Bu gün heç kəs , heç bir güc ölkəmizdə diktat dili ilə danışa bilməz
10 Oktyabr 2020 20:28 SiyasətNəhayət, çox qapılar döyən, sözün əsl mənasında, düşdüyü acınacaqlı durumdan az müddətə də olsa yaxa qurtarmaq üçün çalışan Paşinyan üçün Moskvada Qarabağla bağlı danışıqlar, necə deyərlər, sanki nəfəs genişliyi oldu. Ancaq Paşinyan nə qədər təxribatçı, böhtançı olsa da yaxşı başa düşürdü ki, artıq hər şeyi uduzub. Dağlıq Qarabağa, ətraf rayonlara yiyələnmək ehtirası onu uçurumun lap kənarına gətirmişdir. Bunu görməmək üçün kor olmaq lazımdır və Paşinyan da gözlərini möhkəm-möhkəm bərəldərək hər şeyi görür. Rusiyanın paytaxtında Dağlıq Qrabağdakı vəziyyəti müzakirə etmək üçün Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri - Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında keçirilən görüşdə də bu, özünü bütün çılpaqlığı ilə göstərirdi.
Bu görüşə səbəb isə Rusiya Prezidenti Vladimir Putinin çağırışı səbəb olmuşdu. Görüşdə Qarabağla bağlı durum müzakirə olundu və danışıqlar 11 saata dək dəvam etdi. Əslində. elə vaxtın belə uzun keçməsi prosesin gərgin keçməyindən xəbər verirdi. Prosesdə elə ilk andan bilindi ki, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşürdü.
Heç şübhəsiz, görüş Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilirdi. Uzun illərdir ki, Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.
Görüş prosesi zamanı diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilərdi. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada "yox" deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Məhz bu səbəbdən "atəşkəs" fikri qəbul olundu.
Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur. Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.
Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Status-kvo dəyişdi. Hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir. Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişir.
Yadıma ölkə başçısının Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı dediyi bu sözlər düşdü: "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik".
Bu belədir, cənab Prezident. Öz təbirinizcə desək biz Sizə inanırıq və daim Sizin yanınızdayıq. Dəqiqliklə deyilmiş hər bir fikriniz tərəfimizdən həyata keçirilir və keçiriləcəkdir.
Azərbaycan dövlətinin ardıcıl məqsədyönlü siyasətinin təməlində ölkəmizin, xalqımızın milli maraqları dayanır. Məmləkətimizdə çox güclü və identik bir ənənə formalaşıb- bütün ümummilli məsələlərdə dövlət və xalq həmrəylik göstərir. Cənab Prezident İlham Əliyev, bir qayda olaraq öz fəaliyyətində cəmiyyətdən gələn sosial sifarişləri əsas götürür, taleyüklü məsələlərdə heç vaxt güzəştə getmir. Eyni zamanda, cəmiyyətimizdə dövlət başçısının ölkəmizin mənafeyinin yüksək səviyyədə qorunmasına hesablanan əzimkar siyasətinə hərtərəfli dəstək verir. Belələiklə, bu gün heç kəs, heç bir güc mərkəzi ölkəmizlə diktat dili ilə danışa bilməz. Müstəqil Azərbaycan dünyada özünün milli maraqlarını qətiyyətlə qoruyan ləyaqətli dövlət kimi tanınır.
Elə Moskva görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipiallıq və qətiyyət göstərilməsi deyilənləri bir daha təsdiqləyir.
Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu, birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər.
Danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki Yekun aktının tələbləri əsas götürülməli, Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar.
Türkiyə region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli həlli prosesində öz rolunu oynamalıdır.
Sonda əminliklə demək istəyirəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərini tamamilə və bir dəfəlik tərk edəcəklər.
Əminə YUSİFQIZI,
"Kür" qəzetinin baş redaktoru,
Respublikanın əməkdar jurnalisti