Ermənistanda siyasi repressiya tuğyan edir

İşğalçı dövlət olan Ermənistanda siyasi hakimiyyət dəyişdikcə represiyaların miqyasının genişlənməsi müşahidə olunur. Hər dəfə hakimiyyət dəyişikliyi zamanı iqtidara gələn siyasi qüvvələr özündən əvvəlkilərdən qisas almaqda maraqlı görünürlər. Keçmiş prezident Levon Ter- Petrasyandan tutmuş Köçəryana qədər hakimiyyətdə olan bütün şəxslər ölkəni cəza poliqonuna çeviriblər. Hazırki baş nazir Nikol Paşinyan isə represiya dalğasının kulminasiya nöqtəsinə yüksəlib. Bu gün Ermənistanda "insan ovu" geniş vüsət almaqdadır. Belə ki, ölkədəki siyasi təqiblərin miqyası o qədər genişlənib ki, nəinki mərkəzi icra hakimiyyətini təmsil etmiş keçmiş nazirlər, hətta yerli icra hakimiyyəti orqanı olan bələdiyyə sədrləri, universitet professorları, hakimlər və hətta məktəb direktorları da bu "ovdan" sığortalanmayıblar. Hakimiyyəti qanunuz yolla zəpt etmiş Paşinyan iqtidarı indinin özündə də demokratiya, söz azadlığı pərdəsi altında təmizləmə işləri aparmaqda davam edir. Nəinki əvvəlki hakimiyyət nümayəndələri ilə əlaqədə olan adamlar, hətta onların qohum-əqrəbaları təzyiqlərə məruz qalır. Bununla da ölkədəki repressiyaların açıq siyasi xarakter daşıması aydın şəkildə sezilməkdədir. İnsan hüquqları müdafiə təşkilatlarının rəsmi açıqlamasına görə, bu ölkədə artıq total şəkil almaqda olan repressiyaların miqyası ilə yanaşı, Ermənistanı tərk edənlərin sayı da artır. Bu artım həm də ölkədəki özbaşınalıqlardan qaçanların hesabına reallaşır. Erməni mənbələrinin məlumatına görə, Ermənistanda cinayət təqibi adı altında tüğyan edən siyasi repressiyalardan qaçanların böyük əksəriyyəti keçmiş hakim partiya nümayəndələridir. Siyasi idarəetmə səriştəsi sıfır olan Paşinyan hakimiyyətini qoruyub saxlamaq və rəqiblərini sıradan çıxarmaqdan ötrü bütün vasitələr əl atır. Məhz bu siyasətin nəticəsidir ki, Ermənistanda hakimiyyəti opponentlərinə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyanı gücləndirməkdə davam edir. "Danışanın dilini kəsmək" siyasəti yürüdən Paşinyan nəinki hakimiyyəti tənqid edənləri, eləcə də onunla həmfikir olmayanları hədəfə alır. Məsələn, bu günlərdə Ermənistan MTX-nın silah şöbəsinin rəisi Artak Torosyan saxlanılaraq, ondan sabiq MTX rəisi və müxalif "Hayrenik" partiyasının sədri Artur Vanetsyana qarşı yalan şahidlik etməsi tələb edilib. "Hraparak" qəzeti yazır ki, A.Vanetsyan qanunsuz silah saxlamaqda ittiham olunsa da, məsələnin absurd olması ordan irəli gəlir ki, həmin silah MTX anbarında tapılıb. MTX-nın sabiq rəisi Artur Vanetsyan bildirib ki, bu, son 8 ay ərzində fəal siyasi fəaliyyətini dayandırmaq üçün hakimiyyət ona qarşı cinayət təqibini hər vasitə ilə həyata keçirir. Ermənistanda siyasi represiyanın mövcudluğunu yerli hüquq müdafiəçiləri də etiraf edirlər. Konkret bu hadisə ilə bağlı hüquq müdafiəçisi Arsen Babayan yazıb ki, A.Vanetsyana qarşı siyasi təqib həyata keçirilir. N.Paşinyanın əl altındakı hüquq-mühafizə sistemi uzun müddətdir sübut edir ki, onun əsas funksiyası müxalif siyasi qüvvələrin nümayəndələrini sifariş əsasında təqib etməkdir. Paşinyan tərəfindən həyata keçirilən təzyiq metodları təkcə siyasi xadimlərə qarşı deyil, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalları da əhatə etməkdədir.  Hakimiyyəti dəstəkləməyən sadə vətəndaşlar isə şərlənərək barələrində cinayət işi açılır. Ölkədə sərbəst toplaşmaq azadlığı tamamilə məhdudlaşdırıldığından insanlar onlayn aksiyaya üstünlük verirlər. Konkret olaraq ictimai fəallarından biri Ermənistanda tez-tez aksiyalar təşkil edən Manuel Manukyanın təşəbbüsü ilə bir illik kredit fasiləsini tələb edən onlayn aksiya başladılıb. İctimai fəal Manuel Manukyan yazır ki, Ermənistanda demokratiya, azadlıq, söz azadlığı, sərbəst toplaşma azadlığı, insanların şikayət etmək hüququ yoxdur.

Hazırda Ermənistanda təkcə koronavirus pandemiyasının yaratdığı böhran deyil, həm də siyasi böhran tüğyan etməkdədir. Ölkədə silsilə siyasi represiyalar həyata keçirən Paşinyanın əsas məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Məqsədinə nail olmaqdan ötrü Paşinyan güc strukturlarının rəhbərlərinə ən müxtəlif yollarla təqyiqlər edir, əlehinə danışan müxalifət deputatların mantaddan məhrum olunmasını təmin edir. Mövcud siyasi kursa etiraz edən aksiyaçılar  polis tərəfindən həbsə atılır,  fərqli fikir söyləyən siyasi xadimlər təqib edilir. Məlumata görə, müxalifət deputatlarından ibarət fraksiya Paşinyanın həyata keçirdiyi siyasi represiyalar barədə Avropa Məhkəməsinəı müraciət edib. Çox təssüf ki, insanların ifadə azadlığı, azad toplaşmaq hüququqnun məhdudlaşdırılması, üstəlik də hüquq-mühafizə orqanları tərəfindən zorakılığın tətbiq olunmasına beynəlxalq hüquq müdafiə təşkilatları heç bir reaksiya vermirlər. Halbuki işğlaçı ölkədə Qərbin üstünlük verdiyi bütün dəyərlər ayaq altına salınıb. Sadalanan faktlar deməyə əsas verir ki, yaranmış vəziyyət keç şübhəsiz ki, Ermənistanda daxili siyasi vəziyyətin daha da gərginləşməsinə təkan vermiş olacaq. Artıq qətiyyətlə demək olar ki, Ermənistanda siyasi zorakılıqlar, repressiya Paşinyanın yalançı "demokrat" imicini darmadağın edib.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31