enerji layihələrindən danışır. Buna heç kim fikir vermir. Neft tükənən resursdur, onu erası bitmək üzrədir. İndi qaz erası başlayır. Qaz tükənməyən sərvətdir. Onun gətirəcəyi gəlir neftin gətirdiyi gəlirdən qat-qat yüksəkdir. Xəzər dənizinin dibində zəngin qaz yataqları var, Türkmənistan (Azərbaycanla soyuq olan Türkmənistan nəhayət ki, qaz kəmərlərinin Xəzərin dibi ilə Azərbaycan, Türkiyədən keçib Avropaya çıxmasına razılıq verib. Bunun nə demək olduğunu mütəxəssislər daha yaxşı izah edə bilərlər) qaz yataqlarına görə rekord göstəriciyə malikdir. Azərbaycan və Türkmənistan qazının tərkibi qiymətli komponentlərlə o qədər zəngindir ki, onun uğrunda artıq mübarizəyə start verilir. Buna həmişə mane olmuş Rusiyaya həm də qaz kəmərlərinin təhlükəsizliyinə nəzarət mexanizmində pay ayırmaqla onu mane olan rəqibdən razılaşan müttəfiqə çevirmək mümkünlüyü var. Bir sözlə, regionun yeni dövrü başlayır.
Rusiyanın adı o qədər faciələrdə, naqisliklərdə hallanıb ki, sözün özü adamda nifrət və qəzəb oyadır. Biz azərbaycanlılar çox emosional xalqıq. Siyasət emosiyaya söykənmir, 30-40-50-100 ilə, mərhələlərə hesablanır, vaxtı və şəraiti soyuqqanlılıqla düzgün qiymətləndirməyə.
Mən düşünürəm ki, bizim tarixi qələbəmiz burda bitmir, davam edəcək. Buna görə Azərbaycan əsgərinə və şəhidlərin ruhuna borcluyuq! Onlar göstərdilər ki, Azərbaycanla indən belə onun qalib statusunda və ranqında danışılmalıdır.
P.S. Mən bir xəbərə də diqqət verdim: Türkiyə bölgəyə axırda gəlir. Gəlməyə də bilər. Hər şey son anda dəyişə bilər. Amma əgər gələrsə, bu gəlişi bəzi idman növlərində gümüş medal qazananların qızıl medalçılara qələbə dəhlizini açmalarına bənzəyəcək.
P.P.S. İndi də yuxarıda qeyd etdiyim rus hərbçilərinin nə üçün 1960 sayda olması barədə ehtimallarım: 1960-cı ildə Türkiyədə demokratik seçki yolu ilə hakimiyyətə gəlmiş Menderes hökuməti devrildi. Menderes SSRİ ilə yaxınlığın, münasibətlərin istiləşməsinin tərəfdarı olaraq çıxış edirdi. Onun Moskvaya, ardınca isə Xruşşovun Ankaraya səfəri gözlənilirdi. Lakin bu yaxınlaşma baş tutmadı. Onun baş tutmaması üçün İncirlikdən NATO-nun kəşfiyyat təyyarəsi havaya qalxdı və SSRİ-nin hava məkanını pozdu. Cavab reaksiyası özünü gözlətmədi, təyyarə dərhal vuruldu. Bu hadisə Türkiyə-Rusiya münasibətlərini qurulmadan onilliklərə dəfn etdi. Uzun müddətdən sonra Qarabağ fonunda Rusiyanın həm də nicatının Türkiyədən keçməsi və yaxınlaşmaq meylləri 1960-cı ili xatırlamaqla 1960 rəqəmini simvolizə edə bilər.